Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:25

Bağışla, brat, mən başqasının yanında ağlaya bilmirəm...


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

Onun adı Sergeydir. Yaxşı insandır. Əvvəllər Rusiyada mühəndis kimi çalışıb. Sonra arvadı onu atıb.

O həyatda birinci zərbəni aldıqdan sonra yaşamdan usanıb, çarəni araq şüşələrini boşaltmaqda tapıb...

Ayxan Ayvaz

SERGEY

Mən həmişə görmüşəm ki, içki içən adamlar daha səmimi olurlar.

Məsələn, elə Sergey. Bütün həyatını şişirtmədən, böyütmədən, qırağını-bucağını düzəltmədən elə danışır ki, bəzən onun xırda əhvalatından kövrəlirəm.

O əslində susanda belə sanki nəsə danışır.

Çıxıb şəhərdə avaralanıram. Hər zaman getdiyim kafenin qabağında o kişi gözə dəyir. Onun adı Sergeydir. Yaxşı insandır. Əvvəllər Rusiyada mühəndis kimi çalışıb. Sonra arvadı onu atıb.

O həyatda birinci zərbəni aldıqdan sonra yaşamdan usanıb, çarəni araq şüşələrini boşaltmaqda tapıb. Bunun ardınca işini itirib. İndi hamı onu əyyaş və səfeh bir adam kimi tanıyır. Amma bu şəhərdə məni yeganə anlayan adam bəlkə də Sergeydir.

İçəndə rus dilinin qolunu-qabırğasını qıra-qıra bu gün başına gələnləri nağıl eləyir. Ruslar danışmağı sevən xalqdırlar. Əgər sən onları dinləsən, yüz faiz başlarına gələnləri nəql eləməkdən bezməyəcəklər.

Sergey deyir ki, insanı həyatda iki qadın tərk edir: anan və sevdiyin qız. Biri Tanrının yanına gedir, biri səni yalqızlığa sürükləyir. Amma onu heç vaxt düşdüyü vəziyyətdən şikayətlənən görməmişəm.

O gün məndən xahiş elədi ki, onun üçün araq alım. Mağazaya düşüb istədiyi şeyi bir çırpıda alıb qabağına qoydum.

Ruslarda bir xasiyyət var: heç vaxt elədiyin yaxşılığı unutmazlar. “İçək – dedi, - satım bu dünyanın...” – axırıncı sözü demədən butulkanı başına çəkdi, sonra mənə uzatdı.

Yaman içdik, danışdıq. Sonra o mənim getməyimi istədi və belə dedi: “Bağışla, brat, mən başqasının yanında ağlaya bilmirəm...”

Heç nə demədən pillələrlə səndirlənə-səndirlənə yuxarı qalxdım. Aşağıdan hıçqırıq səsləri gəlirdi.

Sergey bax belə oğlandır!

İki gün sonra yenə qabağıma çıxdı.

- Arağın var? – soruşub barmaqları ilə havada butulka şəkli çəkdi.

- Olmasa da alarıq. – dedim.

- Yox, onda lazım deyil. Mən bir adamdan bircə dəfə araq istəyərəm. – Sergey bunu deyib irəlidəki binaya sarı irəlilədi. Nədənsə, mənə elə gəldi ki, o yenə də haradasa gizlənib ağlayacaq. Özüm öz düşüncəmə acıdım. Rus xasiyyətli olduğunu açıq-aşkar büruzə verdi: tərs damarı işə düşmüşdü. Çox vaxt onu bu xasiyyətinə görə danlayırdım.

“Siz ruslar qəribəsiz, Sergey – sual gözləmədən davam edirdim. – bəziləriniz ürəkli olur, həyatla mübarizə aparır, bəziləriniz də sənin kimi alkaşdırlar. Ancaq həmişə ürəkli olmağa can atırlar, bir kimsənin yanında başı aşağı olmaq istəmirlər”.

Sergey bu sözlərimdən sonra mütləq gülümsəməli idi. O isə araq butulkasına baxıb uzun-uzadı düşünür və yenə: “Ayxan çıx get, - deyir – ağlamaq istəyirəm”. Yəqin o, elə ağlayır ki, heç kimin bunu izləməsini, müşahidə eləməsini istəmir. Mən adicə onun hıçqırığına qulaq asa bilmirəm.

Sergey yenə həmişəki yerindədir. Gəlib-gedənlərə baxıb dodaqaltı nəsə mızıldanır. Məni görəndə gülümsündü, yanında yer göstərdi. Qəribə idi ki, bu gün ayıq idi. Mən onu heç vaxt belə görməmişdim. Səbəbini soruşdum. “Bu gün özümü xoşbəxt göstərmək istəyirəm” – dedi və mən hiss elədim ki, onun gözündən bir damcı yaş yanaqlarına süzüldü.

XS
SM
MD
LG