Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:55

"Avropada ən az oxuyan xalq bizik" - İtalyan şairin OxuZalına müsahibəsi


Klaudio Pozzani
Klaudio Pozzani

-

"Sosial şəbəkələr qrafomanlara da imkanlar yaradır və poeziya bir növ zibillənir".

"Sizə deyim ki, min, min beş yüz kitab satmaq çox böyük uğurdur. İtaliyada hansısa yazar bu qədər kitab satsa, bu, böyük uğur hesab olunar".

"Yazar hansısa siyasi partiyaya qoşulsa, məsələn, Lui Araqon kimi yaradıcılığı ikinci plana keçəcək, o siyasiləşəcək".

Mayın 18-24-ü arası Gürcüstanda 1-ci Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalı baş tutdu.

Festivalda dünyanın bir çox ölkələrindən olan şair və yazıçılar iştirak edirdilər.

Onlardan bəziləri ilə ölkələrindəki ədəbi hadisələr, bu sahədə vəziyyət barədə söhbətlərimiz oldu. Ilk olaraq, İtaliyanı təmsil edən Klaudio Pozzani ilə müsahibəni təqdim edirik...

- Klaudio, vaxtınız varsa, bizim müsahibə ədəbi söhbət ola bilər. Əgər vaxt məhdudiyyəti varsa, mən konkret suallarla müraciət edə bilərəm...

- Mən məmnuniyyətlə ədəbi söhbət edə bilərəm...

Klaudio Pozzani 1961-ci ildə Genuada anadan olub. Şair, nasir, dramaturqdur. 1995-ci ildən etibarən Genuada hər il keçirilən poeziya festivalının rəhbəridir. Qafqazda çox tanınır, Ermənistanda və Gürcüstanda yerli dillərdə şeir kitabları işıq üzü görüb.

- Gəlin, poeziyada mövzudan başlayaq. Bizim kimi cəmiyyətlərdə poeziya hələ ağrı, iztirab dövrünü yaşayır. Bizim oxucu hələ təkcə ağrını dəyərləndirir. Müasir poeziya, ümumiyyətlə, bütün incəsənət ekologiya, heyvan haqları, azlıqlar problemləri kimi mövzular tələb etsə belə, məsələn, bizimki kimi cəmiyyətlərdə bu mövzulardan yazmaq gülməlidir, çünki cəmiyyətin problemləri bu mövzuları sifariş vermir.Maraqlıdır, İtaliyada aktual mövzular hansılardır, sizin cəmiyyət nə istəyir, nə tələb edir?

- Əslində, İtaliyada da agrı, əzab, insan iztirabı mövzusu poeziyada hələ aktualdır. Bizim müasir şairlərin yaradıcılığını iki mövzuya bölmək olar. Siz dediyini inzan əzabı və bir də arzular, fantaziya, gələcək...

- Bəs, sizin mövzularınız əsasən hansılardır?

- Əslində, bu suala konkret cavab vermək çətindir, amma ümumiləşdirsək, arzular, qadınlar, gələcəyə doğru hərəkət...

- Azərbaycanda mütaliə mədəniyyəti olduqca aşağıdır. Məsələn, çox məşhur yazıçı maksimum min, min beş yüz kitab sata bilər. Bu da çox nadir hallarda. Sizin ölkənizdə necədir?

- Sizə deyim ki, min, min beş yüz kitab satmaq çox böyük uğurdur. İtaliyada hansısa yazar bu qədər kitab satsa, bu böyük uğur hesab olunar. Təəssüf ki, belə bir gerçək var, Avropada ən az kitab oxuyan xalq elə italyanlardı. Hətta deyə bilərəm ki, yazanların sayı oxuyanlardan çoxdur. Bunun da günahı elə yazarlardadır. Onlar belə hesab edirlər ki, yazıçı kabinetində gizlənib yazmalı, oxucu ilə kontakta girməməli, özünü sırf intellektual kimi aparmalı, digər məsələlərdə iştirak etməməlidir. Buna görə də, oxucu ədəbiyyatdan uzaq düşüb, orda özünü görmür, doğma heç nə tapmır.

- Bizim kimi ölkələrdə yazar təkcə siyasi deyil, həm də mədəni müxalifətdədir, həm də xalqa, xalqın köhnəlmiş, insan haqlarını pozan ənənələrinə qarşı müxalifətdədir. Bunun üçün də o daima geniş kütlə tərəfindən aqressiyaya məruz qalır. Bu mənada İtaliya cəmiyyəti nə qədər konservativdir, nə qədər aqressivdir?

- Açığı, mən bu aqressiyanı görmürəm, çünki belə mübahisələr olmur. İtaliya cəmiyyəti də, ədəbiyyatı da sanki narkoz verilmiş xəstəyə oxşayır. Hamı sanki dərin bir yuxuya gedib. Heç kim heç kimə reaksiya vermir, mübahisə eləmir...

- Sizin ölkənizdə sözünə görə həbs edlmiş qələm adamı varmı?

- Yoxdur. Amma bu o demək deyil ki, bizim hakimiyyət çox demokratikdir. Sadəcə, o etiraz edən, ifşa edən sözün özü yoxdur. Ona görə həbs olunan da yoxdur.

Klaudio Pozzani və Günel Mövlud
Klaudio Pozzani və Günel Mövlud

- Bəs, dövlət ədəbiyyata hər hansı bir dəstək verirmi? Bu necə qarşılanır? Əgər dövlət dəstək verirsə, qarşılığında yazardan nəsə tələb edirmi?

- Mədəniyyətin başqa sahələrini deyə bilmərəm, amma ədəbiyyata dövlət heç bir dəstək vermir. Poeziya festivallarına, şeir kitablarının nəşrinə, poeziya ilə bağlı tədbirlərə heç bir dəstək yoxdur. Bizim Mədəniyyət Nazirliyinə müraciət edəndə, onlar deyirlər ki, biz poeziyaya pul ayıra bilmərik, çünki bu, canlı teatr deyil.

- Yəni, onlar sözün gücünə inanmırlar?

- Belə demək olar.

- Belə bir sual yaranır, yazarın vətəndaş mövqeyi olmalıdırmı, siyasətə nə qədər qoşulmalıdır?

- Əlbəttə, yazarın vətəndaş mövqeyi olmalıdır. Amma bir şey var ki, o, olduqca ehtiyatlı davranmalıdır. Məsələn, yazar hansısa siyasi partiyaya qoşulsa, məsələn, Lui Araqon kimi yaradıcılığı ikinci plana keçəcək, o siyasiləşəcək...

- Cəmiyyətdə hər sahədə olduğu kimi, ədəbiyyatda da nəsillər savaşı məsələsi daima aktualdır. İtaliyada bu savaş nə dərəcədə yaşanır?

- Bilirsiniz, baxmayaraq ki, 40-50 il bundan əvvəl bu savaş çox güclü idi, amma indi, biz nədənsə bu savaşı görmürük. İyirminci əsrdə İtaliyada güclü ədəbiyyat olub, hətta demək olar ki, bəzi dövrlərdə poeziya nəsri üstələyib, amma nədənsə indi əvvəlki ədəbiyyat yoxdur.

- Sosial şəbəkələrin yazarın yaradıcılığında, oxucuları ilə kontaktında rolu nə qədərdir?

- Sosial şəbəkələrin rolu böyükdür, çünki bu imkan verir ki, yazar öz kitablarını sosial şəbəkələr vasitəsilə reklam etsin, satsın. Amma bir tərəfi pisdir ki, sosial şəbəkələr qrafomanlara da imkanlar yaradır və poeziya bir növ zibillənir. Çünki duş altında oxuyan adam opera mügənnisi ola bilmədiyi kimi, hər nəsə yazan da şair deyil...

- Klaudio, indi sizdən bir şey xahiş etmək istəyirəm. Bizim İtaliya mədəniyyəti, ədəbiyyatı barədə bilgilərimiz Dino Buzattidə, Çezare Pavezedə bitir. Mümkünsə, ədəbiyyat üzrə ekspertliyi üzərinizə götürüb, bizim üçün bəzi müasir yazarların adlarını çəkərdiniz...

- Mən müasir ədəbiyyatdan Valerio Morqallın, Patrisiya Kavallinin adını çəkə bilərəm, kinoda isə Paulo Serentina və Cüzeppe Tornatoreni uğurlu hesab etmək olar.

- Sonda belə bir sual vermək istəyirəm, əgər müsahibənin siyasiləşməsini istəmirsinizsə, bu suala cavab verməyə də bilərsiniz: bu yaxınlarda Azərbaycanda Avropa Oyunları keçiriləcək. Bilirsiniz ki, Azərbaycanda 100-dən çox siyasi məhbus var. Ölkədə korrupsiya, məmur özbaşınalığı halları geniş yayılıb. Turistlərə gözəl görünsün deyə, üzlənmiş binalar yanır və insanlar bu yanan binalarda həyatlarını, övladlarını itirirlər. Siz bir yaradıcı insan, bir şair kimi necə düşünürsünz, dünya ictimaiyyəti belə bir hakimiyyətin keçirdiyi oyunlarda iştirak etməli, yoxsa oyunları boykot etməlidir?

- Təbii ki, dedikləriniz məni çox üzür. Belə halda heç mən bilmirəm, hansı daha doğrudur: ölkəyə heç kim, məsələn xarici jurnalistlər, turistlər gəlməsə, olanlardan xəbər tutmasalar, dünyaya yaymasalar, bu sizin xalqınıza necə kömək edə bilər? Digər tərəfdən, bu da doğrudur ki, bu oyunlarda iştirak o hakimiyyəti dəstəkləmək anlamını vermiş ola bilər. Hər halda biz sizdə azad sözü dəstəkləyən insanlara dəstək verməyə hazırıq. Siz müxtəlif ölkələrin PEN-klublarına müraciət edə bilərsiniz və dəstək ala bilərsiniz.

Söhbətləşdi: Günel Mövlud

Klaudio Pozzani

İçkimiz süfrənin ortasında...

Ürəyim boş qalmış kətil

Heç kim oturmaq istəmir

Beynim - suyunu

mələklərin sənin qədəhinə sıxdığı yaş süngər

Şəvə gözlərinin odlu baxışları

Öpüşə çevrilənə qədər sürüşür burnum boyu

Sonra daha aşağı,

hərdən bir-birinə toxunaraq

sümüklərimizin və əzələlərimizin

istəklərini bir-birinə ötürən

və tezcə aralanan dizlərimizə..

Süfrənin ortasında içkilərimiz

mən nədən danışacağımı bilmirəm:

qəhvə, nəlbəkilər, köynəyin altından bildirən döşlər

qədəhlərin ağızları

sürüşüb gedən bu yuvarlaqlıqların çılğınlığı

gecə işıldaböcəklər çırpılır sənin susqunluğunun şüşəsinə...

gözlərimizin ucuyla gördüyümüz küçə rəqsi

sanki sənin təbəssümünün asıldığı qarmaqlardır barmaqların...

Bu gecə mənə bir söz ver, mən onu çərçivəyə salıb

çarpayımın baş tərəfindən asacağam

axı sən bilirsən, madonnaların göz yaşlarından

mənə ayaqlarını ver

özün də onları ikiyə böl

belə eləsən, mən onları mətbəx masasına dirək edə bilərəm

hər səhər yeməyindən əvvəl öpərəm ayaqlarını

diz çöküb bir bədən duası oxuyaraq

Ya da qalx, gedək,

bürünc qaplamalı, ekvator izlənən kompası

aç qürüba doğru

sənin qara kölgən

dağ zirvələrinin stenoqrafiyasına dolaşır

və hər addımın nida işarəsidir

dilinin çəhrayı ütüsü altında

köynək olmağa izin ver mənə

qağayı əllərinin dənizi olmağa izn ver

qoy bu gecə gözəl ayaqlarının arfa səsini dinləyim

alovlar və döşəkağılar arasında

bu günümün son unudulmaz başlığını oxuyub

yumum sənin ovuclarını

mənə izn ver, baxışlarım

çarpayının kənarındakı masanın üstünə

dünya isə Atlantın çiyinlərinə enməzdən əvvəl

açım sənin arzularının qapılarını...

Ruscadan tərcümə edən: Günel Mövlud

(Ruscaya tərcümə: Vika Çembartseva)

XS
SM
MD
LG