Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:11

Sarkisian helikopterlə Qarabağa gəlib


Sarkisian helikopterlə Qarabağa gəlib
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

-

Noyabrın 12-də Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin Mi-24 tipli helikopterini məhv edib. 3 pilot ölüb.

Yazı yenilənib. Ən son xəbərlər mətnin əvvəllindədir.

POLİTOLOQ: «BİZ ÖZ ƏRAZİMİZİ MÜDAFİƏ ETMİŞİK»

Noyabrın 12-də Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin MI-24 tipli helikopterini vurub. Bu olay ətrafında çox suallar dolaşdı - Vurulmalı idimi? Sonra nə baş verə bilər?

Politoloq Fikrət Sadıqov Azadlıq Radiosuna müsahibəsində deyib ki, sərhədi keçən düşmən vurulmalıdır:

«Hərbi zonaya düşmənin hansısa bir hərbi helikopteri daxil olursa, təbii ki, Azərbaycan adekvat addımlar atmalıdır. Yəni, bunu vurmaq, Azərbaycan qoşunlarının müqəddəs borcu idi. Bu müqəddəs borcu bizim hərbçilərimiz yerinə yetirdi».

Fikrət Sadıqov
Fikrət Sadıqov

Helikopterin vurulmasından sonra Azərbaycanı nə gözləyir? Bu barədə danışan politoloq Fikrət Sadıqov bildirir ki, Azərbaycan əsgəri öz ərazisini qoruyub. Onun fikrincə, həmin səbəbdən Azərbaycana qarşı yönələn hər hansı bəyanat əsassız sayılmalıdır:

«Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq olunması tamamilə absurd vəziyyət yaradar. Çünki Azərbaycanın rayonları işğal olunub, BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi var. Biz nə etmişik ki, bizə qarşı sanksiyalar tətbiq olunsun? Biz öz ərazimizi müdafiə edirik və bundan sonra da müdafiə etməliyik».

PREZİDENT QARABAĞDADIR

Noyabrın 12-də Ağdam rayonunda erməni helikopteri vurulandan bir gün sonra Ermənistan prezidenti və müdafiə naziri Dağlıq Qarabağa gəliblər. Rəsmi məlumata görə, məqsəd ordunun hazırlığını yoxlamaqdır. Vurulan helikopter barədə heç nə deyilmir.

HELİKOPTER «İQLA» İLƏ VURULUB

Noyabrın 12-də Mi-24 tipli döyüş helikopteri «İQLA» daşınan zenit raket kompleksi ilə məhv edilib. Bu barədə noyabrın 13-də Müdafiə Nazirliyinin keçirdiyi tədbirdə məlumat verilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkədə akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinin iştirakı ilə tədbir keçirilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı helikopterin vurulması ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər. Bildirilib ki, Azərbaycan işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyub. Bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkənin hava sərhədlərinin pozulması kimi qiymətləndirilir. Ancaq xəbərdarlıqlara baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərə hücum ediblər.

«İQLA» daşınan zenit raket kompleksi
«İQLA» daşınan zenit raket kompleksi

Tədbirdə o da vurğulanıb ki, helikopterin həlak olan ekipajı heç də qondarma Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularıdır.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ATƏT-İN DAİMİ ŞURASINDA MÜZAKİRƏ OLUNUR

Hazırda ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur. Ötən gün Dağlıq Qarabağda vurulmuş helikopter də müzakirə mövzusudur. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick tvitter hesabında yazıb. @AmbJamesWarlick

James Warlick onu da yazıb ki, noyabrın 12-də baş verən insidentdən sonra da prezidentlərin dialoqa sadiq qalacağına, münaqişəyə imkan verməyəcəyinə, atəşkəsə hörmət qoyacağına ümid edir.

«ERMƏNİSTAN TƏRƏFİ İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ UÇUŞLARI DAYANDIRIBLAR»

«Ötən gün Ağdam rayonu ərazisində Ermənistan Ordusuna məxsus hərbi helikopterin vurulmasından sonra cəbhə xəttinin qarşı tərəfində helikopterlərin və digər uçuş aparatlarının uçuşları dayanıb». Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlının sözlərinə görə, hadisədən sonrakı dövrdə və bu gün işğal olunmuş Azərbaycan ərazilərinin üzərində heç bir uçuş qeydə alınmayıb. Nazirliyin sözçüsü Azərbaycanın bütün hava məkanının Hərbi Hava Qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.

«Hava sərhədlərimizi pozanlara zərbə vurmaq üçün Hərbi Hava Qüvvələrimiz ən müasir vasitələrə malikdir. Beynəlxalq sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal altındakı ərazilər üzərində bütün avia uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi dəyərləndirilir», - deyə polkovnik Dərgahlı vurğulayıb.

V. Dərgahlı ötən gün və gecə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozuntularının sayında müəyyən artım müşahidə olunduğunu, lakin hansısa kəskin səviyyədə olmadığını bildirib:

Jen Psaki
Jen Psaki

«Bəzi KİV o istiqamətdə ağır döyüşlərin getdiyinə dair məlumat yayıblar. Belə bir hadisə yoxdur. Azərbaycan Ordusu düşmənin bütün təxribat cəhdlərinin qarşısını alacaq».

«MÜNAQİŞƏ HƏRBİ YOLLA HƏLL OLUNA BİLMƏZ»

Vaşinqton Azərbaycanın özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun “özünümüdafiə qüvvələrinə” məxsus hərbi helikopterin vurulmasından narahatlıq bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, bu insident regionda gərginliyin azaldılması və atəşkəsə hörmət qoyulmasının vacibliyini “bir daha yada salır”.

Psaki noyabrın 12-də Vaşinqtonda jurnalistlərə deyib ki, “münaqişə hərbi yolla həll oluna bilməz”.

ATƏT-in Minsk qrupu həmsədrləri bildirib ki, insident onillərdir sürən münaqişənin “davamlı həllinin tapılması üçün cəhdlərin gücləndirilməsinin vacibliyini” göstərir.

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, noyabrın 12-də Azərbaycan əsgərlərinə “atəş açmaq istəyən” helikopter vurulub.

Avropa Birliyi xarici siyasət rəhbəri Federica Mogherini-nin sözlərinə görə, “bütün tərəflər təmkin nümayiş etdirməli və durumu gərginləşdirəcək istənilən hərəkət və bəyanatdan çəkinməlidir”. Mogherini insidentin araşdırılmasına çağırıb.

AZƏRBAYCAN XİN HELİKOPTERLƏ BAĞLI BƏYANAT VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, bu il oktyabrın 27-də Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərə başladıb. Təlimlərdə çoxlu sayda canlı qüvvə və hərbi texnika iştirak edib. Eyni zamanda atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam edib.

Mi-24, erməni helikopteri
Mi-24, erməni helikopteri

Noyabrın 12-də son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistana məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

“Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün davamıdır. Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır”.

XİN bildirir ki, gərginliyin yaranmasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

NOVRUZ MƏMMƏDOV: “40 MİNLİK TƏLİM NƏYƏ LAZIM İDİ?”

“Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirir. Bundan məqsəd nədir?”

“Qafqazinfo” bu sualla Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədova müraciət edib.

Novruz Məmmədov Azərbaycan tərəfinin erməni helikopterini vurmağı məsələsinə belə münasibət bildirib:

“Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər. Bildiyiniz kimi, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan da bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar.

Novruz Məmmədov
Novruz Məmmədov

Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması görünür onlara çox lazım idi. Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri və arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa vərdiş ediblər. Ermənilər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir. Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir – Azərbaycanı qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Məqsəd budur. Belə məkrli təxribatlar çox olub. Bu təxribatlar hansı məqsədlərlə edilirsə edilsin, ermənilər öz məqsədlərinə nail olmayacaqlar. İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir”.

“MÜNAQİŞƏNİN BÖYÜMƏSİ HEÇ KƏSİN MARAĞINA XİDMƏT ETMİR”

“Dağlıq Qarabağ münaqişəsinin böyüməsi heç kəsin marağına xidmət etmir. Tərəflər gərginliyin artmasından çəkinməli, bir variant kimi müharibədən imtina etməlidirlər”.

Bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sədri James Warlick (@AmbJamesWarlick) tvitter hesabında yazıb.

Noyabrın 12-də Azərbaycan silahlı qüvvələri mövqelərinə atəş açmağa çalışan Ermənistan hərbi helikopterini vurub. ABŞ Dövlət Departamenti, ATƏT-in Minsk qrupu, NATO, Avropa Birliyi tərəfləri təmkinə çağırıb.

XS
SM
MD
LG