Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Rədd olsun XXI əsr...


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

Mən əsəbiləşirəm, ancaq gözümü qızdan çəkmirəm. Nəhayət, yaylıq yerə düşür. Göydə sümük qapan it kimi yaylığa cumuram...

Ayxan Ayvaz

“Mən ona pis bir şey eləməmişəm axı!”



Təsəvvür eləyin, gözdən-könüldən uzaq bir qəsəbədəyik.

Sayımız az, evlərimiz köhnə.

Qəsəbənin heç nəyi yoxdu: nə interneti, nə əyləncə mərkəzi, nə telefonu.

Biz ötən əsrlərdə olduğu kimi bir-birimizi məktubla tapa bilirik.

Məsələn, Əli Vəlini axtaranda evlərinə gedib belə bir məktub yazır: “Mən qəsəbənin mərkəzindəyəm. Xəbər tutan kimi ora gəl.” Sonra onlar güc-bəlayla bir-birilərini tapırlar. Bir çayxanada oturub dərdləşirlər, söhbətləri heç vaxt ara vermir, sükut yaranmır. Onlar üçün hər şey maraqlı, rəngarəngdir.

Həftə sonları hamımız bir yerdə qəsəbənin yeganə televizoru olan yerə yığışırıq. Bir filmə baxıb dağılışırıq. Başqa vaxtlar konsertlər keçirilir, kəndirbazlar gəlir, sehrbazlar fokus göstərir.

Lütfən, gözünüzün qabağına Yılmaz Erdoğanın “Vizontele” filmini gətirin. Heç nədən anlayışı olmayan, cahil, texnologiyadan bixəbər qəsəbəyə televizor gətirirlər. İnsanlar bu kəşfin nə olduğunu, necə işlədiyini öyrənmək üçün dəridən-qabıqdan çıxırlar.

Qəsəbənin yeganə radio təmirçisi birtəhər əlləşib, çabalayıb televizoru işlətməyi bacarır. Ancaq elə ilk gündən tamaşaçılar ölüm xəbəri ilə qarşılaşırlar. Mənə elə gəlir, texnologiyanın günü-gündən daha da inkişaf etməsi bəzən insanları birləşdirməkdən daha çox, bir-birindən uzaqlaşdırır.
Nə isə, ciddi mövzulara toxunmadan təsvirimizə davam edək.

Hə, deməli, qəsəbədə yaşadığımız günlərin bir günü mən bir qıza vuruluram. Qız da nə qız! Qaşları qələm, gözləri ceyran gözləri! Həmin gün dəstəylə geri qayıdırıq. Qız çevrilib mənə baxır, göz vurur. Yəqin bir azdan yaylığını da arxamca atacaq. Dostlarım mənə baxıb gülüşür, o qızın xəyalında başqa dünyalar olduğunu deyirlər. Mən əsəbiləşirəm, ancaq gözümü qızdan çəkmirəm. Nəhayət, yaylıq yerə düşür. Göydə sümük qapan it kimi yaylığa cumuram. Dostlarım gülüşürlər. Onlar hələ də məni ələ salmağa çalışırlar. Ancaq bu dəfə qələbə mənimdir. Qalib ədası ilə onlara baxıram.

Biz daha sonra tez-tez məktublaşırıq. Pəncərələrin qabağında sabahladığım günlərin sayı-hesabı yoxdur. Bir gün atası münasibətimizdən xəbər tutur. Qızını qabağına qatıb yanıma gəlir.

- Bu qızdan əl çək.

- Mən onu sevirəm.

- Qələt eləyirsən.

- Mən ona pis bir şey eləməmişəm axı.

Qızına tərəf çönür:

- Bir də onunla görüşməyəcəksən.

- Ata, mən onu sevirəm.

Bir də bu gözəl həyatımızın hüznlü tərəfləri də olur: aradan xeyli vaxt keçir, sular durulur, biz ayrılırıq. Ancaq bütün bunlar bir yana, yaşamaq daha maraqlı gəlir adama.

Necə deyir Nazım bir şeirində: “Ben XX asrlıyım ve bununla övünüyorum”.
Görəsən, XXI əsrdə yaşadığımıza görə öyünürükmü? Məsələn, məndən soruşsanız, cavabım hazırdı: “Xeyr, rədd olsun XXI əsr”.

XS
SM
MD
LG