Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:00

Duman Ərdəm: "Məncə, quzeylilər bizi yanlış qavrayır"


Duman Ərdəm
Duman Ərdəm

-

Arazın o tayından

"Bizdə Azərbaycandan olan yazarların və şairlərin kitabı əsasən min tirajla çap olunur və satılır da".

"Güneydə hər bir azərbaycanlı öz milli mənsubiyyətini dərk edir və heç də gündəlik farsca danışmır".

Yazar Duman Ərdəmlə müsahibə

- Duman bəy, maraqlıdır, İran Azərbaycanındakı yazarlar Azərbaycan Respublikasındakı ədəbi proses haqda nə dərəcədə məlumatlıdır?

- Bizdə Azərbaycandan olan yazarların və şairlərin kitabı əsasən min tirajla çap olunur və satılır da.

Bəzən Bakıdan Ramiz Rövşənin, Bəxtiyar Vahabzadənin, Nüsrət Kəsəmənlinin kitabları gətirilir və burda yenidən çap olunur, 2-3 dəfə min tirajla buraxılır.

İranda türklərin yaşadığı ərazilərdə Azərbaycan dilində kitablar başqa dillərdəki kitablardan daha yaxşı satılır. Deyim ki, son illər Səid Muğanlının başçılığı altında çox mühüm bir missiya həyata keçirilir, o, quzeydəki ədəbiyyatı buraya gətirib, ərəb əlifbası ilə yenidən çap edir.

Məsəlçün, ən müasir Azərbaycan ədəbiyyatından olan Anarın, Kamal Abdullanın, Səlim Babullaoğlunun, Rasim Qaracanın, Əkrəm Əylislinin, Seymur Baycanın əsərləri çap olunub, oxunur. Anarla, Kamal Abdullanın kitabları burda xüsusilə maraqla qarşılandı. Üzərində müzakirələr getdi.

- İranda azərbaycanca kitabların çıxmasının İran türkləri üçün nə kimi faydaları var?

Duman Ərdəm
Duman Ərdəm

- İranda Azərbaycan dili akademik səviyyədə işlədilmədiyindən, Azərbaycandan gələn ədəbiyyat bizim üçün dil materialı kimi fövqəladə dəyərlidir.

Biz quzeydən gələn kitabların hesabına, dilimizin quruluşunu, linqvistik qaydalarını qoruyub saxlaya bilirik. Çünki, quzeydəki Azərbaycan türkcəsi olduqca təmiz və səlistdir, belə bir dilə bizim müəlliflərin ehtiyacı böyükdür.

- Bəs, ədəbiyyatın cəmiyyəti dəyişdirib irəliyə aparmaqda bir rolu varmı? Çoxları deyir ki, ədəbiyyat passiv salnaməçilikdən başqa bir işlə məşğul olmur.

- Maraqlı bir sualdır. İllər boyu ədəbiyyatın bir missiyasının olub-olmaması üzərində mübahisələr gedib. Sənət sənət üçündür, yoxsa cəmiyyət üçün? – sualı qoyulub.

Fransız filosofu Mişel Fuko deyirdi ki, “Dilin bizim üzərimizdə təzyiqi var”. Ona müxalif olan alman filosofu Yurqen Habermassa iddia edirdi ki, dilin insana təzyiqindən başqa, azadlıq verə bilmək imkanı da var. Dilin insana verdiyi azadlıq ədəbiyyatdır. Sənətin, ədəbiyyatın içində sən azad olursan, azad bir ölkədə yaşayırsan.

Bir zamanlar ədəbiyyat ideologiyaların alətinə çevrilmişdi, günümüzdə isə ədəbiyyat ancaq insanların təkliyindən danışır. Neopraqmatik filosof Richard Rorty deyirdi ki, ədəbiyyat insanların gündəlik həyatı, iqtisadi, psixoloji halları ilə ilgilənməlidir. Ədəbiyyat bizim özümüz, kölgəmiz üçün yazılmır, cəmiyyətə təsir etmək, onu dəyişdirmək üçün yazılır.

- Sovet hakimiyyəti dönəmində Azərbaycan yazarları bacardıqca işarələr, simvollar, mətnaltı mənalarla həm senzuradan keçməyə, həm də insanların şüurlarına təsir etməyə çalışırdılar. Bəs qismən qapalı olan İranda ədəbiyyatın şüurlara təsir etmək üçün cəhdləri varmı?

Duman Ərdəm
Duman Ərdəm

- Bilirsiniz, burda bizim dilimizi ədəbiyyat saxlayıb. Əsasən də folklor, aşıq ədəbiyyatı.

Təsəvvür edin, Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması olmasaydı, insanlar onu oxumasaydılar, sonra məni, Səid Muğanlını yaxud Anarı oxumazdılar. İnsanlar əvvəlcə folklorumuz və klassik ədəbiyyatımızla tanış olur, dilimizi mənimsəyir, sonra müasir ədəbiyyatımızla maraqlanır. Təsəvvür edin ki, bizim dilimiz ədəbiyyatdan başqa heç yerdə yazılmır.

Pəhləvi hakimiyyəti dövründə bizim ədəbiyyatın üzərində bir basqı vardı, o dövrdə Rza Bərəhani, Qulamhüseyn Saidi kimi böyük yazarlarımız simvolikadan çox istifadə edirdilər. Bu həm əsərin estetik dəyərini artırır, həm də insanların şüurunu yüksəltməyə yardımçı olurdu. Bu, Latın Amerikası ölkələrində də olubdur, sovetlər zamanında da olubdur.

- Bu halda demək olarmı ki, senzura ədəbiyyatın inkişafına, zənginləşməsinə kömək edə bilər? Yazıçının fantaziyasını inkişaf etdirə bilər, hətta bəlkə oxucunun fantaziyasına da təsir edər?

- Xeyr, mən senzuraya qarşıyam, senzuranı qınayıram. Ancaq sadaladığım yazarlar senzura şəraitində çarəsizlikdən fantaziyalarına güc veriblər. Axı dünyada Murakami kimi fantaziyası senzuranın təsirindən yaranmamış böyük yazarlar da var. Senzura heç də həmişə ədəbiyyatı irəli aparmaz. Hər halda biz dünyanın hər yerində senzuranın götürülməsini arzulayaq.

- Demək olar ki, son on ildə İran kinosu dünyada sözünü deyib. Ədəbiyyatla kinonun bir-birinə bağlı olduğundan yola çıxaraq, İran ədəbiyyatında da eyni yüksəlişi görmək olurmu?

- İran ədəbiyyatında yüz il bundan öncəki Sadiq Hidayət, ya da yeni dövrdə “Mənim ölkəmin sirləri” əsərinin müəllifi Rza Bərəhani, Qulamhüseyn Saidi kimi böyük yazarlar olub, amma nədənsə dünya səviyyəsinə çıxa bilməyiblər. Bunun səbəbi qətiyyən onların ədəbi keyfiyyətcə zəif olması deyil, dünyadakı gedişat onlara mane olub.

Bilmirəm Sadiq Hidayət Azərbaycan dilinə çevrilib ya yox, amma bu, haqqında danışılası və mənim çox sevdiyim bir fars yazarıdır. O, farsca çox gözəl bilirdi və klassik İran divanlarındakı aşiq, məşuq, əğyar kimi obrazları romanlarına gətirmişdi. Demək olar ki, bu günədək yazılmış bütün İran mətnləri Sadiq Hidayətin əsərlərində birləşir, bir intertekstuallıq yaradır. İranda postmodernizm Sadiq Hidayətlə başlayır.

Duman Ərdəm
Duman Ərdəm

- İranda sadə xalq arasında ədəbiyyata münasibət necədir?

- Demək olmaz ki, ədəbiyyata çox böyük maraq var, ya da kitablar yaxşı oxunur. Ümumiyyətlə, yaxın şərq ölkələrinin hamısında eyni vəziyyət müşahidə olunur.

Amma bir zaman İran ədəbiyyatında böyük axınlar olub, həmçinin deməliyəm ki. İran ədəbiyyatında böyük yazarların doxsan faizi miliyyətcə azərbaycanlıdır. Səməd Behrəngi, Əhməd Şamlu, Məmmədhüseyn Şəhriyar, Qulamhüseyn Saidi, Rza Bərəhani azərbaycanmənşəli görkəmli İran yazarlarıdır.

Farsca çap olunan kitablara maraq nisbətən yüksəkdir, öz dilimizdə təhsil olmadığı üçün türkcə kitab oxumaq elə də yayılmış vərdiş deyil".

- İran Azərbaycanında türklərə aid hansısa ədəbi qurum, ya da ədəbi mətbuat varmı?

- Bir zamanlar sayın Eyvaz Taha və Səid Muğanlının işbirliyi ilə tamam Azərbaycan dilində “Yarpaq” qəzeti çıxdı. “Yarpaq” qəzeti bağlandıqdan sonra, “Yaşmaq” dərgisi çıxdı və o dərgiylə birlikdə həm də 180 yaxın, güneyli, quzeyli müasir yazarın kitablarını çap edildi.

Bu, güneydəki ədəbiyyatımıza çox böyük bir xidmət oldu. Bir zamanlar “Araz” ədəbi dərnəyi vardı, orda çox yaxşı ədəbi müzakirələr gedirdi. Urmiyada Məhəmməd Sübhiddinin başçılığı ilə “Buta” yayın evi Azərbaycan dilində nəsrimizi çap edir.

- 70 il fərqli quruluşlarda yaşamaq arada xeyli mədəniyyət fərqi yaradıb. Məsəlçün dildə, dünyagörüşündə. Sizcə, o taylı-bu taylı türklərin bir-biri ilə yaxınlaşması üçün nələrə ehtiyac var?

- Siz Qafqaz mədəniyyətinə mənsubsunuz, uzun müddət kommunizmin təsiri altında yaşamısınız, güneydə isə yaxın şərq mədəniyyəti və kommunizmdən tam fərqli bir quruluş mövcud olub.

Deməzdim ki, aramızda böyük mədəni fərq var. Məncə, quzeylilər bizi yanlış qavrayır. Güneydə hər bir azərbaycanlı öz milli mənsubiyyətini dərk edir və heç də gündəlik farsca danışmır.

Biz Azərbaycan dilini Türkiyə türkcəsindən də üstün tuturuq. Bizim bir-birimizə tam yaxınlaşmamız üçün heç də böyük səylər sərf etmək lazım deyil. Biz eyni ədəbiyyatı və sənətin alış-verişini etsək, tezliklə görəcəyik ki, əslində heç də bir-birimizdən fərqimiz yoxdur. Bu sahədə ədəbiyyatın üzərinə böyük yük düşür.

- Lütfən bir qədər bu günlərdə çıxmış yeni kitabınızdan bəhs edin, onu çap etmək çətin olmadı?

- Yeni kitabım “Sonuncu sufi” adlanır, orda son beş ildə yazdığım şeirlərim toplanıb. Bu kitabla ilk dövr şeirlərimlə vidalaşıram. Əvvəl bu kitabın çapı üçün icazə almaq çətin idi, ancaq indi o imkan yaradılıb. İndi “Qırx həramilər” adlı əfsanənin dekonstruksiyası şəklində bir romanım da çıxacaq.

Söhbətləşdi: Namiq Hüseynov
XS
SM
MD
LG