Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:24

Bakı aeroportunda yoxlamaların səbəbi nədir?


Hava limanı
Hava limanı

-

BAKI AEROPORTUNDA YOXLAMA BİABIRÇILIĞI

“Yeni Müsavat” yazır ki, son günlər Heydər Əliyev adına Hava Limanında ilginc “təhlükəsizlik” tədbirləri görülür. Bakıya gələn hər kəs bir neçə mərhələli yoxlama prosesindən keçirilir. Gömrükçülər yerli-xarici turist arasında fərq qoymadan ölkəyə girən hər kəsi təpədən-dırnağa, kəmərlərinin, ayaqqabılarının içinə qədər yoxlayır. Təyyarədən düşən, evinə gedən sərnişin üçün bu cür həssas yoxlama məntiqli görünmür. Sərnişinin təyyarəyə minmədən öncə bütün yoxlama prosedurlarından keçdiyini nəzərə alanda ikiqat-üçqat, təkrar yoxlamanın hansı səbəbdən yarandığı sual doğurur. AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, təhlükəsizlik nöqteyi-nəzərdən yoxlamalar qaçılmazdır. Onun sözlərinə görə, İraqda, Türkiyənin cənub hissəsində olan hadisələr, onun Azərbaycanla bağlılığı kimi detallar təhlükəsizliyi gücləndirməyi vacib edir:

“Həmin yoxlamaları bu cür əsaslandırmaq olar. Amma bunlar etik nöqteyi-nəzərdən mədəni davranışla aparılmalıdır. Təkrar-təkrar yoxlamalar olmamalıdır. Bu prosedur elə peşəkar adamlar tərəfindən aparılmalıdır ki, problem çıxmasın. Bu, siyasi cəhətdən mənfi vəziyyət yaradır”.

“MİLYONLUQ QALMAQAL”IN DETALLARI

“Azadlıq” qəzeti “milyonluq qalmaqal”la bağlı yeni təfərrüatlar aldığın yazır. Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqaldan gedir. Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. Qəzet istintaq materiallarına əsasən yazır ki, Ramazan Səlimov Həsən Əliyevə qədər bir neçə məmurla işə düzəlmək barədə söhbətlər aparıb. Ramazan Səlimov istintaqa ifadəsində bildirir ki, həmin şəxslərlə onu Elman Məmmədov tanış edib. İstintaq materialında daha sonra Qəzənfər Novruzovun adı çəkilir.

Arxiv foto
Arxiv foto

“Hələ bir il əvvəl Qəzənfər Novruzov medianın “ulduzuna” çevrilmişdi. Həmin vaxt o, Binəqədi rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsində çalışırdı. Qəzənfər Novruzov Naxçıvan MR daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Qəzənfər Novruzovun YAP-çı deputat Siyavuş Novruzovla da qohumluq əlaqələrinin olduğu bildirilir. Onun digər qardaşları - Məhərrəm NovruzovVaqif Novruzov da məmurdur. Məhərrəm Novruzov Abşeronunun sosial müdafiə fondunun rəhbəri, Vaqif Novruzov isə Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Onların işdən çıxarılmaları barədə bir məlumat yoxdur.

Qəzənfər Novruzova gəlincə, bir il əvvəl mediada belə məlumat yayıldı ki, o, ölkədən qaçıb. Məlumatlarda iddia olunurdu ki, o, hakimiyyətə külli miqdarda pul “atıb”. Daha sonra isə məlumat yayıldı ki, Qəzənfər Novruzov tutduğu vəzifədən azad edilib. Məlumatda bildirilirdi ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov sakinlərlə görüşündə birinci müavininin işdən çıxarılmasından danışarkən deyib ki, o, işində ciddi nöqsanlara yol verib”.

KİYEVDƏ AZƏRBAYCANLILAR AKSİYA KEÇİRDİ

AzərTAc: Ukrayna paytaxtının mərkəzi küçəsi olan Kreşşatikdə və İstiqlaliyyət meydanında gənclərin iştirakı ilə “Ukrayna sülh uğrunda” adlı kütləvi tədbir keçirilib. Tədbir həmvətənlərimiz Nicat MirzəyevŞəmsi Məhərrəmovun rəhbərlik etdikləri “Gənclər dünyası” təşkilatının və Kiyevdəki 1 nömrəli Qafqaz xalq rəqsləri məktəbinin təşəbbüsü ilə təşkil olunub.

Sülh yürüşündən sonra müxtəlif musiqi kollektivlərinin, o cümlədən “Qafqaz” ansamblının iştirakı ilə konsert olub. İstedadlı həmvətənlərimiz Kiyev sakinlərini və Ukrayna paytaxtının qonaqlarını Qafqaz xalqlarının rəqsləri, eləcə də “Yallı”, “Naz eləmə”, “Nəlbəki” və digər Azərbaycan xalq rəqsləri ilə tanış ediblər.

HACILAR VƏTƏNƏ QAYIDIR

ANS TV-nin məlumatına görə, azərbaycanlı zəvvarlar Həcc ziyarətində bütün vacib əməlləri başa vuraraq vətənə dönməyə hazırlaşırlar. Həcc ziyarətinin 13 vacib əməlini Ərəfat və Müzdəlifə çölündə, daha sonra Mina dağında şeytana daş atmaqla və qurban kəsməklə yerinə yetirən zəvvarlar nəhayət ötən gün axşam saatlarında Məkkəyə geri döndülər.

Məkkə, Kəbə
Məkkə, Kəbə

“Zəvvarlarımız hazırda otellərdədir və onlar bir neçə günlük səbr və əziyyət tələb edən mərhələni keçdikdən sonra istirahət mərhələsində yəni istirahət dövründədilər. Sabah axşamdan (8 oktyabr-red.) etibarən isə zəvvarlarımız Mədinəyə doğru yola düşəcəklər. 4 gün ərzində növbəli şəkildə Mədinəyə yola düşəcək zəvvarların 15 oktyabr tarixinədək Bakıya dönüşü nəzərdə tutulub. Hələliksə, onlar istirahətdən yararlanmağa çalışırlar. Kimisi Məkkədə doğmaları üçün hədiyyə alış-verişi edir, kimisi də bir neçə gündür əlaqə saxlaya bilmədiyi ailəsilə danışır və öz hisslərini onlarla bölüşürlər”.

XS
SM
MD
LG