Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:32

Türk bayraqlı erməni qızlarını təsvir edən poster qalmaqal yaratdı


Qalmaqallı poster
Qalmaqallı poster

-

ABŞ-da Starbucks kofe şirkətinin erməni icmasına xitab edən reklamı qalmaqal yaradıb.

Posterdə erməni milli geyimində olan qızların başının üstündə şarlar, şarların da üzərində türk bayrağı və ay-ulduzu təsvir olunub.

Posterlər ermənilərin kompakt halında yaşadığı Los Anceles ərazisindəki Starbucks qəhvəxanalarından asılıb. Burada yarım milyona qədər tam və qismən erməni kökənli amerikalı yaşayır.

Posterin surətini sosial şəbəkədə yayan ermənilər xüsusən 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlərin 100-cü ildönümü ərəfəsində bunu təhqir kimi qəbul etdiklərini yazıblar.

Onlar həmin hadisələri soyqırım sayırlar və Türkiyənin bunu qəbul edib qətlə yetirilənlərin, köçürülənlərin varislərinə kompensasiya verməsinə çalışırlar.

Facebook-dakı etiraz dalğasında ABŞ-ın Erməni Milli Assambleyası da iştirak edib.

Starbucks-ın Müştəri Xidmətinə qəzəbli telefon zəngləri gələndən sonra şirkət posterləri yığışdıracağını söz verib və Erməni Milli Assambleyasının Facebook səhifəsində üzrxahlığını post edib.

Hazırda ermənilər dünya boyu “soyqırım” adlandırdıqları hadisənin 100 illiyini kütləvi anım tədbirləri ilə qeyd etməyə hazırlaşırlar.

Bu arada Ermənistan prezidenti Serzh Sarkisian Türkiyə ilə münasibətlərin yaxşılaşmasına, qarşılıqlı diplomatik əlaqələrin qurulmasına çağıran protokollardan imtina edib.

O, Türkiyəni siyasi iradəsizlikdə və şərt qoymaqda ittiham edib.

Qeyd edək ki, həmin protokollara ən çox Azərbaycan etiraz edirdi və nəticədə Türkiyə rəsmiləri protokolların gerçəkləşməsi üçün erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını şərt kimi irəli sürdülər.

XS
SM
MD
LG