Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:00

Ombudsman Aparatı: “İnşallah vaxtımız olanda Leyla Yunusa baş çəkəcəyik”


Leyla Yunus
Leyla Yunus

-
OMBUDSMAN APARATI HÜQUQ MÜDAFİƏÇİSİNİN KAMERA YOLDAŞININ DƏYİŞDİRİLMƏSİNİ İSTƏYİB

“Hal-hazırda biz rayonlarda ezamiyyətdəyik, monitorinqlərdəyik. İnşallah vaxtımız olanda Leyla Yunusa baş çəkib maraqlanacağıq”. Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov belə deyib. AzadlıqRadiosu Aparat rəsmisindən həbsdəki hüquq müdafiəçisi Leyla Yunusun istintaq təcridxanasında fiziki təzyiqlərə məruz qalması haqda vəkillərin iddialarının araşdırılıb-araşdırılmadığını soruşub. Vüqar Məhərrəmovun sözlərinə görə, Ombudsman Aparatı hələlik bu məsələni araşdırmayıb.

Vüqar Məhərrəmov bunu belə izah edib: “Biz Leyla xanımla sentyabrın 18-də görüşmüşük. Bu dediklərinizi daha sonra mətbuatdan eşitdik. Bununla bağlı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxladıq. Səhv etmiriksə bunun araşdırılması üçün onlar özləri prokurorluğa müraciət ediblər. Yəni Penitensiar Xidmət özü bu məsələnin araşdırılmasında, həqiqətin üzə çıxmasında maraqlıdır. Adıçəkilən şəxslə - ədliyyə mayoru Fəqan Yaqubovla da danışmışıq. O da deyilənləri qəti şəkildə inkar edir, deyir ki, dəhlizdəki kamerada görüntülər var, hər hansı kobudluq olsaydı, kameraya düşərdi”.

Bəs Ombudsman Aparatının rəsmiləri Leyla Yunusla görüşüblərmi, ona işgəncə verilib-verilmədiyini özü ilə araşdırıblarmı? AzadlıqRadiosunun bu sualını Aparat rəsmisi belə cavablandırıb: “Biz Leyla xanımla sentyabrın 18-də görüşmüşük. Ondan sonra görüşməmişik. Hal-hazırda biz rayonlarda ezamiyyətdəyik, monitorinqlərdəyik. İnşallah vaxtımız olanda Leyla Yunusa baş çəkib maraqlanacağıq”.

Sentyabrın 25-də Leyla Yunusun vəkili Elçin Qəmbərov AzadlıqRadiosuna bildirmişdi ki, təcridxananın əməkdaşı Fəqan Yaqubov onun başına iki dəfə qüvvətli zərbə endirib, başında şiddətli ağrılar var və onda gematoma əmələ gəlməsi, hətta görmə qabiliyyətini itirməsi ehtimal edilir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti sentyabrın 25-də yaydığı açıqlamada bu bəyanatın əsassız olduğunu bildirib.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dövlətə xəyanətdə və Cinayət Məcəlləsinin daha 5 maddəsi ilə ittiham olunur. O ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir.

“NURİYYƏ HÜSEYNOVANIN KAMERASI DƏYİŞDİRİLSİN”

Vüqar Məhərrəmov deyir ki, son görüşdən sonra Ombudsman Aparatı Ədliyyə Nazirliyinə müraciət edərək həbsdəki hüquq müdafiəçisinin kamera yoldaşı Nuriyyə Hüseynovanın yerinin dəyişdirilməsini istəyib: “Xahiş etmişdik bu məsələyə baxılsın”.

Leyla Yunusun vəkilləri dəfələrlə adıçəkilən şəxsin ona hücum etdiyini bildiriblər. Belə bəyanatlardan sonra Nuriyyə Hüseynova vəkillərdən birini Əlayıf Həsənovu məhkəməyə verib.

XS
SM
MD
LG