Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:15

Avropa Oyunlarına könül verənlər


Bakı 2015 Avropa Oyunlarının könüllüləri
Bakı 2015 Avropa Oyunlarının könüllüləri

-

Nikbin əhval-ruhiyyəli, şən ovqatlı bu gənclər başqalarından seçilirlər. Onları dəstə-dəstə şəhərin küçələrində gəzən, müxtəlif mövzulu flash-moblar keçirən, ağac əkən, oxuyub-oynayan görmək olar. Onları Bakıdakı başqa gənclərdən fərqləndirən həm də paltarlarının rəngidir. Qırmızı maykalı gənclər «Bakı 2015» Avropa Oyunlarının könüllüləridir.

16 GÜN PULSUZ-PARASIZ...

Adlarından da göründüyü kimi 16 gün pulsuz-parasız Avropa Oyunları üçün can qoyacaqlar. Nə edəcəklər, nə iş görəcəklər, kimdir bu gənclər? Çoxu ali məktəb tələbələridir. Çoxu da ilk dəfədir könüllülük edir. Deyəsən, bu iş xoşlarına gəlir. Bakı Dövlət Universitetinin tələbəsi Gülnar Mərdanova həvəslə danışır:

«Mən könüllülər ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm. Çünki çox gözəl zaman keçiririk, böyük təcrübə, yeni dostlar, yeni tanışlar qazanırıq. Bütün bu faktorlar biz yenilikçi gənclər üçün çox vacibdir. Könüllü olmaq həm karyeramızda, həm də şəxsi-professonal inkişafımızda böyük rol oynayacaq».

Gülnar deyir ki, Milli Olimpiya Komitəsindən ona könüllü olmaq təklifi gələndə canla-başla razı olub. Görəcəyi işlər haqqında isə bunları deyir:

«Azərbaycana gələn xarici nümayəndə heyətini qarşılayacağam. Onlar özlərini Azərbaycanda çox rahat, öz ölkələrindəki kimi hiss eləməlidirlər. Biz həm də Azərbaycanı tanıdacağıq. Bu xarici arenada ölkəmizin piarıdır. Tolerant, demokratik ölkə olduğumuzu göstərməliyik».

ATLETLƏRİN QİDALANMASINA CAVABDEHDİR...

Könüllülərdən biri
Könüllülərdən biri

Başqa bir könüllü Murad Abakarov Texniki Universitetinin tələbəsidir. Deyir ki, tələbə olsa da könüllülük işi onlara mane olmur:

«Könüllü olmaq o deməkdir ki, hər hansı maddi qarşılıq gözləmədən xalqın, ölkən üçün çalışırsan. Həm də bununla bir iş, ünsiyyət təcrübəsi qazanmış oluruq. Hər könüllünün öz qrupu var. Həmin qruplar üzrə işlər görürük. Mən yeməyə, qidalanmaya nəzarət edəcəyəm. Atletlərin düzgün qidalanmasına mən cavabehəm. Hansı idmançı yeməyini götürdü, yeməyi haradan götürmək lazımdır və s. istiqamət göstərəcəyəm. Bu iş çox xoşuma gəldi. Dərslərimə də maneçiliyi yoxdur. Bir də ki, dərs vaxtı düşən tədbirlərə icazə alınır».

İqtisad Universitetinin tələbəsi Natiq Əlizadə də könüllü olmağa könüllü razılaşanlardandır. Baxmayaraq ki, görəcəyi iş ona hələ tam aydın deyil:

«Könüllü olaraq mən də Avropa Oyunlarına öz töhfəmi vermək istəyirəm. Qonaqları qarşılayacağam. Onlar necə gülərüzlə gəlirlərsə, gülərüzlə də getməlidirlər. Atletlər kəndi, Gimnastika Arenası, Milli Olimpiya Stadionu və s. yerlərdə olacağıq. Hazırda bəzi sahələr üzrə təlimlər uşaqlara gəlib. Bəzi departamentlərə hələ gəlməyib».

HƏBSDƏKİLƏRİ SORUŞSALAR...

Gənclər Bakıya gələcək minlərlə xarici qonağa Azərbaycan mədəniyyəti, ölkənin demokratik imici haqqında məlumat verəcəklərini deyirlər. «Sizdən həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri haqqında soruşsalar, nə məlumat verəcəksiniz?» Bu sualın cavabında isə duruxub qaldılar, məlumatsız olduqlarını dedilər.

Bakı 2015 Avropa Oyunları iyunun 12-dən 28-ə qədər, ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının bütün xərclərini Azərbaycan ödəyəcək.

Oyunlar ərəfəsi Azərbaycanda insan haqlarının durumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Meqatədbirə 100 gün qalmış beynəlxalq hüquq-müdafiə təşkilatları hakimiyyətə çağırış edir, həbsdəki siyasi fəalları, jurnalistləri və bloqqerləri azad etməyə çağırır. Hakimiyyət təmsilçiləri isə həmin qurumları Azərbaycana qarşı «qara piar» aparmaqda ittiham edir.

XS
SM
MD
LG