Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:51

"Bir kısmat çörək" üçün yazanlar


Rəşad Babalı
Rəşad Babalı

-

Belə kitabları Zamin Hacıdan, Şahvələd Çobanoğlundan, Fəxri Uğurludan, Elnur Astanbəylidən publisistlərdən gözləyirəm...

Rəşad Babalı

"BİR KISMAT ÇÖRƏK" ÜÇÜN YAZANLAR

Hazırda oxuduğum kitabların tematikasının azı yarısı siyasətdir. Amma bizim siyasətə aid deyillər. Çünki elə kitablarımız yoxdu. Daha doğrusu yazanı yoxdur.

Ağlım kəsəndən siyasətə marağım olub. Bu bəlkə də onunla bağlıdı ki, uşaqlığım, yeniyetməlik və gəncliyimin qaynar siyasi hadisələri görməyi nəsib etmişdi.

Meydan hərəkatı başlayanda ikinci sinifdə oxuyurdum və atam məni bir neçə dəfə meydana aparmışdı.

Atam məni çiyninə çıxardıb bundan sonra çətin ki görəcəyim insan kütləsini görməyimə şərait yaratmışdı. Ondan sonra 20 yanvar, Qarabağ savaşı, facilərimiz, rayonların itirilməsi, hakimiyyətin tez-tez dəyişməsi bizim nəsili tez böyütdü və zorən siyasətçi yapdı.

İnanmıram ki indiki məktəblilər bizim qədər dərslərdə gündəlik siyasəti müzakirə etsinlər. Siyasətin əmisi oğlu tarix belə, bilirəm, müzakirələrdən uzaqdı. İndiki nəslin marağı başqa şeylərədi və bu da bilərəkdən yönləndirmələrin nəticəsidir.

Pioner qalstukunu 20 yanvar faciəsinindən sonra məktəbə gəldiyimiz ilk gün yandırmağımız da zorən siyasiləşməyimizin nəticəsiydi. Qarabağ savaşı zamanı elə olurdu müəllim dərsi saxlayıb bizimlə birgə, gedən döyüşlər barədə informasiyaları bölüşürdü. Yanımızdakı xəstəxanaya gətirilən yaralı əsgərlərə yardım etmək barədə çağırışa hamılıqla qoşulurduq.

O dövr Azərbaycan kitabının qızıl dövrüydü desəm yanılmaram. Kitab bumu yaşanırdı. Sovet dönəmində qadağan olunan, süründürməçiliyə məruz qoyulan, aşağılanan bütün yerli və xarici yazarlar üzə çıxır, kitabları nəşr edilirdi.

Hətta yaxın tarix (1988-ci ildən bəri) belə kitablaşdırıldı. Bizdə belə bir şey görülməmişdi. Yadımda qalan birini deyim. Ağdərənin 1992-ci ilin yayında ermənilərdən azad olunmasından sonra orduyla birgə hərəkət edən jurnalist (adını təəssüf unutmuşam) qısa zamanda bu barədə kitab yazdı və nəşr etdirdi. Yəni Ağdərənin itirilməsinə qədər (1993-cü ilin yanvar-fevral ayları) olmuşdu bunlar.

1993-cü il kövrək Azərbaycan özgürlüyünün sonunun başlanğıcı oldu. Tədricən Brejnev məktəbinin layiqli davamçısı Heydər Əliyev sovet insanına nostalji hissləri yaşatdı. Azadlıq məsuliyyət tələb etdiyindən buna öyrəşməmiş sovetosapienslər eks tiranın yumruğunu sevə-sevə qəbul etdilər.

O dövrü yaşayanlar bilər kitab nəşrinin necə üzü aşağı yuvarlandığını. Tədrcən kitab oxumaq əksik vərdişə çevrildi. Yaxın tarixə aid kitablar isə adda-budda nəşr olundu. O da cüzi tirajlarla. Məsələn eks spiker Rəsul Quliyevin bu səpkidə kitabını tapmaq müşkülə çevrilmişdi.

2000-ci illərin ortalarından neft bumu bir çox sahələrlə yanaşı kitabı da nisbətən dirçəltdi. Pis-yaxşı xeyli çeşiddə kitablar nəşr olundu. Aralarında çox sevdiyim tarix və siyasi mövzulu ciddi kitablar da var. Ancaq yaxın tarixə aid sanballısını görmürəm. Olanlar isə o qədər azdılar ki nümunə göstərmək üçün belə yaramırlar.

Məsələn hüquqşünas Aslan ismayılovun şəxsən yaxından izlədiyi Sumqayıt hadisələri barədə hazırladığı kitab ilk ağlıma gəlir. Bir də 90-cı illərdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Turqut Ərin yazdığı “Azadlıqdan tiranllığa” xatirə kitabıdır. Başqaları da varsa əgər, yaddaşda qalmayıblar.

Siyasi ədəbiyyat aclığımı Türkiyə siyasəti və yaxın tarixi barədə nəşr olunan ədəbiyyatla ödəməyə çalışıram. Soner Yalçın, Yılmaz Özdil, Nihat Genç, Necib Hablemitoğlu, Ergun Poyraz, Merdan Yanardağ oxuduğum müəlliflərdən bəziləridi.

Türkiyənin 20-ci əsr tarixinin elə mərhələsi yoxdu ki təfərrüatlı yazılmasın. Nəinki 100, 80, 50, 30 il bundan əvvəl, bir neçə il, hətta bir neçə ay əvvəl baş vermiş olaylar kitablaşdırılır. Misal kimi Ergenekon həbsləri və Gezi hadisələrini göstərmək olar. Soner Yalçın həbsdəykən Ərdoğan hakimiyyətinin real və potensial müxaliflərinə qarşı tətbiq etidyi kütləvi həbslərin mahiyyətini və hüquqi olmaması barədə kitabını yazmağa başladı. Ölkə tarixi isti-isti salnamələşdirilir. Sonradan arxiv tozlarını udaraq yaradılan, ehtimallara dayanan tarixşünaslıq artıq keçmişdə qalıb. Yeni tendensiya hadisə şahidləri sağ ikən yazmalarıdır.

Azərbaycan bir çox məsələdə olduğu kimi bunda da çox-çox geri qalır. İçində olduğu, yaşadığı, iştirakçısı olduğu prosesləri yazmalı olan jurnalistlər, publisistlər baxıram heç belə bir fikirdə deyillər. Bilirlər ki onların başı üçün deyil. Ən yaxşısı məmurlara yalmanıb, 5-10 manat alıb saytdan-zaddan işlətmək, arada ümumi problemlər haqda nəsə qaralamaqdır. Onlarınkı odur, Mətbuat Şurasının tədbirlərində poz versinlər, mediaya aid layihələr yazıb “bir kısmat çörək” qazansınlar. Tarix yazmaq yenə deyirəm onların başı üçün deyil.

Türkiyənin ən çox oxunan yazarlarından Yılmaz Özdil yazılarını bir yerə toplayaraq kitab halında nəşr edir. Belə praktika dünyanın çox yerində var. Lakin bizdə bir-iki nümunə var ki onlar da yararsızdı. Yəni ictimai-siyasi çəkisi olmayan yazarların elə o çəkidə yazılarının toplusu. Özlərini təsdiq etmək cəhdindən başqa bir şey deyil. Kitabı ictimaiyyətin onları qəbul etməsi üçün bir viza kimi istifadə edirlər.

Ancaq çətin ortada meydan sulayan “as” jurnalistlərdən kimsə Gəncə qiyamını, AMON hadisələrini, 90-ların əmanətlərinin batırılması əməliyyatını (Etimad, Ərgünəş və digər banklar), Hacı Məmmədov dəstəsinin törətdikləri və istintaqında qaranlıq qalan məqamlar, üstü açılmayan sifarişli qətllər (Elmar Hüseynov, Ziya Bünyadov, Rafiq Tağı), saxtalaşdırılan seçkilər, sifarişli məhkəmə hökmləri, Quba və İsmayıllı qiyamları və digər yaxın tarixin önəmli hadisələri barədə yazsın. Onlar bu cəsarətə hakimiyyət dəyişikliyindən sonra gələcəklər. O zaman məlum olacaq ki bunlar əsl dissident imişlər ki.

Bir başa yaza bilməyənlər bunu bədii formada da çatdıra bilərlər. Ancaq bunda da cəhdlər azdan da azdır. AYB-ni anladıq. Oradan nəsə ummaq erkək heyvandan bala gözləmək kimi bir şeydi.

Amma ömrünü Anar Rzayevi söyməyə həsr etmiş bəzi AYO-çular da etmir axı. Seymur Baycan romanlarında üstüörtülü toxunur, lakin ondan daha dərinə gedə bilmir. Özü demiş dərin sular təhlükəlidi. Bir az da Əli Əkbərin romanlarında. O da epizodik olaraq. Etiraf etsinlər ki ortaya ciddi hadisə sayılacaq bir əsər qoya bilməyiblər. Çox bəhanələri ola bilər. Sanki Anar bunların əlindən tutub yazmağa qoymur...

Mənə görə yazar ilk öncə yaşantılarını yazmalıdır.Xüsusən Azərbaycan kimi bir çox alt yapıları olmayan ölkələrdə. Nədir o alt yapılar? Toplumun əksər problemləri yazılır və göstərilir. Demək olar insanlar aşağı yuxarı nələrin baş verdiyini bilirlər. Bundan sonra digər janrlar və axınlar yarana bilər. Daxilən narahat edən məsələləri yaza bilməyib özünüsenzura ilə başqa janrlara və mövzulara yönəlmək xilas yolu deyil. Çünki sonda böyük bir sıfır olacaq.

Yılmaz Özdil kimi bizdə yazılarını bir yerə yığıb maraqlı çeşidləməylə kitab nəşrini şəxsən Zamin Hacıdan, Şahvələd Çobanoğlundan, Fəxri Uğurludan, Elnur Astanbəylidən və hazırda yadıma düşməyən bir iki publisistdən gözləyirəm. Hətta özlərinə də dəfələrlə təklif etmişəm. Bu cür kitabların alıcısının da (hər oxucu da alıcı deyil) çox olacağına əminəm.

Amma belə baxıram ki yaxın tariximiz yaxın tarixdə yazılmayacaq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG