Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:36

Şimali Koreyaya oxşayan Naxçıvan, ABŞ-la əməkdaşlıq...


Arxiv fotosu
Arxiv fotosu

-

18 fevral - yerli media icmalı

«Yeni Müsavat» qəzeti 18 yanvar sayında «Biznesmenlər də Naxçıvanı tərk edir» adlı yazıda qeyd edir ki, Muxtar Respublikada idarəçiliyin Şimali Koreya modeli mövcuddur. Binaların balkonundan paltar asmaqdan tutmuş yas məclislərində ehsanın verilməsinə qədər rəsmi səviyyədə müdaxilə var. Naxçıvanda jurnalistlərin, siyasi partiya üzvlərinin, hüquq müdafiəçilərinin fəaliyyəti demək olar ki qadağandır.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qəzetə bildirib ki, artıq nəinki ictimai fəallar, biznes sahəsində fəallıq edənlər, Naxçıvan elitası da öz yurdunu tərk etməli olub:

«Nəticədə dırnaqarası bir sabit mənzərə yaradılıb. Ölkədə demokratiya və insan haqları sahəsində fon pisləşdikcə, Naxçıvanda daha da pisliyə doğru gedir. Biz hər zaman Naxçıvanda pisləşmənin başa çatdığını qeyd edirik. Ancaq yenə də Naxçıvan rəhbərliyi fərqlənə bilir».

ABŞ dövlət katibinin müavini Victoria Nuland
ABŞ dövlət katibinin müavini Victoria Nuland

Deputat: «ABŞ və Azərbaycan arasında heç bir ciddi problem yoxdur»

yap.org yazır ki, Milli Məclisin üzvü Aytən Mustafayeva ABŞ-da müəyyən dairələrin Azərbaycana qarşı qeyri-obyektiv münasibət göstərir, bunun dövlətlərarası münasibətlərə dəxli yoxdur: «ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın ölkəmizə səfəri onu göstərir ki, ABŞ Azərbaycanla əlaqələrin inkişafına maraq göstərir».

A.Mustafayeva bildirib ki, ABŞ və Azərbaycan arasında heç bir ciddi problem yoxdur. Onun sözlərinə görə, ABŞ-dakı müəyyən dairələr ölkəmizə qarşı qeyri-obyektiv münasibət bildirirlər. Bu da Birləşmiş Ştatların rəsmi mövqeyi deyil:
«Bu gün Azərbaycan Avropanın enerji maraqlarını birləşdirən ölkə kimi dünya arenasında çıxış edir. Eyni zamanda, Azərbaycan ikitərəfli əməkdaşlıq çərçivəsində hər zaman etibarlı tərəfdaş kimi tanınır. ABŞ siyasətçilərinin eləcə də, dövlət katibinin müavininin Azərbaycan haqında fikirləri maraq doğurur».

Bakıdakı binalar (Foto Emin Nihil)
Bakıdakı binalar (Foto Emin Nihil)

«Azərbaycanı böyük iqtsiadi fəlakət gözləyir»

«Azadlıq» qəzeti yazır ki, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün neqativ göstəricilərlə başlayıb. «Azərbaycanı böyük iqtsiadi fəlakət gözləyir» adlı yazıda müəllif qeyd edir ki, rəsmi statistika etirab edib ki, 2015-ci ilin ilk ayında Azərbaycanda 3,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub:

«Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 18,2% azdır. Bu ilin yanvarında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 375 manat təşkil edib».

Yazı müəllifi göstərir ki, neft gəlirlərinin azalması və Rusiyadakı maliyyə böhranı ölkədəki daşınmaz əmlak bazarını çökdürüb: «Rusiya amili Azərbaycan üçün alternativ büdcə sayılırdı – indi büdcə «quruyub». Ona görə də daşınmaz əmlak satışı ilə məşğul olan firmalar alıcını günün-günorta çağı çıraqla axtarır, ancaq tapa bilmir. Böyük ehtimalla yaxın aylarda daşınmaz əmlakın kəskin ucuzlaşacağı gözlənilir. Bu isə mənzil tikintisi ilə məşğul olan şirkətlərin bonkrot olması deməkdir. Onsuz da qiymətlər məcburi alıcıların hesabına fantastik həddə çatmışdı – bazar təbii axarına qayıtdıqca qiymətlər kəskin ucuzlaşacaq».​

«Təhsil sistemi-biznes var, təhsil yox…»

«Bizim yol» təhsil sistemi ilə bağlı silsilə yazılarını davam etdirir.

Arxvif fotosu
Arxvif fotosu

Bu dəfə ki, sayında «Təhsil sistemi-biznes var, təhsil yox…» adlı yazıda ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin sayı kəskin artdığına diqqət yönəldilib:

«Təhsil eksperti Nadir İsrafilov deyir ki, ödənişli təhsilin keyfiyyətli və keyfiyyətsiz olması barədə dəqiq bir söz demək mümkün deyil:

«Ödənişli ixtisasların çox olması plan yerlərinin doldurulmasına xidmət edir. 5 ballıq qiymətləndirmənin də 700 bala çevrilməsi mexanizmi düzgün tərtib olunmayıb. 150-200 balla universitetlərə ödənişli ixtisaslara qəbul keçirilir. Nəticədə savadsız kadrlar yetişir. Hansısa ali məktəbin plan yerlərinin dolması üçün qəbul balını bu qədər aşağı salmaq düzgün deyil. Balların salınması hesabına universitetləri tələbələrlə doldururlar. Təhsil sistemində həmişə tələb-təklif prinsipi olub. Bizdə əgər bu prinsip pozulursa, şübhəsiz ki, müəyyən göstəricilər əldə edə bilmərik. Bu qədər tələbə universitetə qəbul olur, kadr hazırlanır. Sonda isə iş tapa bilmirlərsə, bütün bunlara nə ehtiyac var? Məhz bu səbəbdən təhsilin ödənişli və ya ödənişsiz olmasının onun keyfiyyətinə təsir edəcəyini demək olmur».

Azərbaycanlı gənc rəssamın əsərləri Luvr muzeyində

Azərbaycan qəzeti bu günkü sayında yazır ki, gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı artıq Azərbaycanda və postsovet məkanında deyil, Fransa, Almaniya, İtaliya və Türkiyə kimi ölkələrdə də geniş şöhrət qazanıb:

«Onun Paris, Dovil, Roma, Riqa, İstanbul və Berlində, həmçinin digər şəhərlərdə nümayiş etdirilən əsərləri sənətsevərlərin böyük marağına səbəb olub.

Məryəm Ələkbərlinin tabloları çox nüfuzlu yeni bir sərgidə nümayiş olunacaqdır. 2015-ci il iyunun 12-dən etibarən Parisdə Luvr muzeyinin Karusel sərgi salonunda keçiriləcək “Art-shopping” festivalının ekspozisiyasına Məryəm Ələkbərlinin əsərləri də daxil edilib. İldə iki dəfə keçirilən bu tədbir müasir dünya incəsənətində yeni simaların və estetik cərəyanların aşkar olunmasına xidmət göstərir. Sərgidə Məryəm Ələkbərlinin müxtəlif janrlarda 20-dən artıq əsəri nümayiş olunacaq. Artıq rəssamın 4 işi “Art-shopping”in saytında yerləşdirilib».

XS
SM
MD
LG