Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:28

«Banklar prezidentin tapşırığına əməl edirmi?»


Foto: Arxiv
Foto: Arxiv

-

«Yeni Müsavat» qəzeti bu suala cavab axtarır.

Qəzet yazır ki, İlham Əliyevin banklardan gözlədiyi addım onların biznes kreditlərinə daha çox vəsait ayırmasıdır: «Ancaq görünən odur ki, banklar iradlardan nəticə çıxarmır. Ekspertlər isə bildirirlər ki, bankların istehsalın uzunmüddətli sferasına kredit verməməsinin səbəbi bu sahədə risklərin yüksək olmasıdır».

REAL SEKTORDA GİROVLARLA BAĞLI PROBLEMLƏR VAR

İqtisadçı-ekspert Vüqar Bayramovun dediyinə görə, hələ də real sektora yönəldilən kreditlərin həcmi ümumi kredit portfelində aşağı olaraq qalmaqdadır:

«İndiki halda kommersiya banklarının real sektoru daha çox maliyyələşdirməsi vacibdir. Çünki nəzərə alsaq ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda investisiya xərclərinin azalacağı proqnozlaşdırılır və həmin fərqin kommersiya bankları tərəfindən ödənilməsinə və ya kompensasiya edilməsinə ehtiyac var.

Vüqar Bayramov
Vüqar Bayramov

Amma təəssüf ki, kommersiya bankları real sektoru maliyyələşdirməkdə maraqlı deyillər. Əvvəla, istehlak kreditləri üçün faiz dərəcələri yüksək olduğu üçün bunda banklar maraqlıdır. Həmçinin real sektorda girovlarla bağlı problemlər var, kommersiya bankları girovlar olmadan vəsait, kredit verməkdə maraqlı deyillər. Rayonlarda isə cəlb edilən girovun təxminən 60 faizi həcmində kredit verilir. Daha böyük məbləğli kreditlər üçün daha bahalı girovların cəlb edilməsinə ehtiyac var. Bu da əksər hallarda real sektor üçün problemlər yaradır».

KREDİTLƏR İSTEHSALI DƏSTƏKLƏMƏYƏ QADİR DEYİL

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, uzunmüddətli kreditlərə banklarda maraq yoxdur:

Natiq Cəfərli
Natiq Cəfərli

«Faizlər həddindən artıq yüksəkdir. Son açıqlanan rəqəmlərə görə, uzunmüddətli istehsala sərf olunan kreditlər ortalama 10-12 faiz civarındadır. Bu, çox yüksək faizdir və istehsala başlamaq və yaxud da biznes açmaq istəyən hər hansı bir işadamı bu yüksək faizlərlə uzunmüddətli kredit götürərkən əksər vaxt gəlirə çıxma zamanı çox vaxt ziyana düşür. Ona görə də biznes çevrələrində də belə kreditlərə maraq çox olmur».

Ekspertlərə görə, ölkədə verilən kreditlər istehsalı dəstəkləməyə qadir deyil. Bir neçə il qabaq ümumi kredit səbətində istehlak kreditlərinin payı 26-27 faiz ətrafında dəyişirdisə, keçən il 37-38 faizə qalxmışdı. Hazırda isə 41 faiz ətrafında dəyişir.

XS
SM
MD
LG