Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:03

Ağ Şəhər bulvarında gördüklərimiz və görmədiklərimiz


Ağ Şəhər Bulvarı
Ağ Şəhər Bulvarı

-

Yeni salınan Ağ Şəhər Bulvarında işlər tamamlanmaqdadır. Artıq köhnə bulvarla yeni bulvarı ayıran hasar da sökülüb, araya yeni yol, qazon döşənir.

Dəniz sahilindəsə işlər tamamlanmış kimi görünür, artıq sahilboyu ağaclar əkilib, işıq dirəkləri yerləşdirilib. Dənizlə sahili ayıran gümüşü məhəccərlər gün işığında bərq vurur. Tikintinin, hər addımda rastına çıxan iri maşınların əlindən qurtarmaq üçün iki addımlıqda - kimsəsiz sahildə yaz günəşi altında par-par yanan dənizə baxmaq istəyirsən. Ancaq mühafizə - Nobel prospekti ilə bulvar arasındakı 150 metrlik yolun başlanğıcındaca geri qaytarır. «Olmaz, tikinti gedir, təhlükəlidir» deyir.

«APRELİN SONU, MAYIN 10-DƏK BİTMƏLİDİR»

Mühafizəçi onu da deyir ki, aprelin sonu, mayın 10-dək işlər yekunlaşmalıdır, ondan sonra hər kəs kimi biz də rahatca gələ bilərik. Yeri gəlmişkən, bulvarın nə zaman təhvil veriləcəyini hələlik heç kim dəqiq bilmir. Fəhlələr deyirlər ki, aprelin 24-ə bütün işlər tamamlanmalıdır. Bulvar İdarəsinin əməkdaşı isə ehtimal edir: «Mayın ortalarına bəlkə işlər yekunlaşa. O da bəlkə».

Ağ Şəhər Bulvarı
Ağ Şəhər Bulvarı

Bulvarın ikinci hissəsində görüləsi işlər doğrudan da çoxdur, mərmər döşənməli, yaşıllıq salınmalı, skamyalar qoyulmalı, yeraltı keçidlərə üzlük vurulmalıdır və s.

Fəhlələr deyirlər ki, onlar iki ilə az iş görməyiblər. Bu müddətdə bəzi müəssisələr, tikililər sökülüb, ərazi şumlanıb, mazutla çirkli ərazilərə əlavə torpaq tökülüb, dənizkənarı piyada yolları salınıb, bulvarın bir hissəsinə plitələr düzülüb, sahilbərkitmə işləri aparılıb, piyada keçidləri inşa edilib.

Zaman-zaman Ağ Şəhər Bulvarının Zığ dairəsinə qədər uzanması haqda danışılsa da, fəhlələr deyir ki, bu layihə yəqin Avropa Oyunlarından sonraya qalacaq. Yeni salınan bulvar təxminən 1000-1500 metr olacaq. Ağ Şəhərdə gedən tikinti, eləcə də təzəcə sökülmüş Neft-yağ zavodunun dağıntılarının diqqət çəkməməsi üçün həmin ərazi plakatlarla örtüləcək ki, gələnlər buranın ancaq gözəlliyini görə bilsinlər.

Ağ Şəhər Bulvarı
Ağ Şəhər Bulvarı

AĞ ŞƏHƏR BULVARI KİMİNDİR?

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzadlıqRadiosuna deyir ki, yeni bulvarın təhvil veriləcəyi vaxt bəlli deyil: «Onun təhvil verilməsi ölkə rəhbərliyindən asılıdır. Bulvar İdarəsinin bu haqda məlumatı yoxdur. İki istiqamətdə Bayıl və Ağ Şəhər istiqamətində bulvar salınır. Ancaq hələ onlar bizə verilməyib. Açılışı nə zaman olacaq, bizim idarənin tərkibində olacaqmı-olmayacaqmı, bizdə məlumat yoxdur. Bildiyimizə görə, Avropa Oyunlarına qədər açılışı gözlənir».

Bulvar İdarəsinin çoxsaylı əməkdaşlarının ərazidə işlədiklərini deyirik, Nazim Məcidov cavab verir ki, Ağ Şəhər Bulvarında iş çoxdur, ola bilsin, onların işçilərini də yardıma çağırıblar. O, sualları Ağ Şəhər layihəsinə yönləndirməyimizi istəyir.

Ağ Şəhər Bulvarı
Ağ Şəhər Bulvarı

«BULVAR SİMVOLİK OLARAQ AĞ ŞƏHƏR ADLANIR»

Ağ Şəhər layihəsindən Ayla Qasımova AzadlıqRadiosuna bildirir ki, bulvar onların ərazisindədir deyə, layihə ilə eyni adı daşıyır. «Yəni, simvolik olaraq. Ancaq yeni bulvar Bulvar İdarəsinə aiddir. Bütün xəbərlərdə də Ağ Şəhər Bulvarına gələn prezidenti Bulvar İdarəsinin rəisi müşayiət edir».

Ağ Şəhər Bulvarının təməlini 2013-cü ilin mayında prezident İlham Əliyev qoyub. Məqsəd «ekologiyası bərpa edilən sənaye zonasının simasını daha da gözəlləşdirmək»dir. Hər halda, Ağ Şəhər layihəsinin təqdimatında belə deyilir.

Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər Bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanıb. Burda işləyən fəhlələr də deyirlər ki, prezident sonuncu dəfə - martın 31-də gələndə bəzi göstərişlər verilib. Onlardan biri Avropa Oyunlarından sonra iki bulvarı ayıran limanın sökülməsi ilə bağlıdır. ​

XS
SM
MD
LG