Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:31

İntiqam Əliyev: «Həbsimiz mübarizəmizin bir yoludur»


İntiqam Əliyevin vəsatətləri təmin olunmadı
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

İntiqam Əliyevin vəsatətləri təmin olunmadı

-

«Məni qəfəsdən çıxarın. Bura heyvanlar üçündür. Qəfəs insan ləyaqətini alçaldır»

Bu sözləri həbsdə olan hüquqşünas İntiqam Əliyev yanvarın 23-də Ağır Cinayətlər Məhkəməsindəki çıxışında səsləndirib. Hazırlıq iclasında vəkillər əvvəlcə ümumi vəsatətlə çıxış ediblər, hakimdən ittihama xitam verilməsini istəyiblər. Vəkillər bildiriblər ki, təqdim etdikləri vəsatətdə kifayət qədər fakt var ki, sözügedən iş məhkəmə müstəvisinə çıxarılmasın.

«İttihamın kökündə o dayanır ki, İntiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyəti qrant müqavilələrini qeydiyyatdan keçirməyib və bu pulları xərcləyib. Bu pullar xərcləndiyinə görə qanunsuz fəaliyyət kimi qiymətləndirilib. Amma cinayət işinin içində bu pulların xərclənməsini göstərən bircə fakt belə yoxdur. İntiqam Əliyev nəyi, kimin pulunu mənimsəyib, bilinmir» – vəkil Elton Quliyev belə deyib.

VƏSATƏTLƏR TƏMİN OLUNMAYIB...

Hakim Rasim Sadiqov vəkillərin bu vəsatətini təmin etməyib.

Daha sonra çıxış edən İntiqam Əliyev hakimdən onun qəfəsdən çıxarılmasını və vəkillərinin yanında oturmasını xahiş edib. Hakimin bu vəsatəti də təmin etməməsinə münasibət bildirən İntiqam Əliyev məhkəmə zalında vəkilləri ilə konfedensial ünsiyyət hüququnun pozulmasından da şikayətçi olub.

İNTİQAM ƏLİYEV: «HƏBSİMİZ MÜBARİZƏMİZİN BİR YOLUDUR»

İntiqam Əliyev çıxışında siyasi məhbuslara fərqli münasibətin olmasından danışıb:

Bütün bunlar bizi sındıqmaq üçündür. Amma mənim, Xədicə, Leyla, Rəsul, Anar – bizim həbsimiz mübarizəmizin bir yoludur

«Bizim vəkillərlə görüşümüz zamanı az qala tamamilə soyundurulub yoxlanırıq. Son dəfə mənim məhkəmə üçün hazırladığım vəsatətlər də əlimdən alındı. Bizi məhkəməyə tabut boyda bir yeri olan maşında gətirirlər. 9 nəfər üçün nəzərdə tutulan maşına azı 11 nəfər oturdulur və darısqallıqdan, havasızlıqdan hər dəfə adamlardan biri yolda qaytarır (qusur). Bütün bunlar bizi sındıqmaq üçündür. Amma mənim, Xədicə, Leyla, Rəsul, Anar – bizim həbsimiz mübarizəmizin bir yoludur. Bu həm də bizə imkan yaradır ki, içəridəki vəziyyəti öz gözümüzlə görək. Bütün bu həbslərin arxasında siyasi məqamlar durur».

Ədliyyə nazirliyinin maşını
Ədliyyə nazirliyinin maşını

İntiqam Əliyev məhbusların gətirildiyi maşınların dövlət nişan nömrəsini də səsləndirməklə məsələyə diqqət çəkmək istədi: 10 AO 369, 10 AO 356.

Daha sonra İntiqam Əliyev rəhbərlik etdiyi təşkilatın aldığı bütün qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini bildirib:

«Ofisimizdə axtarış aparılan zaman bütün sənədlər qanunsuz formada, sənədləşdirilmə aparılmadan qara torbalara yığılıb aparılıb. Yaşadığım evdə də qanunsuz olaraq övladlarıma, hətta qardaşım uşaqlarına aid kompüterlər də qanunsuz götürülüb. Bütün fəaliyyətimizlə bağlı sənədlər, bütün məlumatlar və möhürümüz istintaq orqanındadır. Biz Ədliyyə Nazirliyinə müraciət etdik ki, bizə qeydiyyatla bağlı sənədlərin sürətini versin, həmçinin istintaq orqanından da bəzi sənədlərin sürətini istədik,amma bizə əsassız olaraq rədd cavabı verildi. Bu da onu göstərir ki, bütün bu orqanlar, Ədliyyə Nazirliyi bizim həbsimizdə maraqlıdır».

İntiqam Əliyev təşkilatın ödəniş tapşırıqları ilə bağlı sənədlərdəki imzaların ona məxsus olmadığını iddia edib. Bildirib ki, sənədlər saxtalaşdırılıb. Hüquqşünas bildirib ki, hətta adi gözlə də baxdıqda istintaqın əsas götürdüyü sənədlərdə imzanın ona məxsus olmadığı görünür, amma istintaq müddətində bununla bağlı heç bir ekspertiza da təşkil olunmayıb.

İntiqam Əliyevin evi axtarışdan sonra
İntiqam Əliyevin evi axtarışdan sonra

Daha sonra həm İntiqam Əliyev özü, həm də vəkilləri zərərçəkən Gülşən Orucovanın – Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olub – bankla bağlı hesabatları barədə bankdan tam məlumat alınması, həmçinin onun mülkiyyəti barədə məlumatın əldə olunmasının vacibliyi məsələsini qaldırıblar. İttihama görə 119 min manat vəsait Gülşən Orucovanın bacısının bank hesabına köçürülüb. İttiham olunur ki, həmin vəsaiti bacılar bankdan çıxarıb İntiqam Əliyevə veriblər. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar. Həmçinin məhkəmədən Gülşən Orucovanın hesabına başqa təşkilatlardan da ödəməl olduğunun aydınlaşdırılmasını istəyiblər.

Vəkillər daha sonra məhkəmə prosesinin ictimai maraq kəsb etdiyindən daha çox insan tutumu olan böyük zalda keçirilməsi, audio-video çəkilişinin aparılması, sənədlərdəki imzanın İlntiqam Əliyevə məxsus olmasını sübut etmək üçün ekspertizanın təşkili, ofisin möhürünün ləğvi, İntiqam Əlieyin həbsinin ev dustaqlığı ilə əvəz olunması, bəzi sübutların siyahıdan çıxarılması kimi vəsatətlər də qaldırıblar.

İntiqam Əliyev Çexiyada mükafat alarkən
İntiqam Əliyev Çexiyada mükafat alarkən

«Məhkəmə sübut etsə ki, köçürülən pullardan 1 manat belə mənə çatıbsa və sənədlərdəki imzalar mənə aiddirsə, ən axırıncı adam kimi ən ağır cəza çəkməyə hazıram» – bunu da prosesin gedişatında İntiqam Əliyev deyib. Əlavə edib ki, hələ Praqada səfərdə olarkən ölkəyə qayıdan kimi həbs olunacağı xəbərini alıb və əlində Çexiyada qalmaq, oradan sığınacaq almaq şansı olduğu halda geri qayıtmağa üstünlük verib. O həmçinin çıxışında zərərçəkən Orucova bacılarının həbsini istəmədiyini, amma həqiqətin üzə çıxmasında israrlı olduğunu bildirib.

Zərərçəkən Gülşən Orucova bütün bank hesablarının, mülkünün araşdırılmasına etiraz edib, bunun işə bağlılığının olmadığını deyib.

Hakim vəkillərin qaldırdığı vəsatətlərdən heç birini təmin etməyib.

Növbəti proses fevralın 3-ə təyin olunub.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

O, ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG