Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:12

Azərbaycanın diplomatik korpusu çat verir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

-

İyunun 5-də qəzetlər azərbaycanlı diplomat, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədovun «facebook»da qalmaqala səbəb olmuş fikirləri haqda məqalələrə yer ayırıb.

«Azadlıq» qəzeti yazır ki, «İlham Əliyev Şərq tipli bir despot olduğuna görə, onun Qərb ölkələrinə yolladığı səfirlər Şərq despotizmi ilə barışmadıqlarını bildirir və mütərəqqi Qərb dəyərlərindən uzaqlaşmanı, xüsusilə də, Avropa Oyunları ətrafında nümayiş etdirilən görməmişliyi açıq istehza ilə qarşılayırlar».

Qəzet bir neçə gün əvvəl spiker Oqtay Əsədovun xaricdə təhsilin lazımsız olduğunu deməsini də xatırladır: «Xarici ölkələrdə təhsil alan tələbələr üçün də, xaricdə işləyən diplomatlar üçün də müqayisə predmeti ortalıqda olur və onlar, günün birində, bu müqayisənin yaratdığı qüsurlu fərqdən xəcalət çəkirlər, kükrəyirlər. Arif Məmmədovun nümunəsi bunun məhz belə olduğunu təsdiqləyir. Əlbəttə, rəsmi media və rəsmi Bakının odioz təmsilçiləri onları dərhal «Vətən xaini» elan edir və belələrinin cəzalandırılmasını tələb edirlər. Dərhal Bakıya çağırıb «bandotdel»ə soxmaq və orada diplomatlara diplomatiyanın sirlərini başa salmaq təklifləri də səslənəcək (Və ya bəlkə də, artıq səslənib). «Vətənə xəyanət» - çünki onların özləri üçün yaratdığı Vətən Şimali Koreyanı xatırlatmalıdır».

«İNSAN YAŞLAŞANDA AĞLI QAÇMIR Kİ ...»

«Yeni Müsavat» qəzeti YAP icra katibinin müavini Siyavuş Novruzovun müsahibəsini dərc edib. Siyavuş Novruzov müsahibəsində Arif Məmmədovdan da danışıb:

«Xarici İşlər Nazirliyi gərək öz strukturunda islahatlar aparsın. Yunanıstanda hər bir səfir ildə bir dəfə ölkəyə qayıtmalı, müəyyən dövr ərzində orda ailəsi ilə birgə yaşamalıdır, regionlara çıxmalıdır, sonra gedib ölkəni təmsil edə bilər. Bu Arif Məmmədov 20 ildir rahat şəraitdə oturub orda. Azərbaycanda hansı proseslər baş verir, nələr yaradılır, nələr qurulur, xəbəri yoxdur».

Siyavuş Novruzov
Siyavuş Novruzov

Siyavuş Novruzov deyir ki, Azərbaycanın bütün bu fəaliyyətini başa düşməyən insanlar var, biri də Arif Məmmədovdur: «Başa düşürəm, onun daşıdığı rütbə o ranqa uyğun deyil. İkinci bir tərəfdən, Avropa Birliyində, yaxud Avropa Şurasında təmsil olunan vaxt Azərbaycana qarşı qəbul olunan qərarların fundamentində elə bu özü dayanıb. Geri çağırılan digər diplomatlar haqda nəsə deyə bilmərəm, bu, prezidentin səlahiyyətində olan məsələdir. Sadəcə olaraq, bu adam (Arif Məmmədov) yazır ki, mən 3 gün Azərbaycanda yaşaya bilmədim, qocaldım, Azərbaycan yeməklərini yeyə bilmirəm, istirahət mərkəzlərində oluram, dadlı yeməklər yeyirəm. Yəni diplomata yaraşmayan, diplomata uyğun olmayan fikirlərdir. 20 illik diplomat stajı varsa və bu düşüncə tərzi ilə danışırsa, ona Azərbaycanla bağlı adam demək olmaz».

S.Novruzov A.Məmmədov haqda səsləndirdiyi «ermənidir» ittihamına da aydınlıq gətirib:

«Normal azərbaycanlı belə ifadə işlədə bilməz. 20 il Azərbaycandan normal əməkhaqqı almısan, Azərbaycanın hesabına yaşamısan, mənzil-məişət şəraitin Azərbaycanın pulu hesabına ödənilib, uşaqların təhsilhaqqı, özünün bütün səfərlərin Azərbaycan pulu, əməkhaqqın vətəndaşlarımızın verdiyi vergilər hesabına ödənilib. Biz səni ora göndərmişik ki, Azərbaycanın maraqlarını təmsil elə, qarnını otarmağa, qarnını doldurmağa getməmisən».

MANATIN UCUZLAŞMASI BİR NEÇƏ AY LƏNGİYƏCƏK

«Bizim Yol» qəzeti qarşıdakı aylarda manatın ucuzlaşıb-ucuzlaşmayacağı haqqında iqtisadçıların fikirlərini dərc edib.

İqtisadçı Samir Əliyev bildirib ki, neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir:

Samir Əliyev
Samir Əliyev

«Eyni zamanda Mərkəzi Bank inflyasiya təzyiqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də, hələ ki manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır. Böyük ehtimalla seçkilərə qədər 1 dollar 1.03-1.06 manat çərçivəsində saxlanacaq. Neft 70 dollar həddini keçərsə, manat bir az da güclənə bilər. Ancaq neftin qiymətinin ucuzlaşması və kapital axını probleminin qalması, üstəlik dövriyyədə manat kütləsinin artması inflyasiyanı gücləndirməklə yanaşı manatı zəiflədə bilər. Bir sözlə, manat qısamüddətli sabitlik əldə edib».

İqtisadçı Rövşən Əliyev isə deyib ki, yaxın dövrdə manatın sabitliyinə təhlükə yarada biləcək əsas səbəblər bunlar ola bilər:

1) Neftin qiyməti yenidən 50-55 dollara və daha aşağı düşür, aşağı qiymət səviyyəsi ən azı 5-6 ay davam edir;

2) Artıq dollara tələbat yaradacaq likvid manat kütləsi demək olar ki, yoxdur. Bundan sonra siyasi və iqtisadi səbəblərdən zəngin ailələrin və oliqarx kapitalı ətrafında formalaşan iqtisadi qrupların əmlaklarını (avtomobil, mənzil, zinət əşyaları, müəssisə və s.) valyutaya çevirib ölkədən çıxarmaq istəməsi valyutaya tələbin yeni dalğasını formalaşdıra bilər. Buna hakimiyyətdaxili mübarizənin daha da kəskinləşməsi, hakimiyyətin xarici basqının daha da sərtləşməsi kimi siyasi amillər daha çox təsir edə bilər.

Avropa Oyunları məşəlinin yandırılması mərasimi - 26 aprel 2015
Avropa Oyunları məşəlinin yandırılması mərasimi - 26 aprel 2015

AVROPA OYUNLARININ MƏŞƏLİNİN ŞÖLƏSİ AZƏRBAYCANI İSTƏMƏYƏNLƏRİN GÖZÜNÜ KOR EDİR

«Səs» qəzeti yazır ki, «Azərbaycanda müəyyən siyasi-iqtisadi maraqları olan bəzi dairələr, xüsusilə erməni lobbisi və həmin lobbinin dəyirmanına su tökən qaragüruhçu, radikal müxalifət ünsürləri hələ də öz köhnə havalarında qalmaqdadırlar. Xüsusilə də, bu günlərdə Qərbdə fəaliyyət göstərən bəzi media qurumları ilə səs-səsə verərək, guya Azərbaycanda «siyasi məhbusların» olması, «insan haqlarının pozulması», «söz və ifadə azadlığının olmaması» kontekstində böhtanlı çıxışlar edir, sonra da həmin böhtanlarını öz səhifələrində ictimailəşdirirlər».

Qəzet yazır ki, «özlərini dünyanın ən qabaqcıl adlandıran ölkələr dünyaya demokratiya və insan haqlarından yol göstərmək, dərs vermək istədikləri halda öz ölkələrininsiyasi arenalarında əsl diktatura, irqçilik, ksenofobiya hökm sürür. Vətəndaşlarına irqi-milli mənsubiyyətlərinə görə təzyiqlər, hətta öz narazılıqlarını bildirmək istəyənlərəqarşı fiziki təzyiqlər və həbslər genişlənməkdədir. Belələrini qıcıqlandıran, içəridən yeyən məhz paxıllıq, qısqanclıq və digər bu kimi siniflərə aid olan qurdlar yeyir. Nəticədə daha da azğınlaşan həmin tərəflər məhz daxillərində olan qurdlar vasitəsilə bitib-tükənməyə məhkum olacaqlar. Çünki Bakıda I Avropa Oyunları öz möhtəşəmliyi və tarixi ilə dünyaya öz sözünü dedikdən sonra həmin ünsürlərin necə yeyilib-tükənəcəklərinin şahidlərinə çevriləcəyik».

XS
SM
MD
LG