Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:30

Günel Mövlud. Çağrılmamış qonaq


Günel Mövlud
Günel Mövlud

-

Bu qaydalara əməl etmək üçün anadan aristokrat doğulmaq, yeddi nəsil kürü yemək lazım deyil. Bir az mədəni, sivil insan olmaq bəsdir...

Günel Mövlud

ÇAĞRILMAMIŞ QONAQ

Bilənlər onsuz da bilir, ünsiyyətcil adamam. Yeni tanışlıqlara açığam, maraqlı insanları tanımağı xoşlayıram, belə adamlarla tanışlığa səbəb olmuş insanlara da həmişə minnətdar oluram. Amma heç həzm eləmədiyim, dəhşətli dərəcədə əsəbiləşdiyim, bağışlaya bilmədiyim bir məsələ var insanlara. Hansısa məclisə çağrılmamış qonaqla gəlmək.

Təbii ki, özüm də nə vaxtsa bunu etmişəm. Dəqiq yadımda olmasa da, xatırlaya bilməsəm də, sözsüz ki, bu səhvi mən də etmişəm. Amma buna görə bərk utanıram. Çünki sonradan anladığım, hiss etdiyim, başa düşdüyüm qədərilə dəvət edildiyin məclisə insanların heç gözləmədiyi, bəzən hətta tanımadığı insanla və ya insanlarla getmək böyük mədəniyyətsizlikdir. Dəhşətli dərəcədə böyük, ciddi, bağışlanmaz mədəniyyətsizlikdir. Kobudluqdur. Yekəbaşlığın son həddidir.

Təsəvvür edin ki, bir məclisdi. Bir-birini tanıyan, zarafatları, söhbətləri tutan, bir-birinin yanında nəyisə səhv etməkdən, ya da məsələn, içib sərxoş olmaqdan, sərxoş olub, nəsə erkək zarafatlar etməkdən utanmayan, yaxın münasibətdə olan insanlar oturublar. Aralarında illərin rahatlığı, zarafatı var. Səmimi, rahat havası var məclisin, heç kim, heç kimdən çəkinmir. Qəfildən məclisə dəvət olunanlardan kimsə heç kimin tanımadığı bir və ya bir neçə nəfərlə məclisə gəlir. Hamı duruxur. Özlərini necə aparacaqlarını bilmirlər. Nə etiraz edə bilirlər, nə də özlərini rahat hiss edə bilirlər. Bilmirlər, necə davransınlar. Ortaya pərtlik düşür. Məclisin ovqatı, havası pozulur. Məcbur olurlar, bir az oturub, dağılışsınlar. Halbuki, hamı özünü uzun-uzadı oturmağa, əylənməyə kökləmişdi. Neçə vaxtdı, görüşmək, oturmaq, birlikdə vaxt keçirməyi planlaşdırıblar. Indi, hamı birtəhər eyni vaxtda imkan tapıb, bir yerə yığışanda, bir nəfərin mədəniyyətsizliyi ucbatından bütün məclis dağılmalıdı.

Ya da, daha pisi baş verə bilər. Sənin xəbərin olmadan, məclisə gətirdiyin adamın məclisdəkilərlərdən biri və ya bir neçəsi ilə danışmadığı, pis münasibətdə olduğu məlum olar. Sənin bir ehtiyatsızlığına görə, bir-birindən zəhləsi gedən iki və ya daha çox insan bir məclisdə oturmağa məcbur ola bilər. Çox pis vəziyyət yaranar. Gərginlik baş alıb gedər. Hətta bir-birindən zəhləsi gedən adamların arasında dava düşə belər.

Halbuki məsələnin çox sadə həlli var. Əgər hansısa səbəbə görə, sən məclisə tək deyil, heç kimin gözləmədiyi adamla gedirsənsə, əvvəlcədən zəng edib, xəbər verə, icazə ala bilərsən. Məclisdəkilər heç olmasa, özlərini başqa adamın gəlişinə hazırlayarlar. O adamla necə davranacaqlarını, yanında nəyi danışa bilib, nəyi danışa bilməyəcəklərini götür-qoy edə bilərlər. Hazır olmasalar, etiraz edər, deyərlər ki, eybi yoxdu, sən o adamla vaxt keçir, səninlə başqa vaxt görüşərik.

Bunlar, ən sadə etik qaydalardı. Bu qaydalara əməl etmək üçün anadan aristokrat doğulmaq, yeddi nəsil kürü yemək lazım deyil. Bir az mədəni, sivil insan olmaq bəsdir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG