Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:12

ASAN-ın Naxçıvan çətinlikləri


Asan xidmətin loqosu
Asan xidmətin loqosu

.

Naxçıvan qeydiyyatında olan vətəndaşlar ASAN-ın Bakıdakı mərkəzlərində bəzi xidmətlərdən yararlana bilmirlər. Bu haqda AzadlıqRadiosuna vətəndaşların özləri məlumat verib. Onlar deyir ki, ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi almaq və digər sənədləşmə işləri üçün müraciət edərkən rədd cavabı alırlar. Şikayətçilərin sözlərinə görə, xidmətdə bunun səbəbini Naxçıvandakı müvafiq orqanların lazımi məlumatları ASAN-ın bazasına yerləşdirməməsi ilə izah edirlər.

NAXÇIVANA AİD MƏLUMATLARIN ÇOXU ASAN-IN BAZASINDA YOXDUR

Naxçıvan sakinlərindən biri olan Sahib Ələsgərov deyir ki, Naxçıvanda qeydiyyatda olsa da uzun müddətdir Bakıda yaşayır. O bildirir ki, bu yaxınlarda şəxsiyyət vəsiqəsini itirib və yeni vəsiqə almaq üçün Bakıda Bakıxanov qəsəbəsində yerləşən 4 saylı “ASAN xidmət”ə müraciət edib. Burada isə ona Naxçıvana getməyi məsləhət görüblər:

“İşsizlik ucbatından naxçıvanlıların əksəriyyəti Bakıya köçüb. ASAN Xidməti yarananda sevindik ki, sənədləşmə işlərini görmək üçün artıq Naxçıvana getmərik. Uzaq yoldu, hər dəfə gedib-gələndə bir nəfər üçün 150-200 manat xərcimiz çıxır. Bu yaxınlarda yeni şəxsiyyət vəsiqəsi almaq üçün 4 saylı xidmətə getdim. Haqq üçün deyim ki, çox mədəni və nəzakətlə qarşıladılar. Ancaq, dedilər ki, Naxçıvan qeydiyyatında olanlara nə şəxsiyyət vəsiqəsi, nə sürücülük vəsiqəsi, nə də ümumvətəndaşlıq pasportu verə bilərik. Soruşdum necə olur ki, bütün rayonlarda qeydiyyatda olanlar ala bilir, biz yox? Dedilər ki, Naxçıvana aid məlumatlar hələlik bazamıza yerləşdirilməyib. Dedilər yalnız, müddəti bitmiş sürücülük vəsiqələrini dəyişə bilərik .Maraqlandım, dedilər qeydiyyatdan çıxıb, Bakıya düşmək üçün də mütləq Naxçıvana getmək lazımdır. Çünki, xidmət Naxçıvandan hərbi qeydiyyatdan çıxarmaq hüququna malik deyil.”?

Bakıda yaşayıb Naxçıvan qeydiyyatında olan, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər vətəndaş da ASAN Xidmətindən narazıdır:

“2008-ci ildə Naxçıvandakı notariusların birindən avtomobil üçün öz adıma baş etibarnamə almışam. Etibarnamənin vaxtı 2018-ci ildə bitir. Ötən ay həmin etibarnamə əsasında yaxın dostuma avtomobilimi idarə etmək üçün müvəqqəti etibarnamə almaq üçün 4 saylı ASAN Xidmətinə getdim. Buranın notarius bölümündə mənə dedilər ki, biz bu etibarnamə əsasında sənəd verə bilmərik.

Bildirdilər ki, Naxçıvandakı notariat kontorları ümumi bazaya məlumatları yerləşdirməyiblər. Naxçıvana gedib, eyni noratiusa müraciət etməyimi məsləhət gördülər. Axı, mənim günahım nədir ki, bazaya məlumat yerləşdirilməyib? Əlimdə möhürlü sənəd var. Buna əsaslanıb müvəqqəti etibarnamə verməlidilər. Naxçıvan bilərəkdən öz məlumatlarını ümumi bazaya yerləşdirmir ki, ödənəcək pullar özlərinə qalsın. Sanki Naxçıvan Azərbaycanın tərkibində deyil, ayrıca ölkədir. Bunun da əziyyətini biz çəkirik”.

Anar Hüseynov
Anar Hüseynov

NAXÇIVANDA “ASAN XİDMƏT” AÇILACAQ”

Məsələyə aydınlıq gətirmək üçün AzadlıqRadiosu “ASAN xidmət”lə əlaqə saxlayıb. Xidmətin mətbuat katibi Anar Hüseynov bildirdi ki, Bakıda olan mərkəzlər hələlik Naxçıvan qeydiyyatında olan vətəndaşlara cüzi xidmətlər təklif edə bilir:

“Bakıdakı mərkəzlər açılanda ilkin olaraq yalnız bu şəhərin qeydiyyatında olan vətəndaşlara xidmət göstərilirdi. Biz sonradan regionlarda qeydiyyatda olan vətəndaşlar üçün də bəzi xidmətlər həyata keçirməyə başladıq. İndi regionlarda da mərkəzlər açılmaqdadır. Bu mərkəzlər açıldıqca, məlumat bazası genişlənəcək və biz Bakıda rayon qeydiyyatı olanlara da xidmətimizi genişləndirəcəyik. Hazırda Naxçıvan qeydiyyatında olanlar cüzi xidmət göstərə bilirik. Naxçıvanda tezliklə “ASAN xidmət”in açılması nəzərdə tutulur. Bu baş verdikdən sonra Bakıdakı mərkəzlər Naxçıvan qeydiyyatında olanlara ASAN-ı əhatə edən bütün xidmətlərdən yararlana biləcəklər”.

XİDMƏT ETİBARNAMƏ VERMƏKDƏN İMTİNA EDİR...

Naxçıvan notariuslarından alınan etibarnamələr əsasında müvafiq sənədlərin verilməməsi səbəbinə aydınlıq gətirmək üçün AzadlıqRadiosu 4 saylı ASAN Xidmətin notariat bölməsii ilə əlaqə saxlayıb. Bölmədən AzadlıqRadiosu əməkdaşının yazılı sorğusuna cavabında bildirilir ki, elektron informasiya sisteminə yerləşdirilmədiyindən bu cür etibanamələr əsasında sənəd verməkdən imtina olunur:

““Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a əsasən notariat hərəkətlərinin aparılmasından öncə notarius müvafiq məlumatları yoxlamalıdır. Bizə təqdim edilən, Naxçıvanda təsdiqlənən etibarnamənin ləğv edilib-edilməməsi ilə bağlı məlumatı “Elektron notariat” informasiya sistemi vasitəsi ilə yoxlamaq mümükün olmadığından həmin etibarnamə əsasında digər şəxsə etibarnamə verməkdən imtina olunur”.

Elman Fəttah
Elman Fəttah

“MƏLUMATLARI BAZAYA YERLƏŞDİRMƏK XİDMƏTİN BORCUDUR”

Hüquqşqnas Elman Fəttah bildirir ki, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, bütün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edə bilər:

“Xidmətin yaradılmasında məqsəd müxtəlif dövlət xidmətlərinin bir mərkəzdə birləşdirilərək vətəndaşlara xidmətin optimallaşdırılmasıdır. Qeyd olunan məsələdə vətəndaşlar tamamilə haqlıdır. Məlumatların bazaya toplamaq vətəndaşın yox, xidmətin vəzifəsidir. Bu vətəndaşın günahı yox, xidmətin öz işini səmərəli qurmamasıdır. Naxçıvan Azərbaycanın tərkib hissəsidir. ASAN xidmət təkcə Bakı şəhəri üzrə yox, respublikanın bütün regionların xidmət üçü yaradılıb. Xidmətin borcudur ki, Naxçıvan üzrə məlumatları da mərkəzi bazaya yerləşdirsin. Möhürlü, keçərlilik müddəti bitməmiş etibarnamə əsasında sənəd verilməməsi isə tamamilə absurddur. Etibarnamə ilə bağlı məlumatın elektron informasiya bazasında olub-olmaması heç bir rol oynamır”.

“ASAN xidmət” mərkəzləri 2012-ci ildə prezidentin fərmanına əsasən yaradılıb. Fərmana əsasən bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.

“ASAN xidmət”in əsas məqsədlərindən biri də şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Xidmətin saytında yerləşdirilən məlumata görə, vətəndaşlar mərkəzlərdə şəxsiyyət vəsiqəsinin, ümummilli pasportların alınması, hərbu qeydiyyatın dəyişdirilməsi və notariatda daxil olmaqla 23 xidmətə çıxışdan yararlana bilər.

XS
SM
MD
LG