Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:35

Penitensiar Xidmət: «Leyla Yunus kobud hərəkətlərə meyllidir»


Leyla Yunus
Leyla Yunus

-

Ədliyyə Nazirliyi Penitensiar Xidməti hüquq müdafiəçisi Leyla Yunusun həbsxanada işgəncəyə məruz qalması haqda son məktubu ilə bağlı AzadlıqRadiosunun sorğusunu cavablandırıb.

Penitensiar Xidmət Leyla Yunusun həbsxana əməkdaşları tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərləri əsassız sayır:

«Leyla Yunusova və Gülyaz adlı qadının saxlandığı otağa guya mülkigeyimli bir neçə şəxsin daxil olması və təqsirləndirilən şəxsə qarşı təhqiredici hərəkətlərə yol verməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir. Sözügedən mülki geyimli şəxslər Səhiyyə Nazirliyinin müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri olub. Həmin mütəxəssislər Leyla Yunusova və vəkilləri müraciəti əsasında onun tibbi müayinəsi məqsədilə təcridxanaya dəvət olunub. Leyla Yunusova onları görən kimi guya təzyiqə məruz qaldığını deyərək yüksək səslə qışqırmağa başlayıb».

«HƏKİMLƏRƏ QARŞI HƏRƏKƏTLƏRİ ƏVVƏLCƏDƏN DÜŞÜNÜLÜB»

Sorğuya cavabda bildirilir ki, Leyla Yunus daxili intizam qaydalarını pozduğuna və həkimlərə qarşı qeyri-etik davranışına görə töhmət alıb:

«Leyla Yunusova həkimlərin baş çəkəcəyi haqda qabaqcadan məlumat verilib. Onun həkimlərə qarşı hərəkətləri əvvəlcədən düşünülüb. Leyla Yunus əvvəllər də bu cür davranışlarla gündəmə gəlməyə cəhd edib. Xatırladaq ki, saxlandığı zaman da polis əməkdaşlarına qarşı kobudluq edib. Bu, Leyla Yunusovanın bu cür kobud hərəkətlərə meylli olduğuna dəlalət edir. Belə əsassız məlumatlar rejim qaydalarını pozmağa can atan məhkum, təqsirləndirilən şəxs və onların yaxınları tərəfindən ictimai fikri çaşdırmaq məqsədi ilə yayılır».

Leyla Yunus həm sonuncu, həm də bundan əvvəlki məktublarında həbsxananın Yaqubov soyadlı əməkdaşı tərəfindən işgəncəyə məruz qaldığını yazıb.

AzadlıqRadiosunun hüquq müdafiəçisinin saxlandığı təcridxanada Yaqubov soyadlı əməkdaşın çalışıb-çalışmaması barədə sorğusuna Penitensiar Xidmətdən cavab verilməyib.

LEYLA YUNUSUN HƏBSXANADAN YAZDIĞI SON MƏKTUBU BURADA OXUYA BİLƏRSƏN

XS
SM
MD
LG