Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:39

Günay İsmayılova: «Müstəqil səsləri susdurmaq lazım idi»


Günay İsmayılova
Günay İsmayılova

-

«Hesab edirəm ki, Rəsul Cəfərov və İntiqam Əliyev daha çox insan hüquqları üçün çalışıblar, ona görə də həbsdədirlər».

Hüquqşünas, ictimai fəal, «vicdan məhbusu» kimi tanınan fəalların məhkəmə proseslərini yaxından izləyən Günay İsmayılova belə düşünür. Onunla söhbəti diqqətinizə çatdırırıq.

– Günay xanım, ötən il vətəndaş cəmiyyətində baş verənləri – fəalların həbsini, əsasən xaricdən maliyyələşən təşkilatların qapadılmasını necə dəyərləndirirsiniz? Sizcə, bu addımlar nəyə hesablanmışdı?

– Düşünürəm ki, bütün bunlar 2015-ci ilə hazırlıq idi. Çünki bu il iki mühüm hadisə - ilk Avropa Oyunları və parlament seçkiləri keçiriləcək. Bu səbəbdən də müstəqil səsləri susdurmaq lazım idi. Təsadüfi deyil ki, həbs edilən şəxslər müstəqil fikri olan şəxslərdir. Müstəqil QHT və media orqanlarının qapadılması, həmçinin həbslər insan hüquqlarının kobud pozuntusudur və bu, demokratik ölkəyə xas olmayan xüsusiyyətdir.

– Sizə də təzyiqlərin olduğunu oxuyuruq, nə baş verir? Bir ehtimalınız varmı hücumun səbəb və məqsədləri barədə?

– Mənə yanvarın 26-da yaşadığım binanın girişində naməlum şəxs tərəfindən hücum edilib. Həmin şəxs hücum edərkən hər hansı bir söz demədi. Mənim hər hansı şəxslə şəxsi ədavətim yoxdur. Bu məsələ ilə bağlı Nizami rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, araşdırma gedir. Araşdırma gedişatında nə olacaq, deyə bilmərəm. Ümid edirəm, ədalətli araşdırma olacaq və həmin şəxs tapılaraq cəzalandırılacaq. Qeyd etdiyim kimi, hər hansı ədavət apardığım şəxs və yaxud şəxslər yoxdur. Ona görə bu hücum mənə də maraqlıdır. Hesab edirəm ki, fəaliyyətimlə bağlı ola bilər.

– Hazırda fəalların məhkəmə proseslərində daha çox qrant məsələlərinə toxunulduğunu görürük, məhz qrant vəsaitlərindən sui-istifadə halları ilə bağlı ittihamlar irəli sürülüb. Sizcə, bu ittihamlar nə dərəcədə əsaslıdır?

– Mən bu ittihamlarla razı deyiləm. İstər Rəsul Cəfərov, istərsə də İntiqam Əliyev şəffaf şəkildə insan hüquqlarının müdafiəsi ilə məşğul olublar. Onlar hüquqları pozulan şəxslərin hüquqlarını müdafiə ediblər, insan hüquqlarının inkişafı üçün əllərindən gələni ediblər. Məhz onların həbsdə olması bir daha onu göstərir ki, onlar məhz ən çox insan hüquqları üçün çalışan şəxslər olub.

– Necə düşünürsünüz, həbslər, möhürlənmələr dalğasının davamı olacaq?

– Artıq 2015-ci ilin ilk 2 ayını geridə qoymaq üzrəyik, hələ ki, sakitlikdir. Düşünürəm ki, bu il həbslərin sayı çox olmayacaq. Bəlkə bir neçə nəfər həbs oluna bilər, amma ötən ilə nisbətən sayın az olacağını düşünürəm.

– Siyasi məhbuslarla bağlı İşçi Qrupun fəaliyyətini necə dəyərləndirirsiniz?

– Mən ortada fəaliyyət görmürəm. Bu qrupun fəaliyyəti ictimaiyyət üçün açıq olmadığından onun hansısa iş görməsi barədə mənim bir vətəndaş kimi xəbərim yoxdur.

– Bəs əfv fərmanlarının siyasi məhbus probleminin aradan qaldırılmasında rolu nədən ibarətdir? Bəzən əfv fərmanının eyni ittihama görə həbs olunan siyasi məhbuslardan birinə şamil edildiyi halda, digərinə edilmədiyini də görürük. Məsələn, elə NİDA-çılarda olduğu kimi. Sizcə, bunun xüsusi bir səbəbi var?

– Əfv fərmanı verilməlidir, çünki açıqlanmış siyasi məhbus hesabatına görə 100-ə yaxın siyasi məhbus var. Azərbaycanın adı ən çox siyasi məhbus olan ölkə kimi anılır. Təzə həbslər olduğu üçün 2 ilə yaxın müddətdir yatan şəxslər əfv edilir ki, say azalsın. NİDA isə xüsusi haldır, çünki onlar qrup şəklində həbs olunublar. Onların hamısını buraxmağa ehtiyat edilir. Düşünürəm ki, hissə-hissə digər üzvlər də növbəti əfv fərmanları zamanı azad ediləcək.

– Hazırda əksər fəalların və, səhv eləmirəmsə, elə sizin də ölkədən çıxışınıza qadağa qoyulub. Sizcə, bunda əsas məqsəd nədir? Bir hüquqşünas kimi necə dəyərləndirirsiniz bu qadağanı?

– Bəli, artıq 6 aydır ki, mənim ölkədən çıxışıma qadağa var. Müraciət etmişəm Baş Prokurorluğa, bildiriblər ki, araşdırılıb məlumat veriləcək sizə. Düşünürəm ki, beynəlxalq tədbirlərdə iştirakdan məhrum etmək üçün atılmış bir addımdır.

– Vətəndaş cəmiyyətinin sabahını necə görürsünüz?

– Bu, çətin sual oldu. Mən ümid edirəm ki, hakimiyyət insan hüquqları sahəsində islahat aparacaq və vətəndaş cəmiyyətinin inkişafı üçün şərait yaradılacaq. Bu olmayacaqsa, o zaman Azərbaycanda vətəndaş cəmiyyətinin durumu daha da pis olacaq və demək olar ki tənəzzülə uğrayacaq.

XS
SM
MD
LG