Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:19

Neftin ucuzlaşmasından doğan ağ-qara gələcək


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:06:19 0:00
Direct-ə keçid

Neftin ucuzlaşması Azərbaycanı bir çox sualla üz-üzə qoyur .

Ümid qalmışdı OPEC-in qərarına. Çoxdan gözlənilən görüş noyabrın sonlarında baş tutdu. Üç saat sürən görüşdən ortaq qərar çıxdı: OPEC 2015-ci ilin birinci yarısındək neft hasilatını azaltmayacaq. Bu qərar az qala bütün dünyaya, özəlliklə neft çıxaran ölkələrə təsir göstərəcək.

Bu o deməkdir ki, neft ucuzlaşmaqda davam edəcək. İndiki durumda yerli və beynəlxalq ekspertləri neftin nisbətən ucuz satılmasından çox, ucuzlaşmanın uzunmüddətli ola bilmə ehtimalı düşündürür. Ekspertlər buna və bir də ona həyəcan təbili çalırlar ki, büdcəsi neft gəlirlərindən formalaşan ölkələrin durumu daha böhranlı görünür. Həmin ölkələr iqtisadi böhranla üz-üzə qala bilər...

OPEC QƏRARININ AZƏRBAYCANA TƏSİRİ

Dünya bazarında brend markalı neftin qiyməti avqust ayından bəri gün-gündən ucuzlaşmaqdadır.

Avqustda bareli 110 dollar olan neft indi 66 dollara satılır. Gələn il qara qızılın 40 dollara, hətta daha aşağı qiymətə satılacağını düşünənlər də var. Bu halda təbii sual doğur: neft gəlirlərindən çox asılı olan Azərbaycan iqtisadiyyatını nə gözləyir? Hökumətin hansı alternativ tədbirləri var?

Neftin ucuzlaşmasının təsirlərini azaltmaq üçün hansı önləyici tədbirlər görülüb? Bu və bənzər suallar gündəmdə öz aktuallığını qoruyur.

Əvvəl ondan başlayaq ki, OPEC-in məlum qərarından cəmi bir gün sonra – noyabrın 28-də Azərbaycan Parlamenti 2015-ci ilin dövlət büdcəsini təsdiqləyib. Büdcədə neftin qiyməti 90 dollardan götürülüb, yəni hələ bugünkü qiymətlərlə hər bareldə 25 dollar daha ucuz.

“PREZİDENT DEYİR Kİ...”

"Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf edəcək”.

Bunu prezident İlham Əliyev “Rossiya-24” kanalına müsahibəsində söyləyib. O, bəlli dönəmlərdə neftin kəskin ucuzlaşmasının bəzi ölkələrdə problemlər doğurduğunu xatırladaraq, Azərbaycanda da hər hansı problem yaşanacağını istisna etməyib.

İqtisadçı Oqtay Haqverdiyev 2009-ci ildə bir barel neftin hətta 37 dollara satıldığını və bu vəziyyətə Azərbaycanın tab gətirdiyi yada salır. Amma ardınca indiki durumun o vaxtdan fərqləndiyni sözlərinə artırır. 2009-ci illə müqayisədə indiki ucuzlaşma daha uzunmüddətli təsirbağışlayır. Belə olan halda Azərbaycanın buna tab gətirməsi real görünmür:

“Azərbaycan dövlət büdcəsində neftin bir bareli 90 dollardan götürülüb. Neftin ucuzlaşması büdcəyə birmənalı mənfi təsir göstərəcək. 2015-ci il Azərbaycan üçün çətin olacaq. Artıq Ələtdə böyük kimya kompleksinin tikintisi təxirə salınıb. Bu kompleksin tikintisinə gələn il başlanmalı idi, ancaq 2017-ci ilədək təxirə salınmasına dair qərar qəbul edilib. Gələn ilin büdcəsində investisiya xərcləri təxminən 7 milyard nəzərdə tutulub. Yəqin ki, hökumət, haradan kəsə bilsə, büdcə xərclərini azaldacaq. 2015-ci ildə vəziyyət çətin olsa da, durumdan çıxa bilərlər. Amma neftin ucuzlaşması sonrakı illərdə də sürərsə, vəziyyət heç də yaxşı olmayacaq”.

“NEFT 50 DOLLARA DÜŞƏRSƏ...”

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli durumun çox da böhranlı olduğunu düşünmür. O öz nikbinliyini əsaslandırarakən, Azərbaycanın 53 milyard dollar, yəni ümumdaxili məhsulun 74 faizi səviyyəsində valyuta ehtiyatına, manatın sabitliyinə, ÜDM-in 8 faizi civarında dövlət borcuna diqqət çəkir. Əli Məsimlinin fikrincə, bütün bunlar neftin ucuzlaşdığı məqamlarda manevrlərə və ucuzlaşmanın təsirini önləməyə imkan verəcək. Amma millət vəkili bir barel neftin 50 dollara satılmasının böhrana yol aça biləcəyini də istisna etmir:

«Belə bir vəziyyətin yaranma ehtimalı az olsa da, hər halda tendensiya ora doğru getsə, onda hökumət böyük ehtimalla antiböhran tədbirləri proqramı ilə vəziyyətdən az itki ilə çıxmağı bacaracaq».

ÇIXIŞ YOLU NƏDİR?

Antiböhran tədbirləri deyərkən, nə nəzərdə tutulur? Büdcə xərclərin azaldılması? Neftdənkənar sektor gəlirlərinin neft gəlirləri ilə əvəzlənməsi? Hökumət, hətta prezident İlham Əliyev səviyyəsində, 2018-ci ildən Azərbaycanda qaz hasilatına başlanılmasının ölkə iqtisadiyyatını daha da irəli aparacağından söz açıb. Bir neçə dəfə dilə gətirlən belə açıqlamalarda, neftdənkənar sektorun, özəlliklə kənd təsərrüfatının inkişafından bəhs edilib.

Enerji məsələləri üzrə ekspert Kəmalə Mustafayeva deyir ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, neftdən başqa hər hansı sahədən gələcək gəlir, nefti heç vaxt əvəzləyə bilməyəcək:

“Azərbaycanın dünya bazarına çıxardığı gəlirli sahə ancaq neftdir. Heç qazdan da o qədər gəlir gözləmək lazım deyil. Ümumiyyətlə, qazın yerin dibindən çıxarılması, xaricə nəqli üçün infrastrukturun yaradılması çoxlu xərc tələb edir. Yəni 2018-ci ildən sonra azı 5 il qaz hasilatı və nəqli büdcəyə hər hansı gəlir gətirməyəcək. Sonrakı dövrlərdə də gəlir o qədər çox olmayacaq.

Neftin Avropaya deyil, Asiyaya çıxarılması, hasilatın artırılması və ya azaldılması – bunlar da çıxış yolu deyil. Ötən illər qeyri-neft sektoru o qədər də inkişaf etdirilməyib ki, büdcənin neftdən asılılığını azaltsın. Mən düşünürəm ki, qısa müddətdə ən yaxşı çıxış yolu – gəlirlərin düzgün xərclənməsidir. Əsas məsələ azalmış gəlirlərin düzgün paylaşdırılmasıdır. İqtisadiyyat ağıllı qurularsa, vəziyyətdən, qismən, çıxmaq olar”.

“TARİX TƏKRARLANIR...”

Yerli və xarici ekspertlər neftin qiymətinin yaxın zamanlarda yenidən bahalaşacağını düşünmürlər. Onların fikrincə, ucuzlaşma büdcəsi neftdən asılı olan Rusiyaya yönələn sanksiyalardan irəli gəlir. İqtisadçı Oqtay Haqverdiyev tarixin təkrarlandığını söyləyir:

“1970, hətta 1980-ci illərdə də dünya bazarında neftin qiyməti 8 dollara düşdü. Bu, Səudiyyə Ərəbistanı ilə ABŞ-ın hasilatı artırmaq barədə razılılaşmasından qaynaqlanmışdı. O vaxt ABŞ bağlanmış neft yataqlarının da üstünü açmışdı. Hasilat artandan sonra neftin qiyməti ucuzlaşmışdı. SSRİ-nin dağılmasında neftin ucuzlaşması çox böyük rol oynadı, axı sovetlərin də büdcəsi neftdən asılı idi”.

Oqtay Haqverdiyev Azərbaycandan ötrü önəmli bir məsələyə – Rusiyada yaşayan 2 milyon azərbaycanlıya da diqqət çəkir. Onun fikrincə, vəziyyətin pisləşməsi Rusiyada işləyənlərdən bəzilərinin geri dönməsi deməkdir. Azərbaycanda onların hesabına dolanan qohum-əqrəba da nəzərə alınsa, bu həm də o deməkdir ki, birdən-birə, azı, 3 milyon adamın maddi durumu pisləşəcək. Üstəlik, buna Azərbaycanda neftin ucuzlaşmasının təsirləri daxil deyil.

XS
SM
MD
LG