Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:39

Hicab məhbusu təcridxananı Quantanamoya bənzətdi


Anar Qasımlı
Anar Qasımlı

-

«Biz haqsız yerə həbs olunmuşduq. Allah yolunda cismimizi qurban da deyirik. Ancaq bu, o demək deyil ki, haqsız yerə, hansısa məmur bizi işgəncə ilə tutub həbs etməli idi. Həyatımın 2 il yarımını əlimdən aldılar».

Bunu AzadlıqRadiosuna martın 20-də əfv fərmanı ilə azadlığa çıxan «hicab məhbusu» Anar Qasımlı deyib.

«ORA MÜALİCƏ ÜÇÜN GETMƏMİŞDİK»

Keçən ilin dekabrında mətbuatda 14 saylı cəzaçəkmə yerində saxlanılan bir sıra məhbusların «tubzon» kimi tanınan 3 saylı müəssisəyə köçürülməsi haqda məlumatlar yayılmışdı. Sonradan bəlli oldu ki, həmin məhbuslar dekabrın 22-də 14 saylı həbsxanada müəmmalı şəkildə ölən Elşad Babayevin ölümünə etiraz etdikləri üçün 3 saylı müəssisədə «kars»a salınıblar. Onların arasında Anar Qasımlı da olub. Rəsmi məlumatda Elşad Babayevin ürək çatışmazlığından öldüyü bildirilsə də, bacısı onun işgəncə ilə öldürüldüyünü demişdi, bununla bağlı mediaya fotolar təqdim etmişdi.

Həmin hadisə haqqında Anar Qasımlı bunları deyir:

«Hələ də təzyiq altında olanlar olduğu üçün açıq danışa bilmirəm. Həbsdə olanlara ziyan olar. Kimlərəsə ziyan gətirər, ona görə bu haqda təfsilatı ilə danışmaq istəmirəm. Ancaq biz ora müalicə üçün getməmişdik. Bir kəlmə demək istəyirəm ki, Quantanamodur. Ancaq şükür Allaha ki, özüm də, bir neçə nəfər də canımız salamat oradan xilas olduq».

Anar Qasımlı deyib ki, azadlığa çıxandan sonra da ictimai fəaliyyətini davam etdirəcək: «Bizim ilk məqsədimiz hicaba olan qadağanın aradan götürülməsi idi. Ancaq məqsəd bütün ölkədəki ədalətsizliyə qarşı olmaqdır. Başını bağlayanın da, bağlamayanın da, fəhlənin də, haqsızlığa məruz qalan hər kəsin dərdi bizim dərdimizdir».

«HƏBSDƏ OLANLARIN AZADLIĞI ÜÇÜN ÇALIŞACAĞIQ»

Anar Qasımlı həbsdə olan hicab məhbuslarının azad olunması üçün çalışacaqlarını bildirir: «Oktyabrda həbs olunanlardan 6 nəfər həbsdədir. Bundan başqa may aynda, «Eurovision» ərəfəsində tutulanlar da var, Masallıda gecə evinə basqın olunanlar da, başda olan hacılar həbsdədir. Ümumilikdə 30-40 nəfər həbsdədir. Qanuni şəkildə onların azadlığı üçün çalışacağıq».

Ölkədəki dini azadlıqların vəziyyətinə gəldikdə, Anar Qasımlı təzyiqlərin 5-6 ildir başladığını, indi də davam etdiyini bildirib: «Bəzən bilmirlər kimi sıxsınlar. Allah özü islah eləsin».

Anar Qasımlı 2012-ci ilin oktyabrında Təhsil Nazirliyinin qarşısında «hicaba azadlıq» şüarı altında keçirilən aksiyada tutulmuşdu. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Hakimiyyət təmsilçiləri ölkədə din azadlığı da daxil olmaqla, bütün təməl insan hüquq və azadlıqlarının qorunduğunu deyir.

Ədliyyə Nazirli yanında Penitensiar Xidmət isə həbsxanalarda kimliyindən asılı olmayaraq, bütün məhbuslar üçün bərabər, normal şərait yaradıldığını, heç kəsə qarşı ayrı-seçkiliyə yol verilmədiyini, qanunvericiliyin bütün normalarına əməl olunduğunu bildirir.

XS
SM
MD
LG