Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:19

Mirvari Qəhrəmanlı: «Dəyişikliklərdən daha çox itirən sadə vətəndaşlardır»


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

-

Gözlə

No media source currently available

0:00 0:05:04 0:00
Direct-ə keçid

İndən belə xarici donorlar Azərbaycanda qeydiyyatdan keçməsələr, yerli QHT-lərə qrant verə bilməzlər. Oktyabrın 17-də Milli Məclisin «Qrant haqqında» qanuna əlavə və dəyişiklərindən bu nəticə çıxır. Parlament «QHT-lər və ictimai birliklər haqqında» qanuna da dəyişiklik edib. QHT-lər hər hansı qrant, ianə və ya vəsait barədə müvafiq icra hakimiyyətini məlumatlandırmalıdır. Yalnız vəsaiti verən, vəsaiti alan və vəsaitin nə üçün ayrıldığı barədə məlumatlar yoxlanıldıqdan sonra, razılıq əldə olunarsa, qrant layihəsi qeydiyyatdan keçə bilər.

Razılıq və qeydiyyatsız layihələri icra edən QHT-lər cinayət məsuliyyətinə cəlb olunacaq.

Azərbaycandakı QHT-lərdən biri – Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı dəyişiklərlə bağlı AzadlıqRadiosunun suallarını cavablayıb.

– Hər iki qanuna dəyişiklikləri necə qiymətləndirirsiniz?

– Son dəyişikliklər bütövlükdə vətəndaş cəmiyyətinin məhvinə yönəlib. Biz adıçəkilən qanun layihələrinin ictimai müzakirələrinə də qatılmışdıq. Orada, əksər QHT təmsilçiləri kimi, mən də bildirdim ki, qanunlara dəyişikliklər, əvvəla, ölkəyə gələn donorların sayını azaldacaq, digər yandan, ölkənin bütövlükdə vətəndaş cəmiyyətini sıradan çıxaracaq. Bizə cavab verildi ki, xarici donorların ölkəyə gəlişi azalarsa, yerli donorlar vəsait ayıra bilər. Sual doğur: QHT-lərə Dövlət Dəstəyi Şurası 3 min QHT-yə necə yardım göstərə bilər? Başqa bir təklifdə deyilirdi ki, nazirlik, komitə və digər qurumların da qrant verməsi üçün büdcədən əlavə vəsait ayrılsın. Bir halı unutmaq olmaz ki, neftin qiyməti düşür. Bu, bir çox sahəyə olduğu kimi, QHT-lərə ayrılan vəsaitə də təsirsiz ötüşməyəcək. Hər iki qanuna dəyişikliklər QHT-lərin müstəqil fəaliyyətini, ölkəyə gələn sərmayəni məhdudlaşdırır.

– Milli Məclisdə qanuna dəyişikliklərin müzakirəsində prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından hər təşkilata, özəlliklə ölkədəki durumu tənqidə tutan təşkilatlara qrant verilməyəcəyi barədə fikirlər səsləndi. Siz necə düşünürsünüz, Dövlət Şurasından qrant ala biləcəksiniz?

– Düzü, indiyədək onlara müraciət etməmişəm və qrant alıb-almayacağımızı deyə bilmərəm. Amma burada başqa bir məsələ var. QHT-lərə Dövlət Dəstəyi Şurası çox az vəsait ayırır. Üstəlik, yalnız birillik layihələri maliyyələşdirir. Bizim, azı, 2 il çəkən məhkəmə işlərimiz var. Az maliyyə ilə reallaşdırılan layihələr yalnız ad xatirinə olur. Gerçəkdən keyfiyyətli işləmək üçün yaxşı işçi və mütəxəssislər gərəkir.

- Son dəyişikliklərin hansı təsirləri olacaq?

- Vətəndaş cəmiyyəti daha da zəifləyəcək. Xarici donorlardan ölkəyə gələn maliyyə vəsaiti azalacaq. Bununla da layihələrdə çalışanlar işsiz qalacaq. Ölkədə alternativ, tənqidi fikir olmayacaq. Tənqidsiz yerdə isə inkişafdan söz gedə bilməz. Xarici donorlar qrant elanlarını Cənubi Qafqaz və ya Mərkəzi Asiya üzrə ayırır. Deməli, həmin ölkələrin vətəndaş cəmiyyətləri öz layihələrini icra edəcək, bizsə kənarda qalacağıq.

– Özəlliklə «Qrant haqqında» qanuna dəyişikliklər birmənalı qarşılanmır. Xüsusən donor təşkilatlarının Azərbaycanda qeydiyyatını məcburiləşdirən əlavə. Sizcə, buna nə ehtiyac vardı?

– Bilmirəm bu zərurət haradan doğub, amma bir məsələ gün kimi aydındır: «Qrant haqqında» qanuna əlavə xarici donorların Azərbaycana vəsait ayırmasını əngəlləyəcək. Avropa Birliyinə, ya bir başqa beynəlxalq donor qurumuna necə deyəcəyik ki, Azərbaycana qrant vermək istəyirsənsə, Ədliyyə Nazirliyindən qeydiyyatdan keç? Bunun nə bir mexanizmi var, nə də anlamı.

– Son dəyişikliklər konkret sizin təşkilata necə təsir edəcək?

Bu ilin iyununda «QHT-lər haqqında» qanuna dəyişikliklərdən sonra Almaniya Xarici İşlər Nazirliyinin tabeliyində olan «Dünyaya çörək» təşkilatından maliyyələşdirilən üçillik layihəmizi 4 aydır qeydiyyatdan keçirə bilmirik. Beləcə, layihə havada qalıb. Demək, son dəyişikliklərin ardından fəaliyyətimiz tam məhdudlaşacaq.

– Azərbaycanın sadə vətəndaşları bu dəyişiklərin təsirini nədə hiss edəcək?

– Təşkilatımız 4 yöndə fəaliyyət göstərir. Biz təkcə neft sahəsində deyil, bütövlükdə hasilat sahəsində çalışanlara pulsuz hüquq yardımı göstərir, məhkəmədə onların müdafiəsini təşkil edirik. İndi yalnız işdən çıxarılan hüquqçuların yox, Neft Şirkətinin balansındakı yataqxanadan məcburi çıxarılan sakinlərin də məhkəməsi gedir. Layihələrin dayanması o deməkdir ki, bütün monitorinqlər, bitməyən məhkəmə işləri yarıda qalacaq. Bundansa itirən, öncə bu xidmətlərdən yararlanan sadə vətəndaşlardır.

XS
SM
MD
LG