Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:28

Azərbaycanın «qara günləri»


Veronika Szente Goldston
Veronika Szente Goldston

-

“Azərbaycanın beynəlxalq tərəfdaşlarının qırmızı xətti çəkməyinin vaxtıdır,” bunu Human Rights Watch hüquq-müdafiə təşkilatından Veronika Szente Goldston yazır.

NAZİR UKRAYNADAN DANIŞDI...

Müəllif xatırladır ki, Azərbaycanın xarici işlər naziri Avropa Şurasında oktyabrın 2-də etdiyi çıxışında 2014-cü ilin yayını “xüsusilə ağır günlər” adlandırıb.

“Bu təsvir Azərbaycanda insan haqlarının durumunu bundan yaxşı göstərə bilməzdi,” Goldston yazır.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Nazir Elmar Məmmədyarov Nazirlər Komitəsinin sədri kimi çıxışında bu güclü terminologiyadan istifadə edib. O, Ukrayna böhranından danışırdı, ancaq zalda nazirdən başqa hamı bu böhranın Azərbaycana qorxunc bağlılığını təsəvvürə gətirirdi, əksini fikirləşmək çətindir. Son aylar ərzində hökumət tənqidçilərə qarşı tam miqyaslı hücuma keçib”.

Müəllif mayda Avropa Şurasına sədrlik başlanandan bəri Azərbaycanda hakimiyyətin azı 11 fəalı həbsə atdığını, azı 9-nun siyasi motivlərlə məhkum olunduğunu yazır.

QISNAMA VƏ İNTİQAM

“Yayın ortasında aparılan bu sarsıdıcı həbslərdən öncə onlarla siyasi fəal, hüquq müdafiəçisi, jurnalist, bloqqer, sosial media fəalı saxlanmışdı. Hakimiyyət onları oxşar qondarma ittihamlarla həbsə edib”.

Məqalədə daha sonra QHT-lərə qarşı məhdudlaşdırıcı qanunlardan, təşkilatların dondurulan bank hesablarından, rəhbərlərinin qanunsuz həbsindən bəhs olunur. Müəllif yazır ki, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs olunmasa da, hakimiyyət hər səfərində onu saatlarla saxlayır və bu da açıq-aşkar qısnama və intiqam almaqdır.

“STRATEJİ MODERNLƏŞDİRMƏ TƏRƏFDAŞLIĞI”

“Azərbaycanın beynəlxalq tərəfdaşlarının qırmız xətti çəkməyinin vaxtdır. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası səsini çıxarıb, Bakını hazırkı təzyiqlərə son verməyə, qanunsuz həbs olunanları buraxmağa çağırıb. İndi isə Avropa Birliyi və Avropa Şurası liderləri bu çağırışlara qoşulmalı, onlara əməl olunması üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər. Bu alətlərdən biri Azərbaycanın AB ilə həyata keçirdiyi “Strateji Modernləşdirmə Tərəfdaşlığı”dır. AB liderləri bu danışıqları dondurmalı və aydın şəkildə bildirməlidir ki, siyasi motivlərlə həbs olunanlar buraxılana və müstəqil qruplara təzyiqlər başa çatanadək münasibətlərin irəliləməsi mümkün deyil”.

“Azından Xədicə və həmkarları onlara güvənə bilməlidirlər. Onların qeyri-adi cəsarəti, hökumətlərinin sadəcə Avropa Şurası standartlarına əməl etməsi üçün ödədikləri bədəl ancaq buna layiqdir”.

Hakimiyyət təmsilçiləri Azərbaycanda siyasi motivli həbslərlə bağlı tənqidləri qəbul etmir, həbslərin konkret cinayətlərə görə aparıldığını və həmin şəxslərin qanunvericiliyə uyğun mühakimə olunduğunu vurğulayır.

XS
SM
MD
LG