Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:57

Sevdanın qisası


Sevda Ələkbərzadə
Sevda Ələkbərzadə

-

Bu, Sevdanın öz zəfər yoludur, onun öz üsyanıdır və taledən aldığı amansız qisasıdır...

Rasim Qaraca

SEVDANIN QİSASI

Talantın üzə çıxması qeyri-adi hadisədir. Bəzən bu, bir neçə nəsil ardıcıl edilən cəhdlərdən sonra baş tutur.

Baba və ya nənədə özünü göstərən qığılcım övlada, övladdan nəvəyə ötürülərək bilmədiyimiz bir ilahi qanunla öz ifadəsini tapır və ya tapmır.

Talantlı bildiyiniz hər bir insanın bioqrafiyasına nəzər salsaq, bir neçə nəsil öncədən parlamış bir qığılcımın dolanbaclı yollardan keçərək nəhayət alova çevrildiyini görərərik. Bəzən bu alovu alışdıran ailədəki hansısa travmatik bir hadisə ola bilər.

Əslində, dahi dediyimiz insanlar erkən yaşlarda sarsıntı keçirən insanlardır. Hətta, yazmaq, rəsm çəkmək, oxumaq, rəqs etmək insanın fitrətində vardır desək belə, haqqında danışdığımız o sarsıntı olmadan talant qığılcımı alışaraq böyük bir alova çevrilə bilmir.

Burada paradoksal bir durum yaranır: İnsan öz yaşamında sarsıntılardan qaçmağa çalışır, halbuki o, bir çox insanlar üçün taleyin hədiyyəsidir və hər kəsə "nəsib" olmur, sifarişlə sarsıntı yaşamaq isə mümkün deyil.

*

Yazıçı Çingiz Ələkbərzadə haqqında yazmağa başlarkən bunlar gəldi ağlıma. Son vaxtlar onun haqqında düşünürəm və düşünməyimə səbəb Sevdanın "Arazbarı" vokaliz parçasıdır. (Ardı aşağıda)

Doymadan qulaq asıram bu parçaya, heç vaxt heç bir musiqini dinləmədiyim qədər günlərcə, təkrar-təkrar qulaq asıram. Bu qeyri-adi, əbədiyyətə qədər möhürünü basmış ifanın necə yetişdiyi, hansı ənənədən qaynaqlandığı tapmağa çalışıram və istər-istəməz bütün yollar Çingiz Ələkbərzadə şəxsiyyətinə aparır.

Nə qədər qəribə olsa da, Sevdaya qulaq asdıqca Çingizin portreti son nöqtəsinə qədər gözlərimdə aydınlaşır. Daha sonra bir neçə kitabını oxuyuram və ədəbiyyatımızın bu faciə qəhrəmanı haqqında yazmağı qərara alıram. Məncə Çingiz yaxın ədəbiyyat tariximizin açar adlarından biridir, dövrü anlamaqdan ötrü onu tanımalıyıq.

*

Hər bir insanda talant toxumları varmı? - bu suala birmənalı cavab vermək çətindir – var deyə fərz etsək belə, onun üzə çıxması üçün bir neçə nəsil öncədən yola çıxılmalıdır. Xüsusən, Azərbaycan kimi ölkələrdə, o yerdə ki, ikinci dərəcəlilər, qrafomanlar, psevdosəslər talantın qarşısında səf qurub, şəbəkə yaradıblar.

Sevda Ələkbərzadə bacısı Elmira ilə (İnstaqram)
Sevda Ələkbərzadə bacısı Elmira ilə (İnstaqram)

Çünki günəş işığı yarasa ordusunu kor etdiyi kimi, talantın ortaya çıxması da yalançı sənətkarlar güruhuna ölümcül təsiri bağışlayır. Sirr bundadır! Bax buna görə talant özünə çətinliklə yol açır. Sevdanın hansı çətinliklərdən keçdiyini bilmirəm, amma bu çətinliklərin olduğunu təsəvvür edirəm: 1986-cı ildə, atası həbs ediləndə onun cəmi 9 yaşı var. Atasının həbsdən çıxdığı illər Sovet imperiyasının parçalandığı, xalq üsyanları, müharibə və aclıq dövrünə təsadüf edir.

Ailədəki sarsıntılar ictimai silkələnmələrlə davam edir. Köhnə sistem və dəyərlər uçulub, sənə inanan insanların sayı azalıb, və tam bir ümidsizlik zolağına girmisən.

Sonunda nə olduğu bilinməyən qaranlıq bir yol başlayıb, bu yolda azmamaq, itib yox olmamaq üçün sənin cəmi 12 yaşın var. Ani bir yanlışlıq, olumsuz yad təsir, ötəri bir təsadüf oyunu və "Elə demə zalım yar" olmayacaq, "Arazbarı" olmayacaq, "Alagöz" olmayacaq və indi bildiyimiz Sevda Ələkbərzadə dünyası olmayacaq. Yaradıclığın bir tükdən asılmış kimi təsadüflərdən bu qədər asılılığı insanı çox pəjmürdə edir.

*

Ədəbiyyat tariximizə nəzər saldıqca gözlərim önündə böyük bir batırılan səslər qəbiristanlığı canlanır. Repressiya illərinin rüsvayçılıqları söylədiklərimin həqiqət olduğunu sübut etməkdən ötrü yetərlidir. Siyasi kataklizmlər, keçid dövrləri istedadın başını yemək üçün fürsət məqamlarıdır.

Talantdan fərqli olaraq talantsızlar mütəşəkkildir və birgə hərəkət etməyi onlardan daha yaxşı bacarırlar. "Şair çox yaşamaz" deyə bir təbir var, ancaq heç cavabını araşdıran olmadı. Çünki o, psevdoşairlər üçün təhlükədir. Müşviqin, Cavidin, Əli Kərimin timsalında biz bu dərsi keçmişik... Dolayısıyla, talantın meydana çıxması və özünü təsdiq etməsinə aparan yollar əzablıdır, görünməz tələlərlə doludur və təbəssümlü hiyləgərliklərlə müşaiyət olunmaqdadır.

Lakin talantlı insanın, talantsızlarda olmayan əvəzolunmaz bir silahı var: bu da onun özünə olan inamıdır.

O, əvvəl-axır qalib gələcəyinə inanır, bəzən tərsdir, çox zaman qəbul olunmuş qaydaların əleyhinə getməkdədir. Uğursuzluq onu qorxutmur, çünki uğursuzluğun ən alisini görüb. Onun üçün yerdə qalan hər şey yalnız uğurdur. Əlinin bir hərəkəti, dodağının bir tərpənişiylə o ölümsüzlər panteonuna girməkdədir.

*

Çingiz Ələkbərzadə
Çingiz Ələkbərzadə

Çingiz Ələkbərzadə yazıçı Əbülhəsənin oğlu olub. 60-cı illərdə ədəbiyyata gələn yazıçı uşaqlarından biridir.

Daha bir "dədəbiyyat" nümayəndəsimi? Bildiyimiz kimi, ədəbiyyatı atadanqalma miras kimi görərək onu dövlət aparatının "təkərciyinə" döndərən 60-cı illər ədəbi nəslinin nümayəndələri sonradan yüksək vəzifələrdə qərarlaşaraq ədəbi prosesi idarə etməyə başlamış, onu durğun bir bataqlığa çevirmiş və yeni gələn gənc ədəbi qüvvələrə qarşı düşmən bir mövqe tutmuşlar.

Səbəb, məncə, atalarının ləkəli keçmişini pərdələmək olmuşdur. Digər yazıçı uşaqlarından fərqli olaraq Çingizin atasının keçmişi şaibəli deyil, buna görə də onun - Çingizin yüksək vəzifə tutmaqda və bununla atasına qarşı yönələn tənqidlərə cavab verməkdə gözü yoxdur, əsl yaradıcı insan necə görmək istərsə öz həyatını o da o cür görməkdədir. Dolayısıyla, Çingiz 60-cıların korporativ oyununa qatılmayıb, həyatda heç kəsin qarşısında kötük olmayıb, əksinə özü maneələrlə qarşılaşıb.

Xatırlayıram, ilk dəfə Çingiz Ələkbərzadənin "Çılpaqlı" romanını Əli-Bayramlıda çıxan "İşıq" qəzetinin redaksiyasında işlədiyim vaxtlarda oxumuşam. 1986-cı ildə mən redaksiyada əmək fəaliyyətinə başlayan vaxtlarda o həbs olunmuşdu. Təqribən məndən 15 il əvvəl bu qəzetdə işləmişdi.

Maraqlı bir təsadüfdür. "Çılpaqlı" adı mənə çox qəribə görünmüşdü o zaman. Romanın belə bir adının olması sıradışı bir hadisəydi. Əli Bayramlıda, indiki Şirvan şəhərində bu adda bir qəsəbə vardı, indi də var. İndi bu roman unudulub, hətta Vikipediyada onun adını yanlış yazıblar: "Çılpaq".

Son oxuduğum əsərlərindən də gördüyüm kimi, Çingiz bənzərsiz bir yazıçı olub. Məşhur 60-cılardan fərqli olaraq, əsərlərində romantikanın izi-tozu da yoxdur. Əksinə çox sərt, amansız bir realizm var üslubunda. Sovet dövrünün faktoqrafik salnaməsi sayılacaq qədər canlı hadisələrlə, həyatdan alınmış canlı obrazlarla doludur əsərləri. Kinematoqrafiya üçün nə qədər bol material var bu əsərlərdə.

Və xüsusən, Çingizin dili öz sadəliyi ilə bənzərsizdir. Süni şəkildə ütülənməyib, ədəbiyyat-qeyri-ədəbiyyat deyə arıtlanmayıb. Saf, sadə, səmimi bir insan olduğu əsərlərindən gün kimi görünməkdədir. Maraqlı bir məqamı da qeyd etmək istəyirəm: ataları Azərbaycanın rayonlarından Bakıya gələn yazıçı uşaqları kimi, Çingizdə ədabazlığın izinə rast gələ bilməzsiniz.

Onun qəhrəmanları həm rayonludur, həm də şəhərli. Yalançı elitarlıq, bir yazıçı kimi ona yaddır. Bioqrafiyasını araşdırarkən maraqlı bir fakta rast gəldim; hiperaktiv bir uşaq olub, Bakıda bir neçə orta məktəb dəyişib, nəhayətində valideyinləri onu Tovuz rayonuna göndəriblər, orta məktəbi burada tamamlayıb. Dolayısıyla, həm rayon mühiti, həm Bakı həyatı ona doğma olub.

Digər 60-cılardan fərqli olaraq, əsərləri üçün həyat materialını pəncərədən baxaraq toplamayıb, canlı həyatın içərisində olub və bu canlı həyatın magiyası onu diblərə qədər aparıb, həbsxanaya düşüb, çıxıb, çətinliklərlə mübarizə aparıb. Sanki bu adam ilk gənclik yaşlarından öz taleyi ilə bir əhd bağlayıb: yaxşı bir yazıçı olmağımdan ötrü mənimlə nə mümkündürsə onu et, deyib! Əsl sənətkarın əhdnaməsi belə olmalıdır.

Çərçivəyə sığmayıb, narahat bir ömür yaşayıb, özünü bu çərçivənin divarlarına çırpıb. Çərçivə də nə çərçivə olsa yaxşıdır, Sovetin dəmir-beton çərçivəsi. Əsla, o başqa qələm yoldaşları kimi qapalı sistemə uyğunlaşa bilməzdi. Bəlkə də uyğunlaşmaq istəyib, - bəzi fotolarında onu ütülənmiş görürük, - ancaq taleyi ilə bağladığı əhdnamə daim onu "cızığından çıxmağa" sürükləyib...

Sevda Ələkbərzadə
Sevda Ələkbərzadə

Portret cizgilərini tamamlamağa çalışıram... Çingiz Ələkbərzadəni ideallaşdırmaq istəmirəm, belə görünməməyə xüsusi diqqət ayırıram. Anca istər-istəməz portret ideal alınır. Çingiz həyatdakı öz missiyasını yaxşı başa düşüb, yaradıcılığa sona qədər sadiq qalması bunu göstərir, lakin büdrəyib, yıxılıb, ayağa qalxıb, çarpışıb, nəhayətdə bu missiyanı zəfərlə tamamlayıb... Sevdanın ifasında "Getmə", "Sənsiz", "Arazbarı", "İldırımlı yollarla" ifalarına qulaq asdıqca buna əmin oluram. Çingizin öz həyatı bir caz improvizasiyasına bənzəyir. Sevdanın yaradıcılığı bu həyatın davamıdır.

*

Əvvəldə dediyim kimi, talantın üzə çıxması bəzən bir neçə nəsil ard-arda edilən cəhdlərdən sonra baş verir. Bəzi yazıçı övladlarında artıq üçüncü cəhddə onun söndüyünü görürük. Məncə nə üçün belə olduğunu düşünməyə dəyər. Bəşər mədəniyyəti tarixinə baxdığımız zaman ona qısaca olaraq "qığılcımın ötürülməsi tarixi" də deyə bilərik. Əgər gerçək atəş varsa o bir gün alova çevriləcək. Zira ataların haqlı olduğu ondan bilinər ki, övladı onun yolunu davam etdirə. Məhəmməd Füzulinin sözləriylə desək, yaradıcılıq məsələsi "bir zövq ilə şövqdən deyildür", atəşdən və yanğıdandır.

Sevdanın ifasında olduğu kimi: "Salam Allahım, adım mənim Sevdadır, eşit məni nə olar, Fəryadım, üsyanım heç bitmir qəlbimdə mənim, rəhm et mənə nə olar..." Atası Çingizin sözlərinə bəstələyib bu mahnını. Bitməyən üsyanın davamıdır Sevdanın səsi. Bu səs də tale ilə bağlanmış əhdin səsidir. Sevdanı və onun sənətini də ideallaşdırmaq istəmirəm. Lakin bu ata-övlad ardıcıllığına oxucuların diqqətini çəkmək istəyirəm.

Bu nadir hadisədir. Bənzərinə hələm-hələm rast gəlmək mümkün deyil. Adlı-sanlı bir yazıçı olan Çingiz Ələkbərzadə son dərəcə rüsvayçı bir ittihamla şərlənərək həbs olunanda 50 yaşı vardı. Sevda orta məktəbin ikinci sinfində oxuyurdu. Adətən uşaqlar baş vermiş bədbəxtliklərin günahını özlərində görürlər.

Təxmin edirəm, Sevda günahları öz üzərinə götürəcək yaşda olub və baş vermiş faciənin zirehli maşını onun kiçik qəlbinin tam üzərindən keçib. Bunları mən uydurmuram, demək olar ki, Sevda bütün mahnılarında bunu deyir. Əslində Sevda Ələkbərzadə yalnız qəhrəmanların bacaracağı bir fədakarlığa imza atıb. Öz sənətiylə atasına bəraət qazandırıb. Onu olan və olmayan bütün ləkələrdən arındırıb.

*

Gözəl səsi olan, dərddən, qəmdən, kədərdən mahnılar oxuyan çox sayda müğənnilər var. Bu mahnılar insana təsir etmir, çünki dilə gətirilən kədərin həqiqiliyinə inanmaq olmur.

Olsa-olsa kiçik bir sevginin həsrəti, sevgilidən ayrılmanın verdiyi bir qüssə var bu səslərdə. Sevdanın yaradıcılığı fərqlidir. Onun səsi bütöv bir nəslin, o cümlədən, xalqın taleyini ifadə edir. "Arazbarı"nın xalqdan klassik musiqiyə, klassik musiqidən caz-vokaliz kompozisiyasına qədər keçdiyi yol mənəvi yüksəliş yoludur və bir mahnıyla tarix yazmaq elə bu cür olur.

Az qala bütün Azərbaycan musiqi tarixini yenidən yazır onun ecazkar səsi. Üzeyir Hacıbəylidən başlayan bir yolun sərf-nəzər edilməsidir Sevda Ələkbərzadənin yaradıcılığı.

Bu, Sevdanın öz zəfər yoludur, onun öz üsyanıdır və taledən aldığı amansız qisasıdır.

(Yazı müəllifin şəxsi mövqeyini əks etdirir)

XS
SM
MD
LG