Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:33

Bir dənə uca səs və sükut bitdi


Graffiti
Graffiti

-

Banksy-nin əsəri indi də bir fəhləyə yüzminlərlə dollar qazandırdı

"Bir dənə uca səs və sükut bitdi"

(Qraffitilər aşağıda)

Küçə festivallarında avadanlıq quraşdıran Nathan adlı kişi iş başında olanda ona bir cavan oğlan yaxınlaşıb. Deyib, burda saxladığın yük maşınına olarmı bir rəsm çəkim. Nathan razılaşıb.

Rəssam əsgərlərə bənzər adamlar çəkib; nəfəslə doldurulan qayıqda çimərliyə enirlər. Rəsmin üstünə isə yazıb:

“Yaxşısı budur, susan çoxluğa arxayın olmayın... sükut çox kövrək şeydir... bir dənə uca səs və sükut bitdi." Bu hadisə baş verib 1998-ci ildə.

Bəs dünən niyə Nathanın adı dünya mediasının xəbərlərindəydi? Çünki dünən o, həmin yük maşınının rəsm çəkilmiş hissəsini Paris auksionunda 676,668 ABŞ dollarına satıb.

Rəsmi çəkən 1998-ci ildə tanınmayan, indi isə məşhur küçə rəssamı olan Banksy imiş.

Nathandan pulu necə xərcləyəcəyini soruşanda o, ev tikməyi düşündüyünü deyib.

Küçə incəsənəti mütəxəssisi Mary McCarthy bildirib ki, bu əsər doğrudan da nadir əsərdir, çünki Banksy-nin ilk işlərindəndir, orda trafaretdən istifadə etməyib, tam əl işidir.

Rəsm metal lövhəyə üç gün ərzində çəkilib, lövhənin eni 2 metr yarım, uzunluğu 9 metrdir.

Küçə rəssamı, siyasi aktivist Banksy o vaxt olduğu kimi, indi də Şaxta Baba sayağı işləməyə davam edir. O, dünyanın müxtəlif yerlərinə gedir, qapılarda, maşınlarda, hətta Qəzzadakı müharibə xarabalıqlarında, gözünə divar kimi görünən hər hansı yerdə “hədiyyələr” qoyur, sədası sonra çıxır.

Banksy-dən söz düşmüşkən, onun “Divar və Sülh” kitabından seçmə fikirlərini təqdim edirik:

“Elə bir şəhər təsəvvürünə gətir ki, orda qraffiti qeyri-qanuni deyil, kim harada istəsə rəsm çəkə bilir. Küçələr milyonlarla rənglə yuyulur. Dayanacaqda gözləmək darıxdırıcı deyil. Şəhər təkcə daşınmaz əmlak agentlərinin və böyük biznes baronlarının yox, hamının dəvət olunduğu əyləncə gecəsi kimidir. Belə bir şəhər təsəvvür et və divara söykənmə - nəmdir.”

“Divar çox güclü silahdır. Divar kimisə vurmaq üçün ən ağır şeylərdən biridir.”

“Adam iki dəfə ölür. Bir, nəfəsi dayananda, bir də sonra, kimsə onun adını son dəfə çəkəndə.”

“Dünyada bir çox insanlar heç bir təşəbbüs göstərmirlər, çünki onlara deyən olmayıb.”

“İnsan paranoid olanda onun ağlı ən yüksək səviyyədə işləyir. Hər bir küçəni, düşdüyü vəziyyətin hər bir imkanını aydın və sürətlə yoxlayır”.

“Dünyada ən böyük cinayətləri qaydaları pozanlar törətmir, qaydalara riayət edənlər törədirlər. Qaydalara riayət edənlər, məhz onlar bomba yağdırırlar, kəndləri gülləbaran edirlər.”

“İncəsənət rahatı narahat, narahatı rahat etməlidir.”

“Dünyanı daha yaxşı bir yer etməyə çalışan adamdan təhlükəlisi yoxdur.”

“Mənim polislərlə problemim odur ki, onlara nə deyilirsə, onu icra edirlər. “Bağışla, qardaş, mən sadəcə işimi görürəm” – həmişə mənə belə deyirlər”.

“Bizim şəhərimizi idarə edən adamlar qraffiti nə olduğunu başa düşmürlər, çünki pul gətirməyən şeyin mövcud olmaq haqqını qəbul etmirlər.”

“Bizim şəhərimizi çirkinləşdirənlər əslində binalara, avtobuslara nəhəng elanlar yapışdıranlardır, bizi məcbur edirlər ki, onların mallarını almayınca özümüzü pis hiss edək.”

Oxu zalı

XS
SM
MD
LG