Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:01

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanın statusunu aşağı saldı


.

Aprelin 15-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) Azərbaycanın statusunu aşağı salıb: tamhüquqlu üzvdən müvəqqəti üzvlüyə endirib.

Qurumun yaydığı press-relizdə deyilir ki, bu ilin əvvəlində Koalisiya Azərbaycanda ictimai təşkilatların MSŞK prosesinə qoşula bilmədiyini bəyan edərək ilkin qiymətləndirmənin zəruri olduğunu bildirmişdi. Daha sonra Koalisiya özünün “qiymətləndirmə hesabatı”nda Azərbaycanın fəaliyyətinin 2013-cü ildə hazırlanmış standartlara uyğun gəlmədiyini bildirmişdi. Azərbaycan bu standartlar üzrə qiymətləndirilən ilk ölkədir. Mütəxəssislər bu standartların əvvəlkindən daha mürəkkəb olduğunu deyirlər. Və başqa ölkələrin də koalisiyada "cəzalandırılacağını" istisna etmirlər.

MSŞK-nın sədri Clare Short Azərbaycanın statusunun aşağı salınması ilə bağlı deyib:

“Narahatlığımızı ifadə etdikdən sonra bəzi irəliləyişlər baş verdi, amma Azərbaycanda ictimai təşkilatların prosesdə faydalı şəkildə iştirak edə bilməsi üçün daha çox iş görülməlidir”.

Azərbaycan hələ də koalisiyaya üzv sayılır, əgər 12 ay ərzində səhvlərini düzəltsə, əvvəlki statusunu qaytara bilər, əks halda koalisiyada fəaliyyəti dayandırılacaq.

Koalisiya daha çox Azərbaycanda quruma üzv olan qeyri-hökumət təşkilatlarının bir çoxuna hökumətin yaratdığı problemlərə görə onların normal fəaliyyət göstərə bilməməsindən narahatdır.

MSŞK hökumətlərin, şirkətlərin, ictimai təşkilatların və beynəlxalq təşkilatların koalisiyasıdır. Koalisiyanın 48 üzvü var.

İqtisadi təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Koalisiyanın qərarını AzadlıqRadiosuna şərh edərkən bildirib ki, bu, investorların diqqət mərkəzində olan, onlarda ölkənin şəffaflıq dərəcəsi haqda fikir yaradan bir təşəbbüsdür və şəffaflıq prosesində iştirakçılığın vəziyyətini əks etdirir:

“İndiki halda statustan məhrum etmə o deməkdir ki, Azərbaycan qurumun yeni standartlarının tələblərinə, xüsusilə də “vətəndaş cəmiyyəti” bölməsinin standarlarına cavab vermir. Bu bölmə vətəndaş cəmiyyətinin durumu, onun bu prosesdə iştirakı haqdadır. Azərbaycanda isə indiki halda ən böyük problemlərdən biridir”.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl bildirib ki, bu qərar koalisiya səviyyəsində bir sanksiyadır:

“Bu, bir başlanğıcdır. Ardınca oxşar qurumlar oxşar qərarlar verə bilər. Çünki məsələ başqa yerlərdə də gündəmdədir.Bu qərar Azərbaycanın kredit reytinqini 1-2 pillə azalda bilər. Nəticədə qaz layihələri imzalanan ərəfədə hökumət çətin duruma düşə bilər”.

Azərbaycan hökuməti hələ ki, qərara münasibətini açıqlamayıb.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov keçən ilin dekabrında Azərtac-a müsahibəsində Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkə olduğunu deyib:

“Bu gün Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir. İnsanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir”.

XS
SM
MD
LG