Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

Azərbaycan təhsilinin köhnə-yeni üzqarası – saxta diplomlar


Arxiv foto
Arxiv foto

-

«Saxta diplom satarkən yaxalanıb!..». Özəlliklə «kriminal xəbərlər»də bu ifadəyə vaxtaşırı rast gəlmək olur. Elə bir neçə gün öncə də bənzər məzmunlu xəbər diqqət çəkib. DİN-in məlumatında deyilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları 7 min ABŞ dollarına saxta diplom satan Vüsal Nuriyevi yaxalayıb. O, Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya satmaq istəyirmiş...

KEÇƏRLİ BAL TOPLAMAYAN 69 ABİTURİYENT «TƏLƏBƏ» OLUB...

Bir müddət öncə bənzər olay Lənkəran Dövlət Humanitar Kollecində qeydə alınıb. Qanunsuz yolla tələbə qəbul edən bu təhsil ocağı, «tələbə-məzun» elektron sisteminin monitorinqi zamanı «yanıb». Yoxlama zamanı, ötən 2 ildə qəbul imtahanına qatılsa da, keçərli bal toplamayan 69 abituriyentin sonradan tələbə olması üzə çıxıb.

Qanunsuz tələbələr öz yerində. Bakıda aparılan yoxlamalar paytaxt məktəblərində çalışan 45 saxta diplomlu müəllimi aşkarlayıb. Bakı Şəhər Təhsil İdarəsinin rəisi vəzifəsinin icraçısı Elnur Əliyev qeyd edib ki, 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb edilib, 7 direktor da işdən azad olunub.

Misir Mərdanov
Misir Mərdanov

Azərbaycanda saxta diplomlarla bağlı qalmaqallar yenilik deyil və ictimai rəydə təəccüb doğurmur. Məsələn, Misir Mərdanovun nazirliyi dövründə – təkcə 2011-ci ildə 455 saxta diplomlu «müəllim» işdən qovulub. Təəccüblü orasıdır ki, abituriyent qeydiyyatı, tələbə qəbulu, universitet seçimi, məzunluq və digər təhsillə bağlı bütün mərhələlər mərkəzləşdirilsə və vahid elektron bazada əksini tapsa da də saxta diplom faciəsi hələ də yaşanmaqdadır....

Bu problemi «faciə» adlandırmaq, təbii ki, kiməsə şişirtmə görünə bilər. Axı asan yolla – təhsilə, hazırlığa, qəbula, mütaliəyə vaxt ayırmadan, birdən-birə bakalavr, magistr, hətta aspirant dərəcəsi almaq cəzbedicidir. Üstəlik, heç də hamı bu cazibənin arxasında duran məsuliyyəti düşünmək istəmir. Düşünmür ki, hər saxta diplomlu «mütəxəssis» hansı əyinti və itkilərə yol aça bilər...

SAXTA MÜTƏXƏSSİSƏ KİM YAŞIL İŞIQ YANDIRIR?

Beləcə, ortaya suallar çıxır: Saxta mütəxəssislərə yaşıl işıq yandıranlar yalnız regional ali məktəb və kollecləridirmi? Elektron bazada qeyd olunmadan təhsil ocaqlarına «qəbul olunanlar» ölkə paytaxtında da varmı? Psevdomütəxəssislər yalnız təhsil sahəsində çalışır, yoxsa saxta sənədli «həkimlər», «iqtisadçılar», «mühəndislər» və başqa peşə sahibləri də var? Saxta diplomların dövriyyə və miqyasına dair hansı bilgilər toplanıb? Və s. və i.a.

Sözügedən problemlər postsovet ölkələrinin çoxunda, özəlliklə Rusiyada da diqqət çəkir. Hətta Rusiya mediasında bu mövzunu belə bir gülməcəyədə çeviriblər: «Kriminal xəbərlərini dinləyirsiniz. Bu gün metroda saxta diplomlar satan bir qrup cinayətkar yaxalanıb. Onlar bir saat sonra dəlil çatışmazlığına görə, sərbəst buraxılıblar. Bu barədə jurnalistlərə iqtisad elmləri doktoru, polis zabiti Sidorov məlumat verib». Adi lətifədir, amma təəssüf ki, reallığı əks etdirir.

Demək, nəhəng Rusiya hökuməti bu problemi biryolluq həll edə bilmirsə, görünür, bu qara biznesin arxasında çox güclü maraqlar durur. Əks halda, yoluxucu xəstəlik Azərbaycana keçməzdi.

40 TƏHSİL İŞÇİSİ SAXTA DİPLOMLA ÇALIŞIRMIŞ...

Arxiv foto
Arxiv foto

Əziyyətsiz əldə olunan diplomlara ehtiyac duyanların sayı çoxaldıqca, bazarda təklif də artır. Bir neçə misal: Artıq bitməkdə olan 2014-cü ilin fevralında hüquq-mühafizə orqanları özünü Bakı Slavyan Universitetinin müəllimi kimi tanıdan və saxta diplom satmağa cəhd göstərən Şəlalə Hüseynovanı saxlayıb. O, satmaq istədiyi «sənəd»ə görə, Hüseynova, nə az-nə çox, 8 min manat qazanc umurmuş...

Daha bir fakt: oğlu qəbul imtahanlarında yetərli bal toplamayan paytaxt sakini BDU-nun müəllimi Kamran Əsədovdan «çox maraqlı» təklif alır: uğur qazanmayan abituriyent müəyyən məbləğ müqabilində asanlıqla Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsinə çevrilə bilər. Bundan ötrü Əsədov həmin sakindən 500 manat beh də götürür. Amma hüquq-mühafizə orqanlarında çalışanlar onun yerdə qalan 2500 manatı əldə etmək arzusunu gözündə qoyurlar və BDU-nun müəllimi dəmir barmaqlıqlar arxasına göndərilir...

Ötən il daha bir şəxs BDU-nun saxta diplomunu satarkən yaxalanıb. Bu faktlar az deyil. Məsələn, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlikləri və Respublika Prokurorluğu TQDK-ya müraciət ünvanlayaraq, 15 min təhsil işçisi haqqında məlumat alıb. Nəticədə 40 nəfər təhsil işçisinin ali və orta ixtisas haqqında sənədlərinin saxta olduğu üzə çıxıb və onlar vəzifələrindən azad ediliblər.

«TƏLƏBƏ-MƏZUN» ELEKTRON BAZASI SAXTA DİPLOMLARI ÜZƏ ÇIXARIR

Problemin miqyasını nəzərə alan TQDK 1992-ci ildən bəri ali məktəblərə qəbul olunanlara və məzunlara dair məlumatı özündə cəmləşdirən elektron baza yaradıb. «Tələbə-məzun» sistemi adlanan bu bazada təhsil alanların bütün yerdəyişmələri qeydə alınır. Məhz bu sistem saxta diplomları üzə çıxarır. Bir şey təəssüf doğurur ki, bu məlumat bazası yalnız dövlət qurumlarına açıqdır.

Təhsil eksperti İlham Əhmədovun sözlərinə görə, «saxta diplom biznesi»nin inkişafı belə sənədlərə artan tələbatla bağlıdır:

«Nə qədər ki cəmiyyətdə bilik və səriştə deyil, məhz «qabıq» dəyərləndirilir, saxta diplomlara tələbat qalacaq. Saxta diplomlarla işə düzəlmək, o diplomları əldə etmək qədər asandır. Qiymətlər fərqlidir: orta-ixtisas məktəblərinin diplomları 500-1000 manata, ali məktəb diplomlarını isə 4-10 min manata əldə etmək mümkündür».

Təhsil eksperti Şahlar Əsgərov
Təhsil eksperti Şahlar Əsgərov

Milli Məclisin keçmiş üzvü, BDU-nun professoru Şahlar Əsgərovun sözlərinə görə, ölkədə ali təhsilin yüksək nüfuzu var:

«Diplom asanlıqla karyera qapılarını gənclərin üzünə açır. Ancaq təəssüf ki, yerli gənclərin heç də hamısı ali təhsil almaq, mütəxəssis olmaq imkanına malik deyil. Bunun üçün səbr, səriştə və bilik tələb olunur. Bu üzdən gənclər əlavə yollar axtarır və tapır. Təhsil sistemində olan korrupsiya hüquq pozuntularına münbit şərait yaradır». Ş. Əsgərovun fikrincə, testdənkənar tələbə qəbulu ilə mübarizəyə təkcə inzibati yollar yetərli deyil:

«GÖZ YUMMAQ HƏRƏKƏTƏ KEÇMƏKDƏN DAHA ASAN YOL SAYILIR»

«Tələbə qəbulu mexanizmi dəyişdirilməlidir, ali məktəblərin idarəçiliyində islahat aparılmalıdır. Bundan ötrü rektorlar da səsvermə yolu ilə seçilməlidir. Bir çox Qərb ölkələrində artıq bu təcrübə tətbiq olunur. Bizim reallığımızda rektorların rotasiyasını hər 3-4 ildən bir keçirmək mümkündür. Azərbaycanda elə rektorlar var ki 15-18 il kreslodan düşmür və ali məktəbə rəhbərlik edir. Belə «vəzifə davamlılığı» şəraitində hansı yenilikdən və yeni düşüncədən söhbət gedə bilər? Bu faktlar çoxlarına məlum olsa da, göz yummaq hərəkətə keçməkdən daha asan yol sayılır və hər şey olduğu kimi qalır. Bəlkə həm də ona görə ki, rektor və məmurların maraqları bu «qara» bizneslə sıx bağlıdır».

Araşdırmalar göstərir ki, Azərbaycanda diplomların gerçək olub-olmaması yalnız dövlət qulluğuna və iri beynəlxalq şirkətlərə işə götürülərkən yoxlanılır.

Mütəxəssislər bir məqama da diqqət çəkirlər. Onların fikrincə, həqiqi diplom sahiblərinin bir qismi ilə saxta diplomlu vətəndaşlar arasında bilik fərqi o qədər də böyük deyil. Bu, təhsilin səviyyə yetərsizliyinin sübutu sayıla bilər...

XS
SM
MD
LG