Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:26

Cəmil Həsənli: «Özümüz də bilmədən Kürdəxanı ölkəmizin simvoluna çevrildi»


Cəmil Həsənli və Leyla Yunus
Cəmil Həsənli və Leyla Yunus

-

«Dekabrın 21-i Leyla xanım Yunusun doğum günüdür. Bu fədakar xanım 2014-cü ilə təsadüf edən ad gününü Bakıda yox, Kürdəxanıda qarşılamalı olur. Qəribə də olsa, ölkəmizdə demokratiya və insan haqları uğrunda mübarizənin simvoluna çevrilən Leyla xanım XX əsrin ən möhtəşəm diktatoru Stalinlə eyni gündə doğulub. Lakin bütün həyatını stalinizmə, onun Azərbaycandakı kiçik modelinə qarşı mübarizəyə həsr edib. Bu gün onun Kürdəxanıdakı keçirdiyi məşəqqətli günlər də məhz həmin mübarizənin «cəza» yüküdür».

Milli Şuranın sədri Cəmil Həsənli vicdan məhbusu Leyla Yunusa doğum günü münasibətilə yazdığı məqaləsi belə başlayır.

BƏXTİYAR MÜƏLLİM BU QIZIN MÜTALİƏSİ HAQDA AĞIZDOLUSU DANIŞIRDI

Cəmil Həsənli Leyla Yunusun tələbəlik illərini belə təsvir edir:

«O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin ən fəal və qabaqcıl tələbələrindən idi. Orta əsrlər tarixi üzrə təkrarsız mühazirələr oxuyan Bəxtiyar Əhmədov hər dəfə mühazirədən çıxıb kafedraya gələndə bu bəstəboy sarışın qızcığaz kafedraya qədər onu müşayiət edir, nəyi isə öyrənməyə, nəyi isə müzakirə etməyə can atırdı. Rus bölməsinə dərs deyən Bəxtiyar müəllim bu qızın mütaliəsi, maraq dairəsinin genişliyi haqqında ağız dolusu danışırdı. İngilis dilini yaxşı bildiyindən, sonralar Leyla xanım orta əsrlər dövründə Britaniyanın Şərq ticarəti mövzusunda uğurla namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi almışdı».

20 YANVARDAN SONRA...

Tarixçi alim Cəmil Həsənli məqaləsini Leyla Yunusun Azərbaycanın müstəqillik dövründə fəaliyyəti ilə davam etdirir:

«Müstəqillik dövründə Leyla Yunus ilk gündən başlayaraq bu mübarizənin ön cəbhəsində olub və Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri kimi yadda qalıb. 90-cı ilin Yanvar hadisələrindən sonra imperiyanın Bakıya təcavüzünün ifşası istiqamətində o, rus demokratları, Baltik ölkələrində formalaşan demokratik təsisatlarla yorulmadan iş aparırdı. Müstəqillik dövrünün ilk dövrələrində Leyla xanım Müdafiə Nazirliyinin informasiya və təhlil idarəsinə rəhbərlik edib. Əldə etdiyi dərin tarixi biliklər və yüksək intellektual səviyyəsi ona hadisələri təhlil etmək və mühüm olanı dəyərləndirmək qabiliyyəti vermişdi».

Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

BİR ADDIM DA GERİ ÇƏKİLMƏDİ

Cəmil Həsənli yazır ki, həyatının azı 25 ilini demokratiya və insan haqları uğrunda mübarizəyə həsr edən Leyla Yunusun özünü 2014-cü ildə həbs edirlər:

«Saxta ittihamlar onu da hədəfə çevirdi. Vətənə xəyanətdən tutmuş, vergidən yayınma və mənimsəməyə qədər qurama ittihamlara tuş gəldi. Uzun illər boyu insanların hüququ uğrunda apardığı dönməz və fədakar mübarizəni ona bağışlamadılar. Mətbuat və televiziyalarda başlanmış qarayaxma kampaniyası həbsinə hazırlıqdan xəbər versə də, ömrünü fəal ictimai mübarizədə keçirmiş bu xanım bir addım da öz prinsiplərindən geri çəkilmədi».

SONUNCU DƏFƏ 37-Cİ İLDƏ...

Leyla Yunus həbsindən öncə həmkarları ilə birlikdə siyasi və vicdan məhbusu siyahısını hazırlayırdı. Cəmil Həsənli kiçik istisnalarla həmin siyahını hazırlayanların bu gün həbsdə olmasına diqqət çəkir, ictimai-siyasi fəaliyyətlərinə görə qadınların həbsə atılmasını 37-ci il repressiyaları ilə müqayisə edir:

12 oktyabr mitinqi
12 oktyabr mitinqi

«Ölkəni Rusiyanın «5-ci kolon»una çevirənlər vicdanlı və namuslu adamlar arasında «5-ci kolon» axtarışına çıxıblar. Siyasi mülahizələrə görə Azərbaycan qadınları sonuncu dəfə 37-ci ildə Bayıla salınmışdı. Bu gün Bayıl yoxdur. Lakin onun müdhiş simvolu hələ də yaddaşlardan silinməyib, düşüncə və davranış tərzi Kürdəxanıda zühur edib. Biz müstəqilliyimizin 20-ci ilində simvol axtarışında idik. Özümüz də bilmədən Kürdəxanı ölkəmizin simvoluna çevrildi... Son bir ildə kimlər keçmədi Kürdəxanıdan, ölkənin ən namuslu, ən vicdanlı, ən doğru dürüst insanları saxta ittihamlarla, həqarətli «5-ci kolon» ayaması ilə Azərbaycanın Bastiliyasına sürükləndi».

Məqalənin sonunda Cəmil Həsənli Leyla Yunusa doğum günündə dözüm arzulayır.

Bu ilin yayında həbs edilən Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.

XS
SM
MD
LG