Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:23

Tacikistanın müxalifətçi lideri İstanbulda öldürülüb


Sulaymon Qayumov (sağda) Umarali Quvvatov-un qətlindən dərhal sonra yoxa çıxıb.
Sulaymon Qayumov (sağda) Umarali Quvvatov-un qətlindən dərhal sonra yoxa çıxıb.

Tacikistanın müxalifət mənbələri bildiriblər ki, Türkiyədə mühacir kimi yaşayan Umarali Quvvatov başına açılmış yeganə atəşlə qətlə yetirilib.

Tacikistan müxalifətinin liderlərindən biri Türkiyənin İstanbul şəhərində naməlum şəxsin hücumu nəticəsində qətlə yetirilib.

Tacikistanın müxalifət mənbələri BBC-yə bildiriblər ki, Türkiyədə mühacir kimi yaşayan Umarali Quvvatov başına açılmış yeganə atəşlə öldürülüb.

Ekstradisiya tələbləri

Onun “Qrup 24” adlı müxalifətçi hərəkatı prezident Emomali Rahmonovun hakimiyyətinə qarşı çıxırdı və ötən oktyabrda qadağan edilmişdi.

Tacikistan hakimiyyəti Kuvatovu müxtəlif cinayətlərdə ittiham edir və Türkiyədən onun ekstradisiyasını istəyirdi. Ankara Düşənbənin bu ricasını rədd etmişdi.

Türkiyə mediası Birləşmiş Ərəb Əmirliklərinin də Düşənbənin eyni ricasını rədd etdiyini yazır.

Türkiyə hakimiyyət orqanları Quvvatovu viza fırıldağı şübhəsi ilə həbs etsələr də, o tezliklə azad olunmuşdu.

Bu qətldən iki gün əvvəl Tacikistan məhkəməsi “Qrup 24”-ün başqa bir üzvünü 17 il müddətinə azadlıqdan məhrum etmişdi.

Əvvəlcə zəhərlənib...

Tacikistan müxalifətinin mühacirətdəki sözçüsü bəyan edib ki, Quvvatov xanımı və iki azyaşlı övladı ilə restoranda şam etdikdən az sonra qətlə yetirilib.

Sözçü deyib ki, Quvvatov hələ restoranda ikən özünü nasaz hiss etmiş və açıq havaya çıxmışdı. O məhz burada güllə ilə vurulub.

Onun xanımı hadisə barədə yaxınlarına xəbər çatdırsa da, sonradan bütün ailə üzvləri huşlarını itiriblər. Müxalifət onların qəsdən zəhərləndiklərini iddia edir.

Türkiyə polisi Kuvatov ailəsinin zəhərləndiyini təsdiq edib.

Türkiyənin “Radikal” qəzeti Quvvatovun öz evində bir qonağı ilə şam etdikdən sonra öldürüldüyünü xəbər verib.

Qəzet yazır ki, Quvvatovla şam edən Süleyman adlı qonağı da hadisənin ardınca yoxa çıxıb.

“Qrup 24”

BBC-nin Mərkəzi Asiya xidməti bildirir ki, Umarali Quvvatov 2011-ci ildə Tacikistanı tərk etdikdən sonra Dubayda və Moskvada yaşayıb və mühacirətdəki biznes adamlarını təmsil edən “Qrup 24” hərəkatını yaradıb.

Xaricdə və əsas etibarilə Moskvada yüz minlərlə tacikin miqrant fəhlə kimi yaşadığını nəzərə alan Umarali Quvvatov sosial mediada Tacikistan hakimiyyətinə qarşı güclü kampaniyaya başlamışdı.

Cənab Quvvatov ötən ilin oktyabrında sosial media vasitəsilə Düşənbədə böyük etiraz aksiyası təşkil etməyə cəhd göstərmişdi.

Tacikistan hakimiyyəti bu hadisəyə hiddətlə reaksiya göstərmiş, “Qrup 24” hərəkatını “ekstremist təşkilat” elan etmişdi.

Prezident kürəkəninin ortağı

Facebook səhifəsində özünü iş adamı kimi təqdim edənQuvvatov 2000-ci illərdə Tacilkistanın ilk milyonçularından olmuşdu.

O əsas etibarilə ticarət, tikinti və neft satışı biznesi ilə məşğul olurdu.

Xəbər verilir ki, əvvəllər Umarali Quvvatovun prezident Rahmonovun ailəsi ilə sıx əlaqələri olub.

Bəzi iddialara görə, o 2001-2012-ci illərdə prezidentin kürəkəni ilə birlikdə Əfqanıstandakı NATO qüvvələrini yanacaqla təchiz edirdi.

Cənab Quvvatov biznesinin iflasa uğramasında ona mane olan “nüfuzlu şəxsləri” ittiham edirdi.

O iddia edirdi ki, həmin şəxslər onun biznesini əlindən almağa çalışırmışlar.

Umarali Quvvatov məhz bundan sonra müxalifətə keçmiş və ölkəni tərk etmişdi.

Hazırda Türkiyənin antiterror polisi Umarali Quvvatovun qətlini təhqiq edir.

XS
SM
MD
LG