Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:40

Yanan binanın draması: “Nobel prospektindəki yanğın dərs olmadımı?”


Bakıda Azadlıq metro stansiyasının yanında baş vermiş yanğın zamanı faciəli və dramatik anlar yaşanıb.

“Ondan sonra gərək dərhal üzlük vurulan binalarla bağlı tədbir görəydilər. Siz bircə görəydiz, bina necə alışdı”, - hadisənin şahidi Elmar deyir.

Bakıda Azadlıq metro stansiyasının yanında adamlar tüstülənən binanı üzük kimi dövrəyə alıblar. Polis iri bir əraziyə canlı sədd çəkib, yanğınsöndürənlər dayanmadan bir neçə saatın içində yanğından qapqara qaralan 16 mərtəbəli binada mənzillərin içinə keçmiş alovu söndürməyə, od, tüstü içində qalan adamları xilas etməyə çalışırlar. Hər xilas edilən, bəlkə də meyiti çıxarılan olanda təcili yardım maşınları sirenanı qoşurlar. Bir-birinin ardınca onlarla təcili yardım ambulansı yerindən tərpənir.

Birdən yuxarı mərtəbələrin birindən çölə ağ mələfə bürünmüş bir ağac uzanır.

“Yuxarıda adam var, yuxarıda adam var” - aşağıdan baxanların səsi ucalır. Xilasedicilər işə başlayırlar.

Alovu söndürməyə və xilasetmə işlərinə iki helikopter də qoşulub.

İki xüsusi formada olan şəxs öz aralarında danışır ki, bu tüstüdən çətin sağ çıxan ola. “Biz gələndə nə qədər adam pəncərədən əl yelləyirdi, yəqin ki, çoxu boğulub”, - deyə onlardan biri əlavə edir.

Mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın, deyilənə görə, yuxarı mərtəbədən başlayıb və dərhal da bütün bina alova bürünüb.

“Bu yekəlikdə bina birdən-birə necə alışa bilər?”

“Bu yaxınlarda yaşadığım binanın qonşu blokunda yanğın oldu. İki yanğınsöndürən gəlmişdi, yarım saatdan çox alovu söndürməyə çalışdılar. Alov yalnız qonşu mərtəbənin divarlarını qaraltmışdı. Bəs bu yekəlikdə bina birdən-birə necə alışa bilər?”,- adını Aydın söyləyən Bakı sakini AzadıqRadiosuna bildirir.

Yanğının söndürülməsində iki helikopter iştirak edib.
Yanğının söndürülməsində iki helikopter iştirak edib.

Ətrafa yığışmış adamlar alovun belə sürət almasını binaya çəkilmiş üzlüklə bağlayırlar. Elə hadisə yerinə gələn baş prokuror Zakir Qaralov da yanğına ilkin səbəb kimi keyfiyyətsiz divar üzlüklərini göstərib. Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov verdiyi açıqlamasında deyib ki, üzlüklərin keyfiyyətini araşdıracaqlar.

“Bir nəfər özünü atdı”

Rəsmi məlumata görə, yanğın zamanı 15-dən çox adam ölüb, 60-dan çox adam yaralanıb. (Ancaq Səhiyyə Nazirliyi son yaydığı məlumatda 14 nəfərin öldüyünü bildirdi –red.) Ölənlərin arasında özünü binadan atan, tüstüdən boğulan, yananlar var. Hadisənin şahidləri AzadlıqRadiosuna deyirlər ki, yanğın başlayan kimi bəzi sakinlər binanı tərk ediblər: “Bir nəfər özünü yuxarıdan aşağı atdı. Adamlar çıxa bilmirdi”.

Tüstü yuxarı mərtəbələri bürüyüb. Jurnalist Mövlud Mövludun xanımı Sevinc yeni doğulmuş körpəsi və anası ilə birgə 14-cü mərtəbədə qalıb. Dostu Çingiz deyir ki, bayaq danışıblar, hamama girmişdirlər. Sevincin haraya gələn rəfiqələri isə həyəcanla deyirlər ki, Sevinc suyun qurtardığını deyib. Mövludun rəngi kağız kimi ağappaqdır, büdrəməsin deyə ağaca söykənib, gözləri ilə imdad istəyir, dilinə bu sözlər gəlir: “14-cü mərtəbə, xəbər verin, çıxarsınlar”.

Dəqiqələr keçir, bəlkə də saatlar... Sevinci və yanındakıları xilas edib təcili yardım maşınına mindirirlər. Ancaq xəbərlər heç də bina sakinlərinin hamısı üçün ürəkaçan deyil. Boğulan uşaqlar, həlak olan yaşlılar var.

“Nobel prospektindəki binadakı yanğın dərs olmadımı? Ondan sonra dərhal üzlük vurulan binalarla bağlı tədbir görəydilər. Siz bircə görəydiz, bina necə alışdı”, - hadisənin şahidi Elmar deyir.

Yanğınsöndürənlər tıxaca ilişib

Digər şahidlərin sözlərinə görə, yanğınsöndürənlər çox olsa da, alovu güclə ram ediblər. Hadisə yerinə iki helikopter, 40-a yaxın yanğınsöndürən maşın gəlib. Ancaq maşınların hamısı birdən gələ bilməyib. Yanğını söndürməyə 4 saatdan çox vaxt sərf edilməsini, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yolda tıxacın olmasına bağlayıb: “Yanğın briqadaları hadisə yerinə vaxtında çata bilməyib".

Xilasedicilərin binadan çıxardığı adamları təcili yardım maşınları xəstəxanaya daşıyır, yaxınları da geriyə baxmadan onların ardınca üz tutur...

XS
SM
MD
LG