Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:02

Lars fon Trier, Şərif Ağayar və insanın içindəki köpək


Dogville, treylerdən kadr
Dogville, treylerdən kadr

-

Bu filmin finalı alışdığımız sonluqlara bənzəmir. Qreys ona sığınacaq vermiş şəhərin yandırılmasını istəyir:

"Bu ailədə əvvəl uşaqları öldürün, anasının gözü qarşısında!”.

Bu qəddarlığın səbəbi nə idi?

Baxılmalı filmlər

Əli İsa Cabbarov

ŞƏRİF AĞAYAR, LARS FON TRİER VƏ XIZIRIN MUSA PEYĞƏMBƏRƏ VERDİYİ İBRƏTLƏR

Humanizm və faşizm bəzən çox yaxın olur.

Əvvəl Şərifdən başlayaq, müəllifin “Humanizm” adlı şeirindəndir:

O dağın ətəyindəki kəndi görürsənmi
sakit və xoşbəxt həyatıyla
qibtə hissi doğurur adamda
evləri biri-birinin sobasına
qızınacaq qədər yaxın
ağacları baş-başa verib pıçıldaşır
küləklərin eşqinə

adamları mehriban
qızları gözəl
gəlinləri həyalı
itləri qonağa hürməz heç zaman
azan səsiylə oyanır o kənd
şəhadət kəlməsiylə yuxuya gedir

Kəndin idillik təsvirindən sonra, müəllif qəflətən tonallığı dəyişir:

hücum etməli o kəndə!
kişilərini yerindəcə güllələməli
ağzı dualı qocalarını
ağaclara sarıyıb yandırmalı
uşaqlarını dəmir borulara doldurub
qaynaq etməli

hücum etməli o kəndə
qızlarını zorlamalı
saçından yapışıb sürüməli
hamilə gəlinlərin
şişman qarınlarını
nallı çəkmələrlə təpikləməli
süngüylə yırtıb çıxarmalı
canına yenicə qan hopmuş rüşeymləri

hücum etməli o kəndə
bağdakı itlərə belə aman verməməli
evlərin hamısına od vurmalı

Sonra müəllif qətliamın səbəbini anladır:

darmadağın etməli o kəndi!
bir nəfər belə sağ buraxmamalı

…sağ buraxmamalı bir kimsəni
o kəndin acılarıyla yaşamağına
qıymamalı

İndi Lars fon Trierin “Doqvil” filminin baş qəhrəmanı Qreysin finaldakı əmrlərini dinləyin: “Viran olması ilə dünyanı yaxşılaşdıracaq şəhər varsa, o Doqvildir. Hamınıı güllələməli, şəhəri yandırmalı. Bu ailədə əvvəl uşaqları öldürün, anasının gözü qarşısında. Anasına deyin göz yaşlarını saxlaya bilsə atmayacaqlar”. (Ardı aşağıda)

ABŞ, XX əsrin 30-cu illəri. Böyük Depressiya. Qreys dağların ətəyində yerləşən və tərcümədə mənası ”İt-kənd” olan Doqvilə qanqster olan atasının təqiblərindən qaçaraq gəlib çıxıb.

Atası ilə konfliktə gətirib çıxaran səbəbləri filmin finalında biləcəyik.

Şəhər sakini gənc yazar, daha doğrusu yazarlığa iddialı Tom Qreysi təqib edən qanqsterlərdən gizlədir.

Tom periodik olaraq yığışan şəhər sakinlərinin yığıncağında Qreysi təqdim edir. Şəhərin tam hüquqlu sakini olmaq üçün Qreysə 2 həftəlik sınaq müddəti ayırırlar.

Bu müddət ərzində Qreys şəhər sakinlərinin işlərinə kömək etməlidir. İki həftəlik müddətdən sonra şəhər sakinlərinin iclası Qreysi dəstəkləyir və onun əməyi nəticəsində şəhər həyatınn yaxşılaşdığını söyləyirlər.

Qreysin Doqvildə həyatı dağların arasında itib batmış şəhərə polislərin gəlişindən sonra zülmə çevrilir. Şəhər sakinlərinin iclası Tomun təklifi ilə qərara alır ki, əgər biz Qreysi polisdən gizlədərək özümüzü təhlükəyə atırıqsa, Qreys daha çox işləməlidir.

Və Qreys qultək işləyir, işin çoxluğu xətalara gətirir. Şəhər sakinləri narazılıqlarını bildirir, Qreyslə aqressiv davranırlar.

Polislərin şəhərə növbəti gəlişində işlədiyi bağın sahibi Çak Qreysi zorlayır – onu polisə təslim edəcəyi ilə şantaj edərək.

Qreys rolunu Nicole Kidman ifa edib.
Qreys rolunu Nicole Kidman ifa edib.

Sonra bu sistemli hal alır və təkcə Çak tərəfindən yox. Qreys şəhərdən qaçmağa cəhd edəndə yük maşının sürücüsü Benu ətrafda çoxlu polislər olduğunu bəhanə edib əlavə haqq əvəzi Qreysi zorlayır və maşını yenidən Doqvilə sürür.

Benu şəhər sakinlərinə Qreysin özünün maşının furqonunda gizləndiyini deyir. Şəhər sakinləri Qreysin qaçmaq cəhdlərinin qarşısını almaq üçün ayağını zəncirləyir, başına kiçik zəngli dəmir bağlayırlar.

Başı zəncirli, ayağı qandallı, şəhər sakinləri tərəfindən hərfi və məcazi mənada zorlanan Qreyslə ona şəhərdə sığınacaq vermiş, qacmaq cəhdində dəstək olmuş, aralarında sevgi yaşanan Tomla münasibətləri də kulminasiyaya çatır.

Şəhər sakinləri Tomu pul oğurluğunda ittiham ediləndə, o, günahıı Qreysin boynuna atır . Səni ancaq özümdən şübhələri rədd etməklə qoruya bilərəm. Sonradan Tomun seks təklifini Qreys rədd edir.

“Bütün şəhər bədənini dadıb, məndən başqa” söyləyən Toma Qreys “sən də onlar kimi zorla, həbslə qorxudub zorla” deyir. Tom vaxt istəyib otaqdan çıxır. Vaxtı ilə Qreysi təqib edən qanqsterlərə zəng edib onları çağırır. Qanqsterlər və başlarında Qreysin atası Doqvilə gəlirlər.

Atası ilə Qreysin yarımcıq qalmış dialoqu davam edir. Mərhəmət, yoxsa cəza haqda mükalimə. İnsan qərar verməli, hökm çıxarmalı, cəzalandırmalı, yoxsa rəhm etməli. Atası hökm çıxarıb cəza verənlərdən idi.

- Sən özünü Allah bilrsən ata, sən təkəbbürlüsən.

- Sən isə insanlara hökm çıxarmırsan, cünki onlara simpatiyan var. Atılmış uşağa da, qatilə də rəhmin var. Çünki həmişə şərait günahkardır. Sənə görə qatillər özü də qurban ola bilır. Mənə görə isə onlar köpəkdilər. Əgər onlar qaytardıqlarını yeməyə hazırdırlarsa onların qarşısını ancaq qamçı ilə almaq olar.

- Axı, köpəklər öz təbiətinə qarşı gedə bilməzlər. Niyə də onlara rəhmimiz gəlməsin?

- Köpəkləri çoxlu xeyirli işlərə öyrəşdirmək olar. Amma bir şərtlə: Köpək naturaları güc gələndə rəhm edilməməli.

- Deməli, mən rəhmli olduğuma görə təkəbbürlüyəm?

Lars von Trier
Lars von Trier

- Heç kim sənin mənəvi səviyyənə çata bilməz. Ona görə sən hamıya bəraət verirsən. Sən onlara o səbəbdən bəraət verib bağışlayırsan ki, özünə heç zaman o səbəblərlə bəraət verməzdin. Bundan böyük yekəxanalıq, təkəbbür olmaz.

- Niyə mən mərhəmətli olmamalıyam?

- Sən mərhəmətli olmalısan, əgər mərhəmətli olmağa zaman varsa. Bununla yanaşı köpəklərə görə sən mənəvi prinsiplərindən əl çəkməməlisən. Necə ki, sən də öz əməllərinə görə cəzalanardın, onlar öz əməllərinə görə layiq olduları cəzanı çəkməlidirlər.

- Onlar insandı axı.

- Yox. Hər insan layiq olduğu cəzanı çəkməməlidirmi? Çəkməlidir.

Atasının dəlilləri Qreysi inandırmasa da, onun maşından düşüb Doqvil sakinlərinin üzünə baxmağı kifayət idi ki, maşına qayıdıb desin: “Viran olması ilə dünyanı yaxşılaşdıracaq şəhər varsa o Doqvildir. Hamını güllələməli, şəhəri yandırmalı”.

Vaxtı ilə Xızır da Musa peyğəmbəri, Şərif Ağayar və Lars fon Trier sayağı öz amansızlığı ilə şoka salmışdı. Qurani-kərimin “Kəhf” surəsində onların münasibətlərindən ətraflı danışılır. Gizli elmlərə yiyələnmək üçün Musa Xızırdan rica edir: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” (Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan). Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən? (Quran,66-68, Vasif Məmmədəliyev, Ziya Bünyadovun tərcüməsi)

Xızır “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” şərti ilə Musanı şagirdliyə götürür. Yol boyu Xızır 3 dəfə Musanı şoka salır. 3-cü dəfə Xızır “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır” deyir və Musanın nəzərincə məntiqsiz və amansız əməllərinin səbəbini izah edir. O cümlədən gənc bir oğlana rast gələn kimi qətlə yetirməsini: ”Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik”.( Quran,80-81, Vasif Məmmədəliyev, Ziya Bünyadovun tərcüməsi)

Xızırın izahında amansızlığının səbəbi mərhəmətidir. Oğlanın valideynlərinə mərhəməti.

Şərif Ağayarın poetik məntiqində də.

Lars fon Trier isə daha uzağa gedir, amansızlıq mərhəmətin gətirdiyi dəhşətdən qurtulmaq yoludur.

Trier mərhəmətin terapiyasına inamsızlığını bəyan edir. “Doqvil”də Xızır Qreysin atasıdır. Qreysin atasının timsalında da, eyni ilə Xızır kimi amansızlığın səbəbi bilgidir. Mərhəmət pozisiyasında duran insandan daha bilgili, daha müdrik olmaq.

Filmin final titrlərini XX əsr 30-larının ABŞ-da Böyük Depressiyanı bütün cılpaqlığı ilə təsvir edən sənədli fotolar müşayiət edir: aclıq, səfalət, insan iztirabı, gözlərdə ölən ümid.

Eyni ilə Doqvil sakinləri. Trierin gözlənilməz montaj gedişinin məntiqi, onun məntiqini Qreysin və atasının məntiqi ilə eyniləşdirir: iztirab içində çabalayan gördükləriniz durumlarına layiqdirlər. Mərhəmətiniz onların içindəki vəhşidən başqa heç nəyi oyatmayacaq.

XS
SM
MD
LG