Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:52

Azərbaycan böhrandan necə çıxa bilər?


Foto: Arxiv
Foto: Arxiv

-

«Bizim yol» yazır ki, dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar yaranmış maliyyə qıtlığı problemlərə yol açır:

«Xüsusilə, dövlət büdcəsinin icrasında yaranmış çətinliklər, qiymətlərin kəskin bahalaşması, ixtisarlar, manatın ucuzlaşması vətəndaşları narahat edir. Neftin qiymətinin qalxmayacağı, yaxud da daha da ucuzlaşacağı halda atılacaq addımlarla bağlı ekspertlərin rəyləri də ürəkaçan deyil. Belə ki, vəziyyətdən çıxış yolu kimi investisiya xərclərinin azaldılması və dövlət strukturlarının sayının azaldılaraq, ixtisarlar aparılması təklif olunur. Bu addımların hər ikisi nəticədə işsizlərin sayının artmasına səbəb ola bilər.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə «Bizim yol»a bildirib ki, bu variantların heç biri çıxış yolu deyil:

«İndi uzunmüddətli strategiya qurmaq istəyirlərsə, Azərbaycan yeni iqtisadi doktrina qəbul etməlidir. Bu doktrinanın mahiyyəti başqa olmalıdır. Azərbaycanın neftdən asılılığını azaltmaq üçün yeni, gerçək istehsal sahələrinə keçilməli və həvəsləndirmə metodlarından istifadə edilməlidir».

Qəzet yazır ki, əhalini ən çox narahat edən məsələlərdən biri də manatın yenidən kəskin ucuzlaşması ilə bağlı verilən proqnozlarla bağlıdır. Ekspertlər, deputatlar manatın kəskin olmasa da, mərhələli şəkildə devalvasiya ediləcəyini bildirirlər. Mərkəzi Bankın sədri Elman Rüstəmovun dediyi fikirlər də dəqiq nəticəyə gəlməyə əsas vermir. O, bildirib ki, situasiyaya uyğun olaraq hərəkət ediləcək.

Cahangir Hacıyev
Cahangir Hacıyev

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Elman Rüstəmovun çıxışına münasibət bildirərkən deyib ki, banklara göstəriş, təklif verməklə, xahiş etməklə nəyəsə nail olmaq, mühiti dəyişmək mümkün deyil. İqtisadçı qeyd edib ki, bankların öz resurslarını necə əldə etməsi reallığını dəyərləndirmək lazımdır.

CAHANGİR HACIYEV NİYƏ İSTEFA VERDİ?

«Yeni Müsavat» qəzeti Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefaya getməsi səbəblərindən yazır. Qəzet iddia edir ki, ölkənin bank sektorunun ağır bir dövrə qədəm qoyduğu hazırkı şəraitdə 1 milyona qədər müştərisi olan Beynəlxalq Bank sədrinin istefası əlbəttə ki, Cahangir Hacıyevin səhhətinə bağlı məsələ deyil. Qəzetin yazdığına görə, Cahangir Hacıyevin hazırkı həssas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər. Başqa səbəblər də qeyd olunur:

«C.Hacıyevin müəmmalı istefasının səbəbləri sırasında bankın ciddi borclanması və bankirə yaxın olan müxtəlif şəxslərin ona (əslində dövlətə) külli miqdarda «atması» da var. Xəbərlər var ki, Beynəlxalq Bank naməlum səbəblərdən 2013-2014-cü illərdə büdcəyə divident ödənişini dayandırıb. Bugünlərdə isə məlum olub ki, bank 2015-ci ildə də ciddi problemlərlə üzləşən dövlət büdcəsinə yenə də divident ödəmək gücündə deyil. («Divident» dövlətin payı olan müəssisələrdən alınan gəlirə deyilir)».

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

«AZƏRBAYCANDA İNSAN FAKTORU HƏMİŞƏ DİQQƏT MƏRKƏZİNDƏDİR»

«Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə özünün humanist iradəsini ortaya qoydu». Bunu yap.org.az-a Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, il ərzində xeyli sayda insanlar əfv olunur, onlar öz səhvlərini etiraf edir və cəmiyyətə, ailələrinin yanına qayıdırlar.

«Bunun özü bir daha göstərir ki, Azərbaycan cəmiyyətində insan faktoru, insanın qayğıları ailənin möhkəmlənməsi məsələsi həmişə dövlətin diqqət mərkəzindədir. Ölkə prezidentinin son Sərəncamı ilə də yüzlərlə ailə sevinəcək və öz dövlətinin qayğısını üzərlərində hiss edəcək»- A.Mirzəzadə vurğulayıb.

XS
SM
MD
LG