Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:31

«Azərbaycan» qəzeti ABŞ-a demokratiya dərsi verir


İlham Əliyev nəşriyyatda - 2008
İlham Əliyev nəşriyyatda - 2008

-

«Azərbaycan» qəzeti aprelin 21-də yazır: «İnsan hüquqlarını kütləvi şəkildə pozan ölkə «azadlıqların meyarı» ola bilməz».

Söhbət Amerika Birləşmiş Ştatlarından gedir.

««Uoll striti işğal et!», Ferqyuson hadisələri və digər faktlar təsdiq edir ki, ABŞ-da insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmir, onlara mövcud idarəçiliyə qarşı etiraz səslərini ucaltmağa imkan verilmir, hətta elementar hüquqlarını müdafiə etməkdə belə acizdirlər. Ferqyuson hadisələri göstərdi ki, hətta jurnalistlər, bloqçular, vəkillər, hüquq müdafiəçiləri belə istənilən formada təzyiqlə üzləşə bilərlər. Xatırladaq ki, 2014-cü il avqustun 9-da ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polislərin 18 yaşlı silahsız zənci Maykl Braunu qətlə yetirmələri şəhərdə əhali ilə hökumət qüvvələrinin genişmiqyaslı qarşıdurmasına səbəb olub. Bu hadisə Qərb demokratiyasının iç üzünü və konkret olaraq, sözügedən ölkədə insan hüquqlarının təminatına məhəl qoyulmadığını göstərdi… Qətldən sonrakı hadisələr də ABŞ-da irqi ayrı-seçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq, söz və məlumat azadlığı kimi fundamental hüquqlarının pozulduğunu açıq nümayiş etdirdi», - deyə məqalədə bildirilir.

Qəzet yazır ki, bütün bunlar ABŞ-ın, onun carçısı olduğu «demokratiyanın» əsl mahiyyətinin nədən ibarət olduğunu göstərir:

«İrqçiliyin, islamofobiyanın baş alıb getdiyi, insanların telefonları dinlənildiyi ölkədə hansı hüquq və azadlıqlardan danışmaq olar? Quantanamo həbsxanasında minlərlə insanı məhkəməsiz həbs edib vəhşi və qəddar üsullarla işgəncə verən ölkə demokratiyadan danışa bilərmi? Bütün bunları ifşa edən insanları dünyanın hər yerində axtaran dövlət hansı söz azadlığını iddia edə bilər. Və təbii ki, insan hüquqlarını kütləvi şəkildə pozan ölkə isə «azadlıqların meyarı» ola bilməz».

MƏMURLAR SÜRƏT HƏDDİNİ AŞIB QANUNU POZUR, CƏRİMƏSİNİ İSƏ ÖDƏMİRLƏR

«Bizim yol» sual edir: «11 milyon cərimə - məsuliyyəti kim daşıyır?».

DYP
DYP

Qəzet yazır ki, məmurlar sürət həddini aşıb qanunu pozur, cəriməsini isə ödəmirlər və bu cərimə 11 milyon manata çatıb. «Bizim yol» daxili işlər naziri Ramil Usubovun cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət etdiyini bildirir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev «Bizim Yol»a bildirib ki, ödənilməyən radar cəriməsinin siyahısında nazirliklərlə yanaşı, hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələri də var: «Qanun pozuntusuna yol verən nəqliyyat vasitəsi barəsində elektron protokol tərtib olunub, hüquqi şəxsin ünvanına göndərilib.

Hüquqi şəxslərin-dövlət təşkilatının rəhbər şəxslərinin də borcudur ki, həmin nəqliyyat vasitəsini istifadə edən şəxs barəsində Dövlət Yol Polisinə yazılı məlumat versin. Bu barədə məlumat verməyən hüquqi şəxs barəsində inzibati məsuliyyət mövcuddur».

K.Əliyev bildirib ki, hansısa yüksəkrütbəli məmurun cərimələnməsindən söhbət gedə bilməz: «Çünki cərimələnən nəqliyyat vasitəsi hansısa təşkilata rəhbərlik edən məmura deyil, təşkilata məxsusdur. Məmurun borcu yalnız odur ki, rəhbərlik etdiyi təşkilata məxsus avtomobili idarə edən sürücü barəsində Dövlət Yol Polisinə yazılı məlumat versin».

Kamran Əliyev ödənilməyən radar cəriməsinin siyahısındakı avtomobillərin hansı nazirliklərə və Milli Məclisin deputatlarına məxsus olduğunu açıqlamayıb:

«Bu o halda mümkündür ki, cərimələnən şəxsin özü buna razılıq versin. «Fərdi məlumatlar haqqında» qanuna görə, şəxsi məlumat üçüncü bir şəxsə ötürülə bilməz».

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovsa hesab edir ki, cərimələri ödəməkdən yayınan mərkəzi və yerli icra hakimiyyətlərinə məxsus xidməti maşınların siyahısını polis ictimailəşdirə bilər.

Hüseyn Abdullayev
Hüseyn Abdullayev

SABİQ DEPUTAT ƏLİYEVƏ VƏ KOMANDASINA MEYDAN OXUDU

«Azadlıq» yazır: «Hüseyn Abdullayev İlham Əliyevə və komandasına meydan oxudu».

Qəzet deputatın «facebook» səhifəsində yazdıqlarını olduğu kimi təqdim edib: «Sizə məlumdur ki, İlham Əliyev hakimiyyəti neçə müddətdir mənim ölkədə olmadığımdan istifadə edərək, meydanı boş görüb mənə və ailəmə aid olan bütün mülkiyyətimizi zəbt etməklə, məni sındırmaq məqsədi güdürdü.
Lakin bu istəkləri lazımı nəticəni vermədikdə, ən alçaq və ən ucuz vasitələrə əl atıb, yaşlı anamı və xəstə atamı girov saxlayaraq, məndə peşmançılıq hissini yaradıb, illərdir apardığım haqlı mübarizəmdən çəkindirmək istəyirlər.
Siz onu da bilirsiniz ki, mən yuxarıda sadaladığım bu haqsızlıqlara görə mövcud rejimə öz kəskin etirazlarımı bildirmişəm. Və mən Hüseyn Abdullayev bir daha bəyan edərək, neçə illərdir millətimin qanını içən, onu yoxsulluğa və ümidsizliyə məhkum edən, və bununla da özlərinin ailə xoşbəxtliyini Azərbaycan xalqının bədbəxtçiliyi üzərində quran İlham Əliyevə, o alagöz Kəmaləddinə, eləcə də diktatorun günahlarına şərik olanlara çatdırıram ki, gün gələcək mən Azərbaycana döndüyümdə, sizlər ədalət məhkəməsində hesab verəcəksiniz».

Deputat «Oyan, Xalqım» adlı şeirini də təqdim edib:

Saf niyyətli böyük xalqım.
Ruhu sınmış bezmiş xalqım.

Hansı namərd saldı səni bu günə?
Kimlər vurdu bu zənciri əlinə?
Kaş dönəydin milli birlik gücünə,
Səbəbkarın cəzasını verərdin.

Yenə sənin ümidini qırdılar,
Taleyini kimə gəldi satdılar.
Olub qalan səsin vardı sadəcə,
onu belə səndən sənsiz aldılar.

Hansı namərd saldı səni bu günə?
Kimlər vurdu bu zənciri əlinə?
Kaş dönəydin milli birlik gücünə,
Səbəbkarın cəzasını verərdin.

Yetər susdun, bəsdir daha.
Oyan, xalqım, qalx ayağa.
Öz qorxuna meydan oxu,
özün yol aç xoş sabaha.

XS
SM
MD
LG