Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:44

Eyni mənzilin bir neçə nəfərə satılmasına çarə tapılıb, başabəla 3-cü maddə...


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:04:36 0:00
Direct-ə keçid

17-ci maddənin 3-cü bəndi…

“Aldığım mənzilin məndən başqa daha iki nəfər sahibi varmış. Hələ bəlkə də daha çoxdur. Sadəcə Bakıda mənzil alıb, özləri Rusiyada və digər xarici ölkələrdə olanlar var. Çoxlarının hələ xəbəri yoxdur. Elə bilirlər pullarını veriblər mənzilləri də tikilir”.

Bakı sakini Aidə Ağayeva deyir ki, min bir əziyyətlə nəhayət mənzil sahibi olacağına sevinib. Amma sonradan məlum olub ki, adlığı mənzil ondan başqa daha 2 nəfərə satılıb.

Aidə Ağayevanın qarşılaşdığı problem kənardan bir qədər qəribə görünə bilər. Amma bu durumla qarşılaşan təkcə o Aidə Ağayeva deyil. Onun kimi onlarla vətəndaş pulunu verib mənzil alıb, amma indi nə mənzilini, nə də pulunu geri ala bilirlər.

ALDADANLAR HƏBS OLUNUB…

Tikilməkdə olan mənzillərin qiyməti hazır mənzillərin qiyməti ilə müqayisədə daha ucuz olur. Əvvəlcə, Mənzil Tikinti Koperativləri – MTK yaradılır. Bundan sonra həmin MTK yerli icra hakimiyyətinə torpaq üçün müraciət edir. MTK-ya üzv olanlar tikintinin aparılması üçün hər ay müxtəlif miqdarda məbləğ ödəyirlər. Aidə Ağayeva 3 otaqlı, təxminən 120 kvadrat metrlik mənzilə ayda 800 manat ödəyirmiş. Ümumilikdə, təxminən 25 min manata qədər pul verib. Elə alıcılar da var ki, pullarını lap öncədən ödəyiblər. Hər MTK-nın müqavilə şərtləri fərqli olur. Tikilməmiş mənzilləri almağa həm də ona görə, tələbat olur ki, bu mənzillər daha ucuz olur və məbləği hissə-hissə ödəmək mümkündür.

Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır? Nəhayət ev sahibi olacaqlarını düşünənlər yəqin yatsalar, yuxularına da girməzdi ki, mənzillərinin bir neçə sahibi olacaq?

Bununla bağlı bəzi tikinti şirkətlərinin rəhbərləri həbs olunub, hazırda istintaq gedir.

17-Cİ MADDƏYƏ DƏYİŞİKLİK EDİLƏRSƏ…

Millə vəkili Çingiz Qənizadə bu problemİ kökündən həll etmək üçün qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsini təklif edir. Söhbət 2004-cü ildə qəbul olunun “Daşınmaz əmlakın dövlət reysteri haqda” qanundan gedir.

Çingiz Qənizadə
Çingiz Qənizadə

Çingiz Qənizadə təklif edir ki, bu qanunun 17-ci – Qabaqcadan qeydiyyatla bağlı tələblərinə bəzi dəyişiklər edilsin:

“Bu maddədə ilkin qeydiyyatı çətinləşdirən bəzi hallar var var, məsələn, lisenziyanın alınması kimi. Təklif edirik ki, bu hallar qanundan çıxarılasın və tikilməkdə olan bina öncədən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Belə olduqda hansısa tikinti qurumu öz ofisində oturub, bir kağıza möhürünü vurub alqı-satqını həyata keçirə bilməyəcək.

Alqı-satqı üçün mütləq alıcı və şirkətin hüquqşünası dövlət reyestr xidmətinə getməli olacaq. Orada elektron qeydiyyata düşəcək ki, tikilməkdə olan filan ünvandakı binanın, fərz edək 33-cü mənzili Çingiz Qənizadəyə satılıb. Bundan sonra həmin mənzili ikinci dəfə satmaq mümkün olmayacaq. Hazırda yüzlərlə ailənin işi məhkəmədədir. Onlar nə evlərini ala bilir, nə mənzillərini. Bu qanunun 17-ci maddəsi işlək hala gətirilərsə, bu cür mənimsəmə, dələduzluq halları azalar, vətəndaşların da hüquqları pozulmaz”.

Çingiz Qənizadə bildirir ki, qanuna dəyişiklik layihəsini aprel ayında müzakirə üçün parlamentə təqdim edəcək.

NİYƏ İNDİYƏDƏK QANUNA DƏYİŞİKLİK EDİLMİR?

Bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ramin Hüseynov da bənzər təklif vermişdi. O bildirmişdi ki, bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı Baş prokuror yanında bəzi işlərin istintaqı gedir. Ramin Hüseynov hesab edir ki, yaranmış problemin əsas səbəbi alqı-satqı müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olmaması, bu müqavilələrin heç bir reyestrdə qeydə alınmamasıdır. O, bununla əlaqədar qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi üçün aidiyyəti təşkilatlara təkliflər verdiyini söyləmişdi.

Müzəffər Baxış
Müzəffər Baxış

Hüquqşünas Müzəffər Baxış da problemin qarşısının alınmasının yeganə yolu kimi qanununa dəyişimləri görür. Bildirir ki, o da uzun illərdir bu cür dəyişiklərin edilməsinin zəruriliyini vurğulayıb:

“Amma bu qanuna dəyişikliyi etmirlər. Bəs, niyə etmirlər? Çünki Azərbaycanda çoxmənzilli, hündürmərtəbəli binaların həm tikintisinə başlananda, həm də istismara veriləndə külli miqdarda rüşvət alınır. Bu rüşvətlərin alınması onların gözünü o qədər kor edib ki, vətəndaşlara dəyən ziyanı heç görmürlər də. Onları maraqlandıran ancaq öz cibləridir deyə qanuna dəyişikliyinin qarşısını alsınlar. Ona görə mən tezliklə bu qanuna dəyişiklik ediləcəyini gözləmirəm. Amma bəlkə də məcburiyyət qarşısında qalıb etsinlər dəyişikliyi. Hər halda, bu dəyişiklik Azərbaycanda bir mənzilin 2 və daha çox şəxsə satılmasının qarşısına almağa yardımçı olacaq”.

SON SÖZ…

“Gen” MMC, “Fuad” MMC, “Kamran” MTK … siyahını artırmaq da olar. 2011-ci ildən bəri bu şirkətlərin tikəcəyi mənzillərdən ev alanlar Bakı şəhər İcra Hakimiyyətindən tutmuş, Baş prokurorluq, Prezident Administrasiyasınadək müxtəlif yerlərdə dəfərlərlə etiraz aksiyası keçiriblər. Hətta bir dəfədə çarəsiz qalıb Heydər Əliyevin məzarını ziyarət edib, şikayətlərini məzara demək istəyirdilər. Təbii, keçirdikləri digər aksiyalarda olduğu kimi polis buna imkan verməmişdi. İndi isə şikayətçilərə bir cavab verilir ki, həmin tikinti şirkətlərin rəhbərləri ilə bağlı cinayət işi başlanıb, hətta həbs olunanlar da var. Son sözü məhkəmə deyəcək.

Aidə Ağayeva isə deyir ki, əslində bir neçə il öncə öz mənzilinə köçməli olsa da üzləşdiyi problemə görə hələ də kirayədə qalır. Hər aya da azı 400 manat kirayə pulu verir.

XS
SM
MD
LG