Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:35

Əməkdaşımız Əzrayıl müəllim...


Nəcəf Talıbov
Nəcəf Talıbov

-

- Hansı əməkdaş? – Baş mələk maraqla soruşdu.

- Əzrail ... müəllim... Əgər məlumat bazanıza baxsanız, görərsiniz ki, omrümün son dövrlərində mənim ancaq... savablarım... olub! Beləcə də davam etmək niyyətində idim... əməkdaşınız qoymadı...

Nəcəf Talıbov

APELLYASIYA

(hekayə)

- Düzlənin!!!

Əllərində zopa tutmuş qanadlı nəzarətçilər səliqə-səhman yaratmağa çalışdılar. Amma alınmadı.

Baş mələk şikayətçilərə nəzər saldı: bu gün bir az çox idilər.

- Neçə nəfər apellyasiya verib?

- Beş milyon altı üz əlli min iki... – Baş nəzarətçi qanadlarını yanına qısdı.

Baş mələk əlini yelləyib onun sözünü yarımçıq kəsdi:

- Bu da mənim bəxtim! İstəyirdim tez qurtarıb aradan çıxım... – Sonra növbəyə duranlara baxıb əlavə etdi: - Qırılmışlar!!! Get elan et ki, JEK müdirlərinin, santexniklərinin və mühasiblərinin şikayətlərinə baxılmayacaq!

- Oldu, rəis!

***

- Allah köməyin olsun...

Baş mələk qaş-qabağını tutşutdu.

Qadın səhvini başa düşüb tez sözünü düzəltməyə çalışdı:

- Allah sənin cavan canına dəyməsin....

Baş mələk qaşlarını çatdı:

- Nə cavan? Mənim beş-altı milyon yaşım var... Bəlkə də milyard...

- Qabağında ölüm, mələk qardaş... Bıy, lap çaşdım... deyəsən artıq bir dəfə ölmüşəm axı...

- Hə.

- Dərdin alım, xəstəm var, mənə bir köməklik elə... - Qadın duruxdu. – Əməlli çaşmışam ey. Nə isə, dərdin alım, mənim yerimi dəyişdir, cəhənnəmin havası mənə düşmür, qadan alım, gör o cənnətin küncündə-bucağında bir balaca yer tapa bilirsənmi mənə... Həm də, yəqin ki, kişim də oradadır, darıxmışam onsuz...

- Yox. Orada deyil. Darıxmısansa, bir azdan görüşərsiniz.

- Bıy... O da cəhənnəmdədir? O vaxt hələ dedim ki, a köpək oğlu, bəsdir! Bu əlləm-qəlləm işlərdən əl çək! Dərdin alım, allah... köməyin olsun, elə haqq edib onu buraya salmısınız! Elə öz dünyamızda da mənimlə yola getmirdi, göz verib, işıq vermirdi, nə yığırdımsa əlimdən alırdı. Yox! Mən onunla bir yerdə yaşaya bilmərəm! Göndərin məni cənnətə!!!

- Xanım, bura turizm bürosu deyil ey!!! Günahlarına görə düşmüsən cəhənnəmə, apellyasiya vermisən, şikayətinə baxırıq də...

- Nə günahım var ki? Ömrü boyu dilənmişəm, heç kəsə pisliyim keçməyib...

- «Dərdin alım, xəstəm var, mənə bir köməklik elə», «Allah sənin cavan canına dəyməsin», «Sən o yanındakı gözəl qızın canı, mənə bir manat ver!»... – Baş mələk qadının ağzını əydi... – Danışa-danışa uşağını xəstə elədin, bu günah deyil?

Üzünü kənara tutub yavaşca əlavə elədi «Yazığı sağaltmaq üçün bir aləm əziyyət çəkdik».

- Sonrasını da deyim? – Mələk stolunun üstündəki planşetə baxdı. – Pulunu oğurladığın qız yadındadır?

- Hansı?

- Çantasına girdiyini deyirəm... Dayan –dayan! - Mələk ekrana daha diqqətlə baxdı. – Sən neçə qızın çantasına girmisən? Vay-vay-vay! Kompüterin yaddaşı dolub ki?!

Qadın yazıq görkəm aldı:

- Neyləyim? Dilənməklə dolanmaq olmurdu axı? Ona görə də aradabir çantalara ... əl gəzdirirdim...

- ... min üç yüz yetmiş bir dəfə?

- Boy, dərdin alım, o qədər olmaz... beş-on dəfə. Uzağı qırx-əlli dəfə...

- Yox! – Baş mələk əli ilə planşetə işarə etdi. – Bu, yalan deməz! Hələ çantalara girəndə tutulub döyüldüklərini də göstərir...

- Olar, ağrın alım! Xam vaxtlarımda bir-iki dəfə olub elə şey... – Qadın köksünü ötürdü. – Başına dönüm, göndər məni cənnətə...

Baş mələk stolun üstündəki düyməni basdı.

Nəzarətçi uça-uça içəri girib qadını apardı. Bayırdan onun səsi gəldi: «Allah sənin ... ömrü boyu cibini boş, üzünü qara eləsin...»

Mələk gülümsündü. «Onsuz da cibim yoxdur. Nə boş olacaq?». Sonra yandakı stolun üstündəki güzgüyə baxdı. Üzünü ağ, qara, qırmızı, sarı, yaşıl rənglərə saldı. Sonra göy rəngə boyadı və tez adi rənginə dəyişdirdi.

***

- Növbədə kimdir, gəlsin!

- Sizin qiymətli vaxtınızı ... hm... aldığım üçün ...hm... hədsiz dərəcə xəcalətliyəm... hm..., hörmətli baş ... hm...mələk qardaş... cənab... müəllim... yoldaş...hm.

Baş mələk başını qaldırdı.

Orta boylu, arıq, əynində ağ kostyum, başında ağ şlyapa, əlində əsa, boğazında «kəpənək» qalstuk olan bir qoca qapının ağzında dayanmışdı.

- Eşidirəm Sizi! HM!!!

- Hm... bilirəm ki, hm...

- «Hm»-sız!

- Baş üstə, hm... günahlarım var, ona görə də, .... ilkin seçimdə... cənnətə .... düşməmişəm...

- .....

- .... Amma günahlarımın ... qarşılığında... hm... üzr istəyirəm... savablarım da var...

- Günahlarınız savablarınızdan çoxdur. – Baş mələk planşetə baxdı və əsnədi.

- O baxır Sizin «Günah» və «Savab» ... hm... hərəkətlərini hansı metodika ilə qiymətləndirmənizə... Mənə elə gəlir ki, bu metodikanın təkmilləşdirilməsinə ciddi ehtiyac var...

- O Sizə elə gəlir...

- Yaxşı... Razıyam... ola bilsin ki, günahlarım savablarımı üstələyib... Amma sizi əmin edim ki... ki... ki... əgər sizin əməkdaş imkan versə idi, savablarım daha çox olardı...

- Hansı əməkdaş? – Baş mələk maraqla soruşdu.

- Əzrail ... müəllim... Əgər məlumat bazanıza baxsanız, görərsiniz ki, omrümün son dövrlərində mənim ancaq... savablarım... olub! Beləcə də davam etmək niyyətində idim... əməkdaşınız qoymadı...

- Aldı canını, hə? – Baş mələk gülümsədi. – Əzrail... müəllim?

Kişi nəzərlərini tavana zillədi, köksünü ötürdü:

- Hə... imkan vermədi balanslaşdırım... günahlarımla savablarımı...

- Başqa sözünüz var?

Kişi dirçəldi. Şlyapasını çıxarıb sinəsinə sıxdı:

- Günahlarımı boynuma almağımı yüngülləşdirici hal kimi qiymətləndirilərək, savab işlərimi axıracan yerinə yetirmək üçün mənə möhlət vermənizi xahiş edirəm!

Baş mələk bir az fikirləşdi, sonra gözləri böyüdü:

- Yəni... Sizi... cəhənnəmdən çıxarıb... əvvəlki dünyanıza qaytarmağımızı... istəyirsiniz?

- Hə!– Kişi yazıq-yazıq dedi.

Baş mələk uğunub getdi. Elə uğuna-uğuna da düyməni başdı.

Kişini apardılar. Sonra gözətçi içəri girib, kişinin yerə düşmüş şlyapasını da götürdü.

***

- Hələ çox şikayətçi var?

- Üç milyon sək...

Baş mələk nəzarətçinin sözünü ağzında qoydu:

- Elan et ki, vergi işçilərinin şikayətlərinə baxılmayacaq...

İki saniyədən sonra nəzarətçi içəri girdi:

- Elan etdim!

- Neçə nəfər qaldı?

- Milyon yarım...

- Yaxşıdır... axşamacan qurtararam... De, növbədəki gəlsin!

- ŞİKAYƏT EDƏCƏYƏM!!! YAZACAĞAM!!! ƏLLİ MİLYON DƏFƏ!!! İNSAFSIZLAR!!! HAQQ-ƏDALƏT TƏLƏB EDƏCƏYƏM!!!

Baş mələk diksindi.

- YAZACAĞAM!!! LAP YUXARILARA!!!

Baş mələk bir monitora baxdı, bir şikayətçiyə, düyməni basdı. Sonra da yavaşca dedi: «-Demaqoqun biri, demaqoq!»

Şikayətçini bağırda-dağırda apardılar. Səs tembrinin dəyişməsindən hiss olundu ki, deyəsən, bir-iki zopa da vurdular.

***

- Çox qalıb?

- Milyona yaxın...

- Polisləri qov!!!

- Onda beş-altı nəfər...

- De, gəlsin!!!

***

- Mən qəti anlaya bilmirəm ki, niyə cəhənnəmə düşmüşəm!!!

Baş mələk gözlərini şikayətçiyə zillədi.

- Qəti sözümdür!!! Belə bir qram da günahım yoxdur!!! Qəti! Qəti! Qəti!

Baş mələk lap mat qalmışdı. Gah monitora baxırdı, gah da şikayətçiyə.

- Mənim yerim cənnətdir, vəssəlam! İkinci bir hal ola bilməz!!!

- Axı... – Mələk nəsə demək istədi.

- Nə «Axı»? «Axı» nədir? Mən də bilirəm necə yaşamışam, sizin də əlinizdəki o kompüter göstərir. Gör orada bir zərrə günahım var mənim?

Mələk bir də monitora baxdı, nitqi qurudu.

- Burada başqa şeylər yazılıb...

- A kişi, sənin o zibilində nə yazılıb, deyə bilmərəm! Amma MƏNİM GÜNAHIM YOXDUR!!!

Baş mələk müəllim özünü tamam itirdi. Gözlərini sildi, monitora yenə baxdı, kompüterə «restart» verdi.

Kişi əsəbi halda otaqda var-gəl edirdi.

Nəzarətçi başını içəri salıb kişiyə, sonra da baş mələyə baxdı, sonra sakitcə qapını örtdü.

- Axı... axı... məlumat bazasında sənin... sizin... törətdiyiniz cinayətlər... bağışlayın... günahlar...

-HANSI CİNAYƏT??? HANSI GÜNAH???

Baş mələk diksindi. Başını qaşıdı.

- Bir və daha çox insanın qanına bais olmaq, minlərlə insanı şikəst etmək, yetimlərin, gücsüzlərin çörəyini, malını əlindən almaq...

Kişi baş mələyin üstünə şığıdı:

- SƏN NƏ SAYIQLAYIRSAN???

İçəri birdəfəyə altmış iki nəzarətci daxil oldu. Hətta şəxsən növbə rəisi özü də!!!

Kişi onlara heç məhəl də qoymadı:

- NƏ ELƏMİŞƏM – DÜZ ELƏMİŞƏM! PUL QAZANMAQ ÜÇÜN ELƏMİŞƏM! PUL! PUL! PUL! PUL! PUL QAZANMAQ GÜNAHDIR?????????????????

Apardılar kişini. Bağırda –bağırda. Növbə rəisi ona nəsə izah etməyə də çalışdı. Həm də mədəni surətdə.

Kişi isə bağırmaqda davam edirdi.

Baş mələk köksünü ötürdü, kişinin dosyesini oxumağa davam etdi:

- Adam aldatma – filan qədər, ailə dağıtma – filan qədər, yalandan üzə durma – filan qədər, şər atma – oooooo, alçaqlıq, vicdansızlıq, zalımlıq, rəzillik...

Dərin fikrə getdi. Bərkdən dedi:

- Cındır köpək oğlu! Az qala məni inandırmışdı ki, pul qazanmaq xatirinə edilən bu murdarçılıqlar günah deyil...

XS
SM
MD
LG