Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:56

Baxılmalı 10 italyan filmi


"Qadın ətri" filmindən kadr
"Qadın ətri" filmindən kadr

-

Həyat özü dramdır, faciədir, büsbütün stresdir də. Mən boş vaxtımda stresdən, dərddən uzaq olmaq, deyib-gülmək, əylənmək istəyirəm. Mənə dram-filan lazım deyil.

Bu düşüncə cəmiyyətin dərin qatında olan ağır problemlərdən bəhs edən filmlərə baxmamaq üçün bəraətdirmi? Kimisə buna görə qınamaq olarmı?

Aşağıdakı italyan filmləri "vaxtı xoş keçirmək üçün" deyil, onlar seriallar kimi "happy end"lə bitmir. Amma düşündürür...

1. Luchino Visconti "Tanrıların qürubu" (ing. "The damned", rus. "Гибель богов")

Faşizmin mahiyyətini açmaq istəyən rejissor nə edər? Ölüm düşərgələrinin dəhşətlərini, insanların yandırıldığı sobaları göstərər, hə? Bu, ən asan yoldur. Visconti-nin bu filmində nə ölüm düşərgəsi var, nə də Hitlerin şizofrenik qəribəlikləri. Rejissor bir metal maqnatı ailəsinin timsalında kino tarixində heç kəsin edə bilmədiyi şəkildə nasistlərin iç üzünü açır. Bu ailə haqda əxlaqsız sözü çox yumşaq səslənir...

2. Bernardo Bertolucci "Parisdə son tanqo"

Nə qədər insan ailə quraraq xoşbəxtlik tapıb? Ailəli adamlar arasında xoşbəxt çoxdu, ya bədbəxt?

Çətin sualdı, elə deyilmi? Bu film dövlətin, ənənələrin var gücüylə insanların beyninə yeritdiyi nikah institutunu sorğulayır. Nə qədər insan həyat yoldaşı ilə əsl həyatını yaşayır, nə qədər insan üçün bu bir şirmadır, əsl həyatını maskalamaq üçün.

Onda gəlin bir eksperiment edək. Qadınla kişi bir-birinə kim olduğunu demir, adını, ünvanını gizlədir. Bu filmin qəhrəmanları da sevgini nikahdan kənar belə tapırlar. Amma cəmiyyət elə qurulub ki, bu sevinc uzun çəkməyəcək, dünən bir-birini sevənlər bu gün bir-birinin qatilinə çevriləcək...

3. Marco Ferreri. "Təbəssüm evi" (rus. «Дом улыбок»)

Bir gün həmin gün gəlir. Mütləq gəlir. Təqaüdə çıxırsan. Övladlar böyüyür, ailə qurur, öz dərd-sərinə başı qarışır və sən özünü tənha hiss edirsən, zəngin olsan belə.

Onda ağlına gəlir ki, bəlkə sənin yaşda insanların yaşadığı ahıllar evinə köçəsən. Köçürsən, hətta səni dəlicəsinə sevən insan da tapırsan.

Amma məlum olur ki, necə ki ahıllar evindən kənarda sənin şəxsi həyatın yoxdur, dostların dünyasını dəyişib, övladlarına yalnız miras qoyacağın evə görə lazımsan, ahıllar evini idarə edənlər üçün də sən canlı-qanlı, şəxsi istəkləri olan bir insan deyilsən. Bəbəsən... Hətta sevə də bilməzsən... Özünü pis aparsan protezini də götürərlər ki, gülə bilməyəsən...

4. Dino Risi. "Qadın ətri"

Müharibə əlilləri. Hökumət onlara yüksək müavinət də versin, imtiyaz da. Bu, gözlərini itirmiş bir əlil üçün nə deməkdir?

O, həmişə narazıdır, dünyaya nifrət edir. Axı bütün hallarda o, "oyundan kənar vəziyyətdə"dir. Hamı kimi sevib-sevilə bilmir, insanların ona yazığı gəlir, amma nə qədər adam onunla dostluq edər?

Amma bəlkə problem həm də kor müharibə qəhrəmanının özündədir. Bəlkə gözlü vaxtlarının xiffətini çəkməkdən, nifrətdən xilas olsa, vaxtilə insanlara baxdığı mərtəbədən ensə, öz vəziyyəti ilə barışsa, onu sevənlərin də az olmadığını "görər"? Bəlkə heç nəyə baxmadan onu sevən qız da var. Və o qız gözəllər gözəlidir, özü də ən yaraşıqlı oğlanlara yaxınlıq verməyən bir gözəllər gözəli...

5. Robert Benigni "Həyat gözəldir"

Bəşəriyyət tarixinin ən dəhşətli cinayəti olan Holokost, yəhudi soyqırımı haqda çəkilən bu film zarafatla doludur. Amma bunlar acı zarafatlardır. Ailəsi ilə birgə ölüm düşərgəsinə aparılan uşağın başını aldatmaq üçün.

O bilmir ki, ölüm düşərgəsində uşaqları, qocaları duş qəbul etmək adıyla qaz kamerasına salırlar. Bütün uşaqlar qətlə yetiriləndən sonra təsadüf nəticəsində sağ qalan balaca qəhrəman inanır ki, hər şey bir oyundur. Dözsə, atasının dediklərini eləsə, ağlamasa, çörək istəməsə, axırda oyunu udub əsas prizi - əsl tankı qazanacaq.

6. Michelangelo Antonioni "Fotoböyütmə" (ing. "Blow-up", rus. "Фотоувеличение")

Seks, narkotiklər, dayanmadan alış-veriş... Müasir cəmiyyətdə insanlar daim harasa tələsirlər. Onlar "qulaqlarının dibində" baş verən dəhşətli cinayətləri ya görmürlər, ya da görmək istəmirlər. Bir fotoqraf çəkdiyi şəkli böyüdəndə inanılmaz bir "kəşf" edir...

7. Roberto Rossellini "Roma - açıq şəhər"

İtaliya həm faşist diktaturasının hakimiyyəti altındadır. Həm də Hitler Almaniyasının köləsidir. Amma bu ikiqat zülm altında da ölümünü gözü önünə alıb nasistlərə qarşı mücadilə verənlər var. Bu insanlar onları ayıran bütün cəhətləri bir kənara qoyub eyni hədəfə vururlar. Hətta keşişlə ateist solçu da müttəfiq olur...

8. Federico Fellini "Yol"

Zampano səyyar sirk artistidir. O, pul verib anadan qızını alır. Həmin qız ölür, o biri bacısını alır. Kimdir Zampano? Arvadbaz? Manyak?

Filmin sonunda o, köməksiz vəziyyətdə özünü yerə vurub hönkür-hönkür ağlayanda biləcəksiniz bunu...

9. Vittorio De Sica "Çoçara" (İki qadın)

Qadın olmaq xoşbəxtlikdi hə? Kişilər davaya gedəndə, çəyirtkə kimi qırılanda, qadınlar arxa cəbhədə başını girləyir?

Necə edəsən ki, həm cəmiyyətdəki əxlaq qaydalarına sadiq qalasan, həm də uşağına çörək tapmaq üçün varlı kişilərin bığının altından keçəsən. Müftə heç nə yoxdur. Burda söhbət nəyinsə altından keçib-keçməməkdən getmir, söhbət keçəndə o əxlaqdan nə qədər kənara çıxacağından gedir...

10. Giuseppe Tornatore «Onların işləri yaxşı gedir»

Şəhərə övladlarını görməyə gedən ata...

Övladların heç biri onun gəlişinə ürəkdən sevinmir. Axı əgər sən ucuz modelsənsə, atana aktrisa olduğunu demisənsə, evin yoxdusa, qucağında kimdən doğduğun bilinməyən körpə varsa, atan yanna gələndə bu yalanları ondan necə gizlədəcəksən? Özü də övladlardan yalnız biri belə olsa, nə vardı ki...

Hazırladı: Rövşən Qəmbərov

XS
SM
MD
LG