Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:53

Kobani niyə diqqət hədəfindədir?


Kobanidə İŞİD-ə qarşı hava zərbələri, 7 oktyabr 2014
Kobanidə İŞİD-ə qarşı hava zərbələri, 7 oktyabr 2014

-

Türkiyənin lap sərhədində, ərəblərin Ayn-əl-Arab («Ərəb gözü»), kürdlərinsə Kobani adlandırdığı Suriya şəhəri 23 gündür ki, İŞİD silahlılarının mühasirəsindədir. Əslində, mühasirə sözü çox da dəqiq deyil, çünki artıq şəhərin mərkəzi məhəllələrində döyüşlər gedir. Həlak olanların sayı yüzlərcədir. ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri havadan hücumlarını artırıb. Kürdlərin özünümüdafiə dəstələri – PYD və YPG Türkiyədən kömək umur. İstər-istəməz, suallar doğur: əvvəllər türk qoşunlarını bu torpağa buraxmayacaqlarını dəfələrlə bəyan edən, PKK ilə birbaşa bağlantısı olan YPG nədən məhz indi ümidini Türkiyəyə bağlayır? İŞİD-in Kobani inadı nədən qaynaqlanır? Kürdlər bu şəhəri niyə vazkeçilməz sayırlar? İşlər bu nöqtəyə necə çatıb? Türkiyənin nüfuzlu media orqanlarından «Habertürk»ün əməkdaşı Ecevit Kılıç həmin suallara cavab axtarıb və bu cavabları «9 sualda Kobani» yazısında dilə gətirib. AzadlıqRadiosu bu yazının əsas məqamlarını diqqətinizə yetirir.

1) İŞİD niyə Kobanini istəyir və buraya niyə hücum çəkir?

Üç səbəb göstərmək olar. Birinci səbəb: Kobaninin yerləşdiyi ərazi İŞİD-in ələ keçirdiyi torpaqların arasındadır. Bura ələ keçirilərsə, İŞİD nəzarət altında saxladığı torpaqları bütünləşdirəcək və manevr imkanlarını genişləndirəcək.

İkincisi, Kobani Murşitpınar Sərhəd Qapısına da nəzarətə yol açır. Üçüncüsü, Kobani kürdlərdən ötrü, özəlliklə PYD və PKK üçün ideoloji baxımdan vazkeçilməz sayılır.

2) Kobani kürdlər üçün niyə vazkeçilməzdir?

Məsələ orasındadır ki, Kobani Assad rejimindən qurtulan ilk şəhərdir və elə bu baxımdan Suriya kürdlərinə danılmaz qazanclar gətirib. Buranın itirilməsi bu qazanclara böyük zərbə olacaq. Ən önəmlisi də odur ki, Kobani Suriya kürdlərinin hakimiyyət qurduğu 3 ərazinin ortasında – Afrinlə Cəzirə arasında yerləşir, elə bu üzdən kürd bölgəsinin qəlbi sayılır. Bura İŞİD-in əlinə keçərsə, kürd əraziləri bir-birindən qopacaq.

3) Kobani neçə gündür mühasirədədir?

Kobaninin ən yüksək nöqtəsində İŞİD bayrağı dalğalanır - 6 oktyabr 2014
Kobaninin ən yüksək nöqtəsində İŞİD bayrağı dalğalanır - 6 oktyabr 2014

İlk hücumlar iyulun 2-də başlanıb. Ələ keçirilən kəndlər daha sonra geri qaytarılsa da, İŞİD sentyabrın 16-da Kobani şəhərini eyni zamanda cənub, qərb və şərq tərəfdən mühasirəyə alıb. Daha çox cənub və şərq səmtlərindən hücumlar edilir. Son iki gündə (oktyabrın 6-7-də) Qərbin hava hücumları çoxalıb və kəsərini artırıb.

4) PYD Türkiyədən nə istəyir?

Qurban Bayramının ilk günü – oktyabrın 4-də Türkiyəyə baş çəkən PYD lideri Salih Muslim 2 istəyini dilə gətirib. O, Afrin ve Cəzirə ərazilərindəki YPG-lilərin Kobaniyə keçməsinə icazə verilməsini, bundan ötrü keçid dəhlizi açılmasını, Şimali İraqdan gələcək silah yardımına da əngəl törədilməməsini istəyib.

5) Türkiyə nə deyir?

Baş nazir Ahmet Davutoğlu «İŞİD-in Kobanini ələ keçirməsini istəmirik» deyib. Rəsmi Ankara insani yardımı sonunadək sürdürəcəyini söyləyir. PYD lideri Salih Muslim-in ziyarəti zamanı Türkiyə 3 tələbini səsləndirib: Kobaninin idarə olunması biçiminə dair qərarı bütün suriyalılar birgə qəbul etməlidir, Assad rejimi ilə işbirliyi olmamalıdır və güvənli bölgəyə yox deyilməməlidir.

6) Türkiyə silah yardımı göstərirmi?

Bu, çox da mümkün görünmür. Olayların necə şəkilləndiyinə baxanda, Türkiyənin PYD-yə birbaşa silah yardımı mövzusunun Salih Muslim-lə görüşdə gündəmə gəlmədiyi anlaşılır. Səbəb aydındır: PYD-yə verilən silahlar PKK-nın əlinə keçə bilər.

Türkiyə-Suriya sərhədində türk tankları – 29 sentyabr 2014
Türkiyə-Suriya sərhədində türk tankları – 29 sentyabr 2014

7) Tərəflərin Kobanidə nə qədər gücü var?

İŞİD-in Kobaniyə hücum edən yaraqlılarının, azı, 2 min nəfər olduğu təxmin edilir. Düzdür, zaman-zaman, əlavə qüvvələrin gətirilməsi də gözardı edilə bilməz. Kobanini qoruyan YPG-li sayı bundan azdır, amma onların sıralarında mülki vətəndaşlar da var. Başqa sözlə, şəhəri əlinə silah alan mülki əhaliylə birgə yenə 3 min civarında adam müdafiə edir.

8) Kimin əlində hansı silahlar var?

Burada güc nisbəti açıq şəkildə pozulur. İŞİD-in ən böyük üstünlüyü İraqda ələ keçirdiyi müasir və ağır silahlardır. İŞİD-çilər günlərdir sürən ağır döyüşlərdə özəlliklə tank və artilleriyadan yararlanırlar. YPG-lilərin nisbətən yüngül silah-sursatı var.

9) Koalisiya qüvvələrinin dəstəyi yetərlidirmi?

Öncə gözləmək olardı ki, ABŞ eynən İŞİD Ərbil qapısına dayandığı zamandakı kimi davranacaq, ancaq bu gümanlar doğrulmadı. Amerika liderliyindəki koalisiya qüvvələri dərhal hərəkətə keçmədilər. Daha sonra başlanan hava əməliyyatlarında isə bəlli fasilələrlə İŞİD mövqeləri vuruldu. Hava hücumlarının İŞİD-i dayandırmaqda effektli olmadığı üzə çıxdı. Yalnız son bombardmanlar sıx və təsirli olub. Sonra nə olacağı hələ suallı qalır.

XS
SM
MD
LG