Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:32

Michelle Obama Səudiyyə Ərəbistanındakı geyimi ilə gündəmə gəlib


Prezident Barack Obama və birinci ledi Səudiyyə Ərəbistanında.
Prezident Barack Obama və birinci ledi Səudiyyə Ərəbistanında.

Jurnalistlər qeyd edirlər ki, Michelle Obama bu hərəkəti ilə dünyada qadınların hüquqlarını ən çox məhdudlaşdıran ölkənin rəhbərliyinə güclü mesaj vermiş olub.

Qərb mətbuatı yazır ki, Birləşmiş Ştatların birinci ledisi Səudiyyə Ərəbistanında kralın yas mərasiminə və yeni kralla görüşə baş örtüyü olmadan gedib.

Jurnalistlər qeyd edirlər ki, Michelle Obama bu hərəkəti ilə dünyada qadınların hüquqlarını ən çox məhdudlaşdıran ölkənin rəhbərliyinə güclü mesaj vermiş olub.

Bununla belə, Michelle Obama-nın kral Salman bin Abdul-Aziz Al Saud-la görüşə başı açıq getməsi sosial şəbəkələrdə həm qınaq, həm də alqışla qarşılanıb.

Şəriət daxili xanımlar üçündür

Səudiyyə Ərəbistanında qadınların əksəriyyəti bütün vücudu və üzü örtən niqab geyinir.

Bundan əlavə bu ölkədə qadınların maşın sürməsi qadağandır və onlar evdən çıxıb hara isə gedəndə yanlarında məhrəm kişilərdən kiminsə olması qanunla nəzərdə tutulub.

Britaniya mətbuatı yazır ki, xarici ölkələrdən gələn qadınların sərt hicab qaydalarına riayət etmələri icbari deyil.

Jurnalistlər diqqəti belə bir məqama da çəkirlər ki, xanım Obama hər halda qollarını və ayaqlarını tam örtən don geyinibmiş.

Kişilərlə əl-ələ

Səudiyyənin dövlət televiziyasındakı süjetlərdə ərinin və kral Salmanın yanında görünən Michelle Obama-nın saçları açıq olub.

Başqa qadın qonaqlardan bəziləri də başlarını örtməyiblər.

Associated Press agentliyi xəbər verir ki, Səudyyənin yalnız kişilərdən ibarət olan rəsmilər komandasından bəziləri Michelle Obama ilə əl-ələ görüşüblər.

Agentlik diqqəti belə bir məqama da çəkir ki, bu ildən etibarən Səudiyyə qadınları yerli bələdiyyələrə seçkilərdə səs verə biləcəklər.

Michelle Obama İndoneziyada niyə başını örtmüşdü?

Səudiyyə Ərəbistanından əvvəl prezident Obama və xanımı Hindistanda rəsmi səfərdə olublar.

Oradakı çıxışında Barack Obama qadınlara daha çox hüquqların verilməsinin zəruriliyindən söz açıb.

“Biz təcrübədənbilirik ki, qadınları uğurlu olan ölkələrin özləri də uğurlu olur, - deyib Obama, - Bunlar bir faktdır. Odur ki, bugünkü qlobal iqtisadiyyatda uğur qazanmaq istəyənlər, öz xalqlarının yarısına biganə qala bilməzlər”.

“Washington Post” qəzeti xəbər verir ki, Səuddiyyədən çıxan 1500-dək tvitin əksəriyyətində Michelle Obamanın başını örtməməsi qınanır.

Sosial şəbəkə istifadəçilərindən bəziləri yada salırlar ki, birinci ledi 2010-cu ildə İndoneziyaya səfər edərkən başını örtmüşdü.

Başlarını örtənlər və örtməyənlərin qısa xronikası

“The Daily Telegraph” isə müqayisə üçün yazır ki, 1979-cu ildə Körfəzə səfəri zamanı Britaniya kraliçası ikinci Elizabeth başını örtmüşdü. Hərçənd belə bir detala da fikir verilib ki, əlahəzrət Səudiyyəyə gəlib çatanda başındakı şalı artıq boğazına endiribmiş.

Səudiyyə Ərəbistanına başıaçıq səfər edən başqa bir məşhur qadın isə ABŞ-ın keçmiş dövlət katibi Condoleezza Rice olub.

2011 və 2006-cı ildə Səudiyyəyə səfərləri zamanı birinci ledilər Hillary Clinton və Laura Bush da başlarını örtməmişdilər.

ABC isə bu qənaətdədir ki, fotolarda və videosüjetlərdə xanım Obama ona göstərilən qəbuldan o qədər də məmnun görünmür.

Britaniya mətbuatı yazır ki, birinci ledinin başını örtüb-örtməməsindən asılı olmayaraq, Barack Obama Səudiyyəyə səfəri zamanı ölkəsinin bu krallığa münasibətinin dəyişməz olaraq qaldığını bildirib və işarə edib ki, milli təhlükəsizlik məsələləri insan haqlarına münasibətdə prioritet olaraq qalır.

XS
SM
MD
LG