Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:26

Əkrəm Əylisli: “Müsəlman dünyası əks fikrə dözümsüzdür”


Əkrəm Əylisli
Əkrəm Əylisli

-

“Mən peyğəmbərinin təhqir olunmasına görə özünü təhqir olunmuş hiss edən adamları başa düşürəm.

Amma həmin təhqir olunmuş adamın əlinə tüfəng alıb qətliam törətməsini anlamıram”.

“Mirzə Fətəli, Mirzə Cəlil kimi şəxsiyyətlər yetişdirmiş xalqı itələyib zorla dini fanatizm dərəsinə salmaq istəyirlər”.

Yazıçı Əkrəm Əylisli ilə söhbət

- Əkrəm bəy, Parisdə satirik jurnalın redaksiyasında törədilmiş qətliam barədə nüfuzlu din xadimləri, siyasətçilər öz fikirlərini bildirirlər. Bir ziyalı, yazıçı kimi siz nə düşünürsünüz?

- Ümumiyyətlə, bütün bu artdıqca artan münaqişələr məni dəhşətli dərəcədə sarsıdır.

Axı nəyə görə 21-ci əsrdə bu qədər kəskin dini münaqişələr baş verməlidir? Etnik münaqişələr bir tərəfdən, dini münaqişələr də o biri tərəfdən. Bu zəmində baş verən münaqişələr 21-ci əsrin vəbasıdır.

Parisdə "Charlie Hebdo" jurnalına hücum edənlərdən ikisi, 7 yanvar, 2015
Parisdə "Charlie Hebdo" jurnalına hücum edənlərdən ikisi, 7 yanvar, 2015

20-ci əsrdə başlandı, 21-ci əsrdə isə vəbadan da pis şəkildə yayıldı. Dünyada böyük iqlim dəyişmələri, sunamilər, zəlzələlər baş verir. İnsanlar əl-ələ verib bu təbiət hadisələri qarşısında aciz qalmamaq üçün yollar fikirləşmək əvəzinə bir-birilərindən daha da uzaqlaşırlar.

- İslamı əldə bayraq edib zorakılıq törədənlərə, öz əməlinə haqq qazandıranlara necə baxırsınız?

Parisdə satirik jurnala hücumla bağlı karikatura. Müəllif: Sergei Elkin
Parisdə satirik jurnala hücumla bağlı karikatura. Müəllif: Sergei Elkin

- Əvvəla, bu hadisələri guya avropalıların özlərinin təşkil etməsi, bununla da İslamın imicini korlamaq istəməsi barədə bizim bəzi saytlarda yazılanlara inanmıram. 11 sentyabrda Amerikada törədilən terror aktı haqda da belə deyənlər olmuşdu. İnanmıram ki, fransızların özləri hansısa siyasi məqsədlə, müsəlmanlarla münasibətləri gərginləşdirmək üçün gedib öz vədəndaşlarını öldürsünlər.

Gördüyüm, hiss etdiyim odur ki, müsəlman aləmi dünyaya qorxunc bir şey kimi təqdim olunur. Bunun nə dərəcədə obyektiv əsası var, dünyanın müsəlmanlardan qorxması üçün nə dərəcədə əsas var, bunu deyə bilmərəm. Bunu araşdırmamışam, bilmirəm.

Amma müsəlman-xristian münasibətlərində qorxunc bir psixoloji zəminin yaranmasını müşahidə edirəm. Bu isə bütövlükdə dünya üçün qorxulu bir məsələdir.

Ümumiyyətlə, mən azad sözə qarşı basqını pisləyirəm. Bu, bəşəriyyət üçün qorxunc bir hadisədir. Azad söz niyə kimlərisə qorxutmalıdır? Yalnız haqsız adam azad sözdən qorxar, söz azadlığının yayılmasını istəməz. Günahı olanlar qorxaq olar.

Əgər bu hadisəni törədənlər hansısa ekstremist müsəlman dairələridirsə, onlar öz hərəkətləri ilə müsəlmanlara, İslama qarşı böyük etirazlar yaradırlar. Müsəlmanlara qarşı bu etirazların artması məni sıxır.

Bir şeyi də deyim. O adamlar ki, İrandan, yaxud hansısa ərəb ölkəsindən Avropaya gedir, orda sığınacaq alır, işə düzəlir, onların hədsiz müsəlmanpərəstliyi, dini təəssübkeşliyi məndə böyük şübhə doğrurur.

Adama deyərlər ki, əgər sən dininə bu qədər sədaqətliydinsə, elə öz məmləkətində qalardın da. Onun suyunu içib havasını alardın, öz dinindən olanların arasında yaşayardın da.

- Qərb ölkələrində İsa peyğəmbərin karikaturasını çəkirlər və insanların da buna aşırı reaksiyasını görmürük. Müsəlman ölkələrində isə nəinki Məhəmməd peyğəmbərin karikaturasını, heç portretini də çəkmək mümkün deyil. Sizcə, bu məsələdə sərhəd hardan keçməlidir?

Fransa - Strasburqda Parisdə öldürülmüş jurnalistləri anım mitinqi, 8 yanvar, 2015
Fransa - Strasburqda Parisdə öldürülmüş jurnalistləri anım mitinqi, 8 yanvar, 2015

- Mənə elə gəlir ki, müxtəlif inkişaf mərhələlərində, müxtəlif mədəni səviyyələrdə olan xalqlar bir-birini anlamağa çalışmalıdır. Yəni Avropanın mədəni səviyyəsi, oradakı demokratiyanın inkişaf səviyyəsi müsəlman ölkələrindəki səviyyə ilə heç zaman uzlaşmır.

Yəni faktiki olaraq mədəniyyətlər toqquşur. Mənim müşahidə etdiyim odur ki, Avropa müsəlman ölkələri ilə öz arasında müəyyən yaxınlıq yaratmağa çalışır. Çalişir ki, Avropaya gəlmiş müsəlmanlar təhlükə altında qalmasın. Amma bu, göz qabağında olan faktdır ki, müsəlman dünyası əks fikrə dözümsüzdür. Biri silah götürüb gedir yüz adamı öldürür, sünni şiəni qətlə yetirir.

Fanatik heç vaxt alternativ fikri qəbul eləmir. Müsəlman dünyasında isə, mənə elə gəlir ki,dini fanatizm gündən-günə güclənir. Din qorxunc bir şeyə çevrilməkdədir. Din insanları sakitləşdirmək, onlarda daxili harmoniya yaratmaq əvəzinə bu harmoniyanı dağıtmağa başlayır.

Mən peyğəmbərinin təhqir olunmasına görə özünü təhqir olunmuş hiss edən adamları başa düşürəm. Amma həmin təhqir olunmuş adamın əlinə tüfəng alıb qətliam törətməsini anlamıram. Sağlam düşüncə bunu qəbul edə bilməz. İnsan qarşı tərəfə ağlı, savadı ilə cavab verə bilməyəndə bu cür ektremist hallar yaranır. Qarşısında dayananın hərəkətini araşdırıb ona sözlə cavab vermək əvəzinə ona düşmən kimi baxır, başına güllə çaxır. Dünyada bu cür mühitin yaranması gələcəyimiz haqda nikbin fikir söyləməyə əsas vermir.

Şükür eləmək lazımdır ki, Azərbaycanda belə terror hadisələrinin qarşısını alırlar, amma daha uzunömürlü sabitlik yaratmaq üçün, məncə, demokratiyanın da inkişafına imkan vermək lazımdır. Belə olanda sabitlik daha uzunömürlü olar.

- Əkrəm bəy, sizin “Daş yuxular” əsərinizdə də dinlə, peyğəmbərlə bağlı məqamlar vardı ki, bəzi dindarların narazılığına səbəb olmuşdu. Sizcə, Azərbaycanda dindarların alternativ fikrə dözümü varmı?

- Əvvəla, “Daş yuxular”da din, peyğəmbər əleyhinə heç nə yox idi. Sadəcə, o zaman romana qarşı təşkil olunmuş kampaniyanın bir hissəsi kimi onu guya dinə qarşı olan əsər kimi də təqdim etməyə çalışırdılar.

Mirzə Ələkbər Sabirə etiraz edən dindarlar
Mirzə Ələkbər Sabirə etiraz edən dindarlar

O ki qaldı dözüm məsələsinə, məsələn, bizim dahi sənətkarımız, Azərbaycan mədəniyyətinin banisi Mirzə Fətəli Axundov din haqqında elə kəskin fikirlər söyləyib ki, onu heç Salman Rüşdi də deməyib.

Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov

Mirzə Cəlil öz əsərlərində dinin içində olan, insanları kölə vəziyyətinə salmağa yönələn bəzi məqamları öz əsərlərində qeydə alıb. Çox gözəl və aydın şəkildə göstərib.

Mirzə Fətəli, Mirzə Cəlil kimi şəxsiyyətlər yetişdirmiş, “Harda müsəlman görürəm, qorxuram” deyən Sabir kimi qəhrəmanı olan xalqı itələyib zorla dini fanatizm dərəsinə salmaq istəyirlər.

Mənə elə gəlir, Azərbaycan kifayət qədər mənəvi gücə, sağlam düşüncəyə malikdir ki, o yola düşməsin.

Amma görürsən ki, müasir dünyada hər şey eləmək olur. Min ildə yatsam yuxuma girməzdi ki, rusla ukraynalı bu qədər qanlı savaşa girə bilər. Heç nə haqda qəti söz demək, proqnoz vermək, hökm vermək olmur. Amma Azərbaycan mədəniyyətinin kökündə tolerantlıq var. Əgər Mirzə Fətəlini yetişdirməsəydi, mən təsəvvür eləmirəm, Azərbaycan mədəniyyəti indi nə gündə olardı. O bizim üçün görün nə qədər işıqlı bir aləm qoyub gedib. Biz bu aləmdən qaçsaq, bizim axırımız pis olacaq. Azərbaycan çadranı atan, qadın azadlığına imkan verən ilk müsəlman ölkəsidir. “Sevil” əsəri gözümüz qarşısındadır.

Bax belə bir mədəniyyətə, tarixə sahib olan xalqı, mənə elə gəlir ki, itələyib cəhalət girdabına salmaq heç də asan olmayacaq. Müasir dövrdə biz son dərəcədə ayıq olmalıyıq ki, Mirzə Fətəlinin, Mirzə Cəlilin əsərlərindəki obrazları - o cahilləri təzədən büt kimi, ağıl-dərrakə sahibləri kimi qəbul etməyə başlamayaq.

XS
SM
MD
LG