Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:37

Valyutadəyişmə məntəqələrində təşviş var


106 manat alışdır, 107 manat satış
106 manat alışdır, 107 manat satış

-

«106 manat alışdır, 107 manat satış. Hətta 106 manat 50 qəpik, 106 manat 70 qəpik də alış olur...».

Valyutadəyişmə məntəqəsinin satıcısı Vüqar Əliyev alış-satış lövhəsindəki rəqəmləri dəyişir. Deyir ki, aprelin 7-8-də 1 dollar aprelin 6-dakı qiymətə nisbətən bahalaşanda (aprelin 7-də 1 dollar 1.0517 manat olub. Bu aprelin 6-dakı qiymətdən 0.2%, ya da 0,0021 manat çoxdur) həm məntəqə sahibləri, həm də müştərilər arasında təşviş yaranıb. Baxmayaraq ki, aprelin 9-da dolların məzənnəsində bahalaşma yox, cüzi ucuzlaşma var, yenə də təşviş qalır:

«Qiymət az-az yuxarı gedir. 100 dollarda 9-10 qəpik bahalaşma var. Biz də çox ziyana düşürük. Alıb-satırıq. Səhər tezdən gəlirik ki, məsələn, bu gün 20 qəpik bahadır. Bu artıq bizim üçün ziyandır. İndi dollar alanlar çoxdur».

Mərkəzi Bankın məzənnəsinə görə, aprelin 9-da 1 ABŞ dolları 1.0515 manatdır, 1 avro-1.133 manat olub.

İKİNCİ BAHALAŞMADAN QORXURUQ

Bakının əksər valyutadəyişmə məntəqələrində 100 dollar 106 manata alınır, 107 manat 20 qəpiyə satılır. Bəzilərində 100 dolların 105 manat 20 qəpik alınıb, 107 manat 30 qəpiyə satıldığı göstərilir. Bəzi valyutadəyişmə məntəqələrində isə, ümumiyyətlə, alqı-satqı yox idi:

«Yoxdur, nə alırıq, nə satırıq».

Valyuta alverçiləri deyir ki, fevralın 21-də manatın kəskin ucuzlaşmasından sonra gözləri qorxub. İndi dollardakı kiçik artımlar ikinci güclü devalvasiya narahatlığı yaradır. Elə müştərilər də narahatdır:

- «Manat ucuzlaşdı, qiymətlər artdı. Maaş da qalxmır. Məsələn, ayda əvvəl 300 manat xərcləyirdiksə, indi 310 manat xərcləyirik. Bir kreditimiz də var. Düzdür, çox böyük məbləğ deyildi. Ayda 124 dollar ödəyirdik. Bu da 100 manat idi. İndi haradasa 136 manat ödəyirik. 36 manat artıq pul ödəyirik. Evdə 1 manat belə əskik olanda ailə büdcəsinə təsir edir. Mən ikinci iş axtarıram».

Bəzi valyutadəyişmə məntəqələrində, ümumiyyətlə, alqı-satqı yoxdur.
Bəzi valyutadəyişmə məntəqələrində, ümumiyyətlə, alqı-satqı yoxdur.

- «Evdə bir az manatımız var. Qardaşım deyir, bəlkə keçirək dollara. Çünki dollar qalxır. Qiymət də qalxıb, əvvəl aldığım dərmanları 50 qəpik, 1 manat bahasına almışam».

- «Dollar qəpik-qəpik qalxdıqca, qiymətlər də qalxır. Çətin vəziyyətə düşən biz sadə adamlarıq».

MANATIN CÜZİ BAHALAŞMASI MÜVƏQQƏTİDİR

Son günlər iqtisadçılar arasında da ikinci devalvasiya olacağı haqqında fikirlər artıb. İqtisadçı Samir Əliyev deyir ki, indi çox həssas dövrdür və bütün nəzərlər Mərkəzi Banka dikilib. Manatın taleyi ilə bağlı səslənən hər hansı fikir bazara təsir göstərir:

«Devalvasiyadan sonra bazarda xeyli sakitlik yaranmışdı. Valyutadəyişmə məntəqələri dolları rahat dəyişirdi. Son 2-3 gündə bazarda panik vəziyyət müşahidə edirik. Əhali kütləvi şəkildə dollar alışına başlayıb. Ən narahatlıq doğuran məqam odur ki, valyutadəyişmə məntəqələri bunu qarşılaya bilmirlər. Tələbatı ödəyə bilmədiklərinə görə bağlanmaq məcburiyyətində qalırlar. Bu da panikanı daha da alovlandırır. İkinci devalvasiyanın ola biləcəyi haqqında fikirlər dolaşır. Dünənlə müqayisədə bu gün cüzi də olsa rəsmi məzənnədə manat bahalaşdı. Bu, müvəqqətidir. Düşünürəm ki, manatın ucuzlaşması prosesi getdikcə davam edəcək. Nə qədər ki, neft bahalaşmayıb, 70 dollar həddini keçməyib, manat daim təzyiq altında olacaq».

Mərkəzi Bank
Mərkəzi Bank

MƏRKƏZİ BANK: «MANAT MÜƏYYƏN GÜNLƏRDƏ BAHALAŞA, MÜƏYYƏN GÜNLƏRDƏ İSƏ UCUZLAŞA BİLƏR»

Mərkəzi Bank aprelin 8-də dolların məzənnəsinin artmasının manatın növbəti devalvasiyası ilə bağlı olmadığı haqqında bəyanat yayıb. Bəyanatda deyilir ki, bu, manat məzənnəsinin valyuta səbəti – dollar və avro əsasında formalaşmasının nəticəsidir. Avronun məzənnəsinin azalması dolların məzənnəsinin artmasına gətirib çıxarıb: «Yəni, manat dollara qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər».

Mərkəzi Bank onu da bildirir ki, «avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meylləri nəzərə alır».

İqtisadçı Samir Əliyev isə deyir ki, neftin qiyməti 50 dollardan aşağı – 30-40 dollar olarsa, ikinci devalvasiya qaçılmaz olacaq, manat 20-30 faiz ucuzlaşa bilər. Onun fikrincə, hökumət payızda keçiriləcək parlament seçkilərinə qədər ikinci devalvasiyanın qarşısını almağa çalışacaq.

Fevralın 21-də Mərkəzi Bank manatı dollara nisbətdə 34% ucuzlaşdırıb.

XS
SM
MD
LG