Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:22

Avro ucuzlaşmaqda davam edir


-

ABŞ dolları avroya nisbətən bahalaşmaqda davam edir.

1 avro 1.2 dollar həddinə düşüb. Bu isə son 4,5 ildə ən aşağı məzənnədir.

Son günlər avronun kəskin enişinin əsas səbəbi bir tərəfdən Yunanıstanda siyasi böhranın dərinləşməsidir.

Növbədənkənar seçkilər ərəfəsində, rəy sorğularına görə, xarici yardımlar müqabilində kütləvi işçi ixtisarları aparmaq siyasətinə qarşı çıxan qüvvələr qələbəyə daha şanslı görünürlər.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana on milyardlarla avro həcmində yardımları yalnız dövlət xərclərinin kəskin azaldılması əvəzində verir.

Digər tərəfdən isə Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi son müsahibəsində deyib ki, avrozonada deflyasiyadan narahatdır və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlər paketi hazırlamaq haqda 6 ay əvvəlkinə nisbətən daha ciddi düşünür.

Bu müsahibədən sonra biznes adamlarında əminlik daha da artıb ki, yeni tədbirlər avronun daha da dəyərdən düşməsinə təkan verə bilər.

Bundan başqa ABŞ Mərkəzi Bankının faiz dərəcələrini yenidən qaldırması ehtimalının artması da avronun məzənnəsinə mənfi təsir edir.

ABŞ faiz dərəcələrini qlobal maliyyə böhranı başlanan kimi aşağı salmışdı.

Amma Amerika iqtisadiyyatı böhrandan çıxma istiqamətində hərəkət etdikcə, işsizlik faizi düşdükcə, Amerika rəsmiləri bu cür stimullaşdırma tədbirlərindən imtina haqda daha tez-tez danışmağa başlayıblar.

XS
SM
MD
LG