Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:31

HRW: "Almaniya insan haqlarına görə Əliyevə təzyiq göstərməlidir"


Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson
Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson

.


"Almaniyanın kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevi çağırmalıdır ki, aparıcı insan haqları müdafiəçiləri, jurnalistləri, hökumətin digər tənqidçilərini azadlığa buraxsın," bunu Human Rights Watch (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı yanvarın 20-də yaydığı bəyanatında deyir.

FÜRSƏTİ QAÇIRMAQ OLMAZ

Angela Merkel yanvarın 21-də Berlində İlham Əliyevlə görüşüb ikitərəfli münasibətləri, enerji siyasətini və digər məsələləri müzakirə edəcək.

HRW bildirir ki, təkcə 2014-cü ildə Azərbaycan hakimiyyəti 30-dan çox hökumət tənqidçisini həbsə atıb. Müstəqil təşkilatların işini məhdudlaşdıran qanunvericilik dəyişiklikləri qəbul olunub. Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyir:

"Kansler bu fürsəti qaçırmamalı, açıq və qapalı görüşlərdə Azərbaycan prezidentini insan haqlarına hücumu dayandırmağa çağırmalıdır. Fəallara qarşı bu ittihamlar siyasi motivlidir. Merkel onların azadlığının təminatına kömək edə bilər".

YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ GƏLMƏSİN

Bəyanatda qeyd olunur ki, hökumət azı 34 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəalı, jurnalist və bloqqerə qarşı saxta ittihamlar irəli sürüb. Bəziləri ölkədən qaçıb gizlənməyə məcbur olub. Saxta ittihamlara isə qanunsuz narkotik maddə və silah saxlama, vergidən yayınma, xuliqanlıq, təhrik etmə, hətta vətənə xəyanət daxildir.

Azı 50 qeyri-hökumət təşkilatının, bəzi hallarda həmin qurumlarının əməkdaşlarının bank hesabları dondurulub. Azı 3 insan haqları qrupu bağlanmağa məcbur olub, digərləri fəaliyyətini dondurub:

"Artan təzyiqlərlə eyni vaxtda Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu meqa idman tədbiri ölkənin beynəlxalq imicini gücləndirməyə xidmət edir. Avropa ölkələrinin iştirak etdiyi bu yarış ilk dəfə olaraq Bakıda, iyunun 12-dən 28-dək keçiriləcək. Merkel aydın şəkildə bildirməlidir ki, həbsdəki fəallar azad olunmayanadək Almaniya Avropa Oyunlarına yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcək," Human Rights Watch bildirir.

HRW-nın mövqeyinə görə, Angela Merkel özəlliklə hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, İntiqam Əliyev, Anar Məmmədli, jurnalist Xədicə İsmayıl, siyasi hərəkat lideri İlqar Məmmədovun dərhal azad edilməsini istəməlidir.

DAHA SIX MÜNASİBƏTLƏR NƏYƏ SÖYKƏNİR

Williamson deyir:

"Dünya liderləri ilə görüşmək və meqa idman tədbirləri keçirməklə Prezident Əliyev daha böyük legitimlik axtarışındadır. Merkel aydın şəkildə bildirməlidir ki, Avropa ilə daha sıx siyasi və iqtisadi təmaslar, ədalətsiz həbs olunmuş jurnalist və hüquq müdafiəçilərinin buraxılması və fundamental insan haqlarına hörmətə birbaşa bağlıdır".

Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi motivlərlə həbsə atılmadığını, ancaq törətdiyi cinayətə görə saxlandığını bəyan edir. Human Rights Watch, Freedom House, Amnesty İnternational kimi beynəlxalq hüquq-müdafiə təşkilatları isə Azərbaycana qarşı ikili standartlar, qərəzli münasibət sərgiləməkdə ittiham olunur.

XS
SM
MD
LG