Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:50

Qubad İbadoğlu: «Neft gəlirlərinin 5 faizi də kifayət idi ki...»


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

«Yeni Müsavat» qəzeti 25 aprel tarixli sayında yazır ki, iqtisadçı Qubad İbadoğlu ölkəyə daxil olan neft milyardlarının bir hissəsinin səhiyyə sferasına yönəldilməsinin vacib olduğunu bildirib. Qubad İbadoğlu deyir ki, Azərbaycanın qazandığı neft gəlirləri bu ilə qədər 115 milyard dollar olub, onun da 78 milyardı artıq xərclənib, 37 milyardı isə saxlanır:

«Neft gəlirlərimizin 67.8 faizinin xərclənməsinə baxmayaraq, hələ də Azərbaycanda nə gənc və nə də ahıl yaşlı ölkə vətəndaşları, heç olmazsa, ildə bir dəfə də olsun dövlət hesabına pulsuz tam tibbi müayinədən keçmir. Gənc oğlanlar yalnız hərbi xidmətə gedəndə formal olaraq tibbi yoxlanışa cəlb olunur. Qız övladlarımızın böyük əksəriyyəti isə hamilə olanadək tibbi müayinəyə müraciət etmir. Hətta onların bir çoxu hamiləlik dövründə də imkansızlıq ucbatından müntəzəm tibbi yoxlamalardan yayınır. Ahıl ata-analarımız, əlil vətəndaşlarımız da daimi və tam tibbi nəzarət üzünə həsrətdırlər. Xərclənən 78 milyard dollarlıq neft gəlirlərinin 5 faizi də kifayət edirdi ki, Azərbaycan vətəndaşının sağlamlığının mühafizəsi üçün dövlət təminatlı tibbi sığorta sistemi qurulsun və, heç olmazsa, uşaqlar müntəzəm olaraq müayinədən keçsin. Amma iki su kanalının tikintisinə 2 milyard manata (Oğuz-Qəbələ su kəmərinin çəkilməsi – 779.6 mln. manat, Samur-Abşeron kanalının rekonstruksiya edilməsi – 1 milyard 149.6 mln. manat) qədər vəsait xərcləyən hökumət ölkənin iqtisadi baxımdan «qızıl dövrü»ndə də bunu etmədi. Yenə də gec deyil. İnsana dəyər verən, onun sağlamlığını qorumaq istəyən hakimiyyət vətəndaşına da sərmayə qoymalıdır».

EVLƏR MANATLA BAHALAŞIB, DOLLARLA UCUZLAŞIB

«Bizim yol» qəzeti yazır ki, «MBA Ltd.» konsaltinq şirkəti mənzil bazarında evlərin manatla bahalaşdığını, dollarla ucuzlaşdığını hesablayıb: «Bu ilin mart ayı ərzində Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan «pod mayak» yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 16.38% azalıb - 1374 dollar/kv.m-dən 1149 dollar/kv.m-ə qədər, milli valyutada isə ay ərzində 11.94% artıb - 1078 manat/kv.m-dən 1206 manat/kv.m bəndində qərarlaşıb».

Bina
Bina

Şirkət hesab edir ki, iki valyutada qeyd edilən məbləğlər arasındakı tərs mütənasibliyə fevral ayında ölkədə baş verən devalvasiya səbəb olub:

«MBA Ltd.»nin monitorinq qrupunun ötən ay apardığı araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan «pod mayak» 1, 2, 3 və çox otaqlı mənzillərin hər birinin dollarla qiymətləri məlum olan səbəblərdən ciddi şəkildə azalıb: «Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan «pod mayak» mənzillərin sayında artım əsasən Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Buna da əsas səbəb kimi, tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Satışa təklif olunan yeni tikilən mənzillərin sayında azalma isə daha çox Sabunçu və Səbail rayonlarında qeydə alınıb. Müşahidə olunan azalmanı isə bu rayonlarda satışa çıxarılan mənzillərin digər rayonlara nisbətən daha tez satılması ilə izah etmək olar».

MİLLİ ŞURA YENƏ «TALANA SON!» DEYƏCƏK

«Azadlıq» qəzeti yazır ki, Milli Şura mayın 3-də yenidən «Talana son» deyəcək. Artıq mitinq üçün BŞİH-ə müraciət ünvanlanıb və mitinq hazırlıqlarına start verilib. Bu dəfə də mitinq «Talana son!» şüarı ilə keçiriləcək. «Mitinq komitəsindən verilən məlumata görə, ölkəni sosial-iqtisadi böhranın təhdid etdiyi bir dövrdə «Talana son!» əsas şüar olmalıdır. Çünki sürətli talançılıq, israfçılıq, ölkə sərvətlərinin mənasız layihələrə xərclənməsi ölkəni daha ağır böhranla təhdid edir və vətəndaşın sabahkı təminatı sıfırın altına düşür», - yazıda deyilir.

«Təbii ki, bu bir seçki mitinqi deyil və birbaşa vətəndaşın taleyi, ölkənin gələcəyi ilə bağlıdır. Ona görə də, ölkə vətəndaşları baş verənlərə biganə qalmamalı və hakimiyyətdən izahat tələb etməlidir. Əks halda Avropa Oyunlarından sonra vətəndaşlar daha ağır imtahanlardan keçməli olacaq. Məhz buna görə də vətəndaşlar talançılığa «dur» deməyi bacarmalıdır»- «Azadlıq» qəzetinin məqaləsində bildirilir.

Azər Məmmədov və Ruslan Əfəndiyev
Azər Məmmədov və Ruslan Əfəndiyev

TATAMİ ÜZƏRİNƏ AYAQQABILI ÇIXMAĞI QƏTLƏ SƏBƏB OLDU

Qafqazinfo saytı «Avropa» otelində «Zaminbank»ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirildiyi hadisənin əsas iştirakçılarından biri, mərhumun müəllimi, qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin açıqlamasını yayıb.

Olayda yaralanan Ruslan Əfəndiyev deyib ki, mübahisəni birinci qətli törədən şəxs başlayıb. O, hadisə baş verən günü tələbələri ilə «Avropa» otelinin idman zalında məşq edirmiş. Mübahisəyə səbəb isə qətli törətməkdə şübhəli bilinən şəxsin və dostunun tatami üzərinə ayaqqabılı çıxmaları olub. Ruslan Əfəndiyev hadisəni belə xatırlayır: «Mən tələbələrimlə birlikdə (red: qətlə yetirilən Azər Məmmədov da onlardan biridir) zala daxil olduğumda, onlar artıq tataminin üstünə çıxmışdılar. Onlardan birinin ayağında «borisovka» ayaqqabısı, digərində isə «şəpit» var idi. Mən bunu görəndə, bir müəllim kimi onlara dedim ki, bu formada tatimi üzərinə çıxmaq olmaz. Çünki orada məşq edilir və tatimi çirklənir. Onlar mənə yaxşı deyib getdilər. İkinci dəfə balacaboy saqqallı oğlan (red: Mövlud Səfərov) yenidən əşyalarını götürmək üçün tataminin üstündən keçərək əlcəklərini götürdü. Mən buna ikinci dəfə başa saldım ki, bunun üzərinə ayaqqabı ilə çıxmaq olmaz. Bayaq da bu sözü ona dediyimi xatırlatdım. O da mənə «sənin mənim «ponyatka»ma şübhən var?» deyə cavab verdi. Mən də dedim ki, uzatmayın, məşqimiz var. Çıxın gedin. Onlar da çıxıb getdilər».

Ruslan Əfəndiyev deyir ki, dostlar sonradan qayıdıb və yaranan mübahisə dava-dalaşa keçib. Bu zaman isə müəllimini müdafiə etmək istəyən Azər Məmmədov ürəyindən bıçaq yarası alıb.

Leyla Əliyeva filmin təqdimatında
Leyla Əliyeva filmin təqdimatında

Azər Məmmədovun ölümündə şübhəli bilinən Sənan Quliyevin vəkili Cavid Rzazadə Qafqazinfo-ya insidentin Ruslan Əfəndiyev tərəfindən başlandığını, hadisədə Sənan və onun dostu Mövludun da döyüldüyünü bildirib.

«AZƏRBAYCANIN 9 MÖCÜZƏSİ»

yap.org.az yazır ki, aprelin 24-də «Nizami» Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan «Azərbaycanın 9 möcüzəsi» silsiləsindən «Quşlar cənnəti - Ağgöl Milli Parkı» sənədli filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Igor Byshnyov bildirib ki, «Quşlar cənnəti - Ağgöl Milli Parkı» «Azərbaycanın 9 möcüzəsi» layihəsi çərçivəsində lentə alınan sayca ikinci filmdir: «Planetimizdə milli parkların sayı artdıqca, övladlarımızın xoşbəxt gələcək şansı da bir o qədər çoxalır. Bu baxımdan «Azərbaycanın 9 möcüzəsi» layihəsinin böyük əhəmiyyəti var. Azərbaycanda təbiətin mühafizəsi sistemi postsovet məkanında ən yaxşısıdır. Bu sahədə ölkənizin rəhbərliyinin xüsusi rolu var. Azərbaycan prezidenti İlham Əliyevin milli parkların açılışında şəxsən iştirakı bunu bir daha təsdiqləyir».
IDEA-nın «Azərbaycanın 9 möcüzəsi» layihəsi Azərbaycanın 9 milli parkında sənədli filmin hazırlanmasını nəzərdə tutur. Bu layihə çərçivəsində ötən il «Şirvan Milli Parkı» adlı ilk sənədli film ictimaiyyətə təqdim olunub. Film Azərbaycanın yerli telekanallarında, habelə beynəlxalq film festivallarında, «Rossiya-Kultura» telekanalında nümayiş olunub.

Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur Yalama Milli parklarından bəhs edən filmlərin çəkilişi də planlaşdırılır.

Filmin təqdimatına ölkə başçısının qızı Leyla Əliyeva da qatılıb.

XS
SM
MD
LG