Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:37

Dollar alınmır, marketlərə süpürgə çəkilib


Bakıda valyuta mübadiləsi demək olar dayanıb. 23 fevral 2015
Bakıda valyuta mübadiləsi demək olar dayanıb. 23 fevral 2015

-


Fevralın 23-ü, bazar ertəsi, Bakı. Bank Standard. Cavan oğlan 100 dolları uzadır və Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq – 1,026 manata alış-veriş reallaşır. Sıradakı yaşlı müştəri səbirsizliklə, bir az da sevincək 1000 dollar uzadır. Bu zaman şüşə arxasındakı bank əməkdaşına zəng gəlir. Və bir neçə saniyəlik danışıqdan sonra bankın əməkdaşı yaşlı müştəriyə “Bağışlayın, biz elə bu dəqiqə dollar alışını dayandırdıq” deyir. Müştərinin “Niyə?” sualına “Belə qərar verilib” cavabı eşidilir.

Pərt halda aralanan müştəri deyəsən, bura son ümid yeri kimi gəlibmiş. Cəmi bir neçə addım ata bilir, sonra tərpənmədən dayanır. O nə edəcəyini bilmir…

VALYUTADƏYİŞMƏ MƏNTƏQƏSİ: “BU SƏHƏR XƏBƏR GÖZLƏYİRDİK”

Ayaqüstü baş çəkdiyimiz banklarda valyutadəyişmə əməliyyatı aparanlar dilxor görünür. Cavablar qısadır: “Dollar yoxdur, dollar almırıq…”

Fevralın 23-də Bakıda bir çox valyutadəyişmə məntəqələri dollar alış-verişini dayandırıblar. Onların əksəriyyəti məntəqə önündəki lövhələrə məzənnəni belə yazmayıblar.

Sıradakı valyutadəyişmə məntəqəsində “Dollar alırsız” sualına ənənəvi cavab verilir: “Nə alırıq, nə də satırıq. Xəbər gözləyirik”. Beləcə bir neçə müştəri geri yola salınır.

“Dolların alqı-satqısını niyə dayandırmısız?” sualımıza verilən cavab: “Son günlər böyük ziyana düşmüşük. Ona görə əlimizdəki dolları da satmaq istəmirik. Düzü, bu səhər xəbər gözləyirdik, amma gözlənilən xəbər gəlmədi. Sabahı gözləyək” deyir valyutadəyişmə məntəqəsinin əməkdaşı. Hərçənd o “gözlənilən xəbər” haqda susmağa üstünlük verir.

SÜPÜRGƏ ÇƏKİLƏN MARKETLƏRDƏ QİYMƏTLƏR QABARIR

Şənbə günü əhalinin süpürgə çəkdiyi supermarketlərdə indi seyrəklikdir. Marketlərin bəzisində qiymət artımı müşahidə edilir: şəkər tozunun qiyməti 7-10 qəpik, makaron məmulatlarının qiyməti 15-20 qəpik arasında artıb. Bəzi marketlərdə "Yeni Zelandiya", "Ankor" kərə yağları, tanınmış firmaların istehsalı olan duru yağlar yoxa çıxıb.

Siqaretin, spirtli içkilərin, konfet və ya şokoladın qiymətində artım da bəzi mağazalarda gözə dəyir, bəzilərində yox.

“Rahat” marketdə artımlar 1-2 qəpik civarındadır, ancaq məhsulların çeşidlərı azalıb. Satıcılar bunu belə izah edirlər: “Qiymətlərə yenidən baxılacaq”.

“Qrand” marketdə ən çox alınan yuyucu tozlar çox azdır, hərəsindən 5-5 ədəd, bəzilərini isə vitrindən yığışdırırlar. Satıcı deyir ki, sadəcə vitrinlərin tozunu silirlər, az sonra yerinə qaytaracaqlar.

Əhmədli qəsəbəsindəki marketlərdən birinin işçisi deyir ki, boşalmış vitrinləri 2-3 saata doldurmaq da olardı, amma indi qiymətlər bəlli deyil deyə rəhbərlik gözləmə mövqeyindədir, elə topdansatışla məşğul olan şirkətlər də mal sifarişi götürmürlər.

Qəssablar qiymətdə dəyişiklik etməsələr də, mağazaya mal gətirməyə tələsmirlər.

APTEKLƏRİN QAPISI QIFILLIDIR

Bakıda apteklərin çoxu qapısını açmayıb. Tək-tük aptek işləyir. Açıq apteklərsə artıq qiymətlərə əl gəzdiriblər. Məsələn, uşaq bezi “Pampers”in böyük bağlaması 50 qəpik bahalanıb, uşaq kremləri, şampunları da bu artımdan qıraqda qalmayıblar. Adının çəkilməsini istəməyən aptek işçisi deyir ki, dərman depoları satışı dayandırıblar.

MƏİŞƏT AVADANLIQLARI 30 FAİZ BAHALANSA DA...

Məişət avadanlıqları satan mağazalarda artım 30 faizdir. Məsələn, “Bosh”-un 7 kiloqramlıq paltaryuyan maşını fevralın 21-dək 899 manata satılsa da, indi qiyməti 1250 manata çatıb. Hərçənd bu mağazada vitrinə qoyulsa da, “satışda olmayan məhsullar da var”. Satıcı xanım deyir ki, yeni gətirilən telefonlara, noutbuklara hələlik qiymət qoyulmayıb, ona görə də “satışda deyil”.

Növbəti mağazada “Haitichi” soyuducusunun üstündəki qiymət 1470 manat göstərilib. Amma satıcı deyir: “Köhnə qiymətdir. Yeni qiymət məlum deyil”.

Bir müşahidə. "Köhnə və yeni qiymətlər” arasında vurnuxan məişət avadanlıqları satan mağazalar bomboşdur. Bəlkə bazar ertəsi, üstəlik də iş saatı olduğundan beləydi. Ancaq alıcı kimi girdiyimiz mağazalarda satıcılar da etinasız davranırdılar.

Mebel mağazaları da götür-qoydadılar. Mətbəx mebeli sifarişi götürən balaca bir sexdə qiymətlərlə maraqlanırıq. “Ötən həftə 1000 manata olan mebel indi 1300 manatdır. Bu gün belədir. Ancaq heç bilmirik sabah bu qiymətlər qalacaqmı?” deyə cavab verirlər.

EVİN DƏ QİYMƏTİ QALXIB

Bu arada. Artıq mənzillərin qiymətinin artması haqda da danışılır. "Camal" imzalı bir oxucu AzadlıqRadiosunun saytına yazır ki, mənzillərin qiyməti 15-20 min manatadək qalxıb. “Bu da absurddur. Məsələn, 70.000 dollara satılan 2 otaqlı, əvvəl 55.000 AZN-ə idisə, indi 71.000 AZN edir. Yəni birdən-birə qiymət 16.000 AZN qalxıb”.

Söhbət etdiyimiz makler konkret qiymət deməsə də, qiymət artımını təsdiqləyir. Ancaq deyir ki, bu günlərdə nə alan tələsir, nə də satan, hamı nəsə gözləyir.

İQTİSADÇI ÇÖRƏYİN BAHALANACAĞINI DEYİR

Bazar ertəsi paytaxta ötəri nəzər salanda iki günə qiymətlərin qalxmasını və hamının intizarla nəsə gözlədiyini görməmək olmur. Bəs, bundan sonra nə olacaq?

İqtisadçı Qubad İbadoğlu deyir ki, bundan sonra çörəyin və un məmulatlarının bahalanması da qaçılmazdır:

“Artıq idxal mallarında bahalaşma müşahidə edilir. Yəni bitki və heyvan mənşəli yağlarda, ət-süd məhsullarında, spirtli içkilərdə, tütün məmulatlarında. Məişət avadanlıqları, mebel, avtomobil, xaricdən gətirilən hissələr daha çox qiymət artımına məruz qalacaqlar. Çünki onların manat ekvivalentində dollarla qiyməti veriləcək və bu fərqi sahibkar öz ziyanı hesabına qarşılamaq niyyətində deyil.

Təbii ki, bu da alıcılıq qabiliyyətinin aşağı düşməsini şərtləndirəcək, xüsusən də qeyri-ərzaq məhsullarının. Əhali ərzağa daha çox vəsait xərcləyəcək, bu da ailə büdcəsinin strukturunda dəyişikliyə səbəb olacaq”.

Qubad İbadoğlu deyir ki, bu il Azərbaycanda ikirəqəmli inflyasiya proqnozlaşdırılır:

“Mən maaşların, əmək haqlarının indiki qiymətlərin artımı səviyyəsinə uyğun artırılacağına inanmıram. Ola bildin 5-10 faiz maaş, təqaüdə korrektə edilsin”.

ŞOK DEVALVASİYANIN DAVAMI...

Bundan sonra devalvasiya necə gedəcək? Azərbaycanlıları yenə şok qərarlar gözləyə bilərmi?

Qubad İbadoğlu bu suala cavab verməkdə çətinlik çəkdiyini söyləyir:

“Çünki Azərbaycan iqtisadi qanunlarla idarə olunmur, buna görə də proseslərlə bağlı proqnoz vermək çətindir. Burda bir neçə səlahiyyətli şəxsin maraqları çərçivəsində qərarlar qəbul edilir. Nə baş verəcək, bunu demək çətindir. Ancaq məncə, bu yöndə cüzi dəyişiklik ola bilər, kəskin dəyişiklik gözlənmir”.

İqtisadçı hesab edir ki, hökumət indiki durumu dəyərləndirməli və ciddi addımlar atmalıdır.

Şənbədən bugünə qədər - Mərkəzi Bankın manatın qiymətini 33 faiz endirmək qərarından bu yana hələlik hökumət rəsmilərindən bu qərara bir izah verilməyib.

Yalnız hakim partiyadan millət vəkili Siyavuş Novruzov deyib ki, bu qərar həqiqətən də xalqa ətraflı izah edilməlidir:

“Azərbaycanın kifayət qədər valyuta və maliyyə ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur.

Bəziləri başlayırlar ki, makroiqtisadi sistem, devalvasiya, nə bilim nə. İnsanları sadə xalq dilində başa salmaq lazımdır. Manat əvvəlcə dollara uyğunlaşırdı. İndi isə dollar da avro ilə uyğunlaşır. Yəni dollarla avro eyni həddə olmalıdır. Dolların avroya münasibəti necə olacaqsa, manatın da dollara və avroya münasibəti elə olacaq”.

Fevralın 24-də Milli Məclisin Mərkəzi Bankın məzənnə qərarını müzakirə edəcəyi gözlənir. Ən azından bəzi deputatlar bu təşəbbüslə çıxış edəcəklərini deyirlər. Bəs, nə dəyişəcək? Deputatların hökumətin qərarını dəyişməsi nə qədər realdır?

Bu sualı verməzdik, əgər bu ilin əvvəlindəki “2 qəpik” söhbəti olmasaydı. İlin əvvəlində, Tarif Şurası yanacağın qiymətini 2 qəpik qaldırdı. Ancaq 2 gün sonra prezident Tarif Şurasının qərarını ləğv etdi. Bu gün İlham Əliyevin manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankın qərarına baxacağına inanmaq istəyənlər az deyil. Hərçənd iqtisadçılar buna qəti inanmırlar.

İqtisadçı Azər Mehtiyev facebook səhifəsində yazır ki, qopan başı yerinə tikmək olar, ancaq onu diriltmək yox. Onun iqtisadçı həmkarı Qubad İbadoğlu isə “mən elə sadəlövh deyiləm, bunu gözləyəm” deyir.

XS
SM
MD
LG