Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:25

Günel Mövlud. Tural və Nigar


Günel Mövlud
Günel Mövlud

-

Mən sadəcə məhv oldum. İsa Qəmbər demişkən, utandım. Hamısının yerinə...

Günel Mövlud

TURAL VƏ NİGAR

Mən Qan Turalı ilə az qala on ildir dostam. Bu olduqca möhkəm, heç bir ictimai, siyasi səbəblərin pozmadığı və poza bilməyəcəyi bir dostluqdur. Iki yazıçının dostluğudur.

“Qanun” nəşriyyatı ilə beş ildən artıqdır ki, əməkdaşlıq edirəm. Bu, olduqca davamlı əməkdaşlıqdır. Qarşılıqlı tənqidlərin, narazılıqların və fikir ayrılıqlarının pozmadığı əməkdaşlıqdır.

Kitablarım “Əli və Nino” dükanında satılır. Sadəcə, satışa qoyulub. O qədər.

Yəni bir az milli olsaq, ola bilsək, durumu belə də izah eləmək olar: yuxarı tüpürürsən, bığ, aşağı tüpürürsən, saqqal. Amma kiminlə dost, kiminləsə də əməkdaşlığımız içimizdəki ədalət hissinə təsir etməməlidir.

Bir neçə il əvvəl Nigar Köçərli Milli Kitab Mükafatını təsis edəndə, biz, azad gənc yazarlar olaraq olaraq, o müsabiqədə iştirak etməkdən imtina etdik.

Çünki bu müsabiqənin məqsədi qaranlıq idi və sonda təxminlərimiz də doğruldu. Indi aradan bu qədər vaxt keçəndən sonra şəxsən mən sevinirəm ki, özümü təlxək kimi istifadə etmələrinə imkan vermədim.

Qoymadım məndən kukla düzəltsinlər. Çox sevinirəm buna. Amma biz kampaniya başlamadıq. Buna lüzum görmədik.

Çünki o müsabiqədə iştirak edənlərin çoxuna bu müsabiqə xeyirli ola bilərdi.

"Əli və Nino"nun satmaqdan imtina etdiyi kitab
"Əli və Nino"nun satmaqdan imtina etdiyi kitab

Çünki o adamlara bu müsabiqənin məqsədinin dəxli yox idi, onlar istifadə olunmayacaqdı. Istifadə olunanlar bəlli idi. Biz istifadə olunanlardan olmadıq.

Şahbaz Xuduoğlunun o müsabiqəyə münsif kimi qoşulması ilə bu gün də barışmıram. Çünki o da istifadə olunanlardan olmamalı idi. Amma nə yazıq ki, biz bəzən dostlarımızı yanlış yoldan çəkindirə bilmirik. Nəticədə qərarı özləri verir, bizə isə ancaq təəssüf hissi qalır.

O təəssüf hissi ki, mən onu təkcə Şahbaz Xuduoğlunun addımı ilə bağlı deyil, Qan Turalı da daxil olmaqla, bir çox dostlarımın addımları ilə bağlı yaşamışam.

Qayıdaq “Qanun”a, “Əli və Nino”ya, Turala...

Qan Turalı iddia edəndə ki, “Qanun” nəşriyyatı ilə əməkdaşlıq edən “Əli və Nino” kitab dükanları şəbəkəsi bu nəşriyyatda çap edilməyən kitabları satmaqdan imtina edir, ağlıma ilk gələn bu olmuşdu: mənim də son kitabım “Qanun”da çıxmayıb. Amma o dükanda satılır.

İkincisi, tutaq ki, lap belədir. Nə olsun? Satmadı? Başqa dükanlar satacaq. İkincisi də, belə oxunaqlı bir yazarın kitabından imtina edən kitab dükanı özü itirmiş olur, bunun Turala nə ziyanı var?

Əli Əkbər, Seymur Baycan kitablarının xeylisini özləri satdılar, nə Nigar davası oldu, nə də “Əli və Nino”ya qarşı kampaniya.

Boykot kampaniyasını şiddətlə qınayıram. Bu nə yanaşmadır? Yazar da kitab dükanını boykot edərmi? Bu nə kampaniyadır belə? Bu nə imza toplamadır, bu nə biabırçılıqdır?

O dükanlar kimindir, kim açıb, məqsədi nədir, bunları qoyaq kənara. Amma o dükanlarda yüzlərlə klassikin əsəri satılır, onlardan ayıb deyilmi? Ölkədə elə çox kitab dükanı var ki, birini də biz boykot edək, etdirək?

O ki qaldı nəşriyyatın və kitab dükanlarının addımına. Onlara haqq qazandırmaq olarmı? Lap hüquqi, qanuni baxımdan doğru olsa belə, bir yazardan imtina etmək nə dərəcədə doğrudur?

Ictimai mövqeyə iddialı, ziyalı insanların zövqünə xidmət etməyə iddialı, nəhayət, kitaba xidmət etməyə iddialı nəşriyyat, dükan belə addım atmaz. Atmamalıdır. Çünki bu, kitaba xəyanətdir. Yazıçıya xəyanətdir. Sözə, prinsiplərə, dəyərlərə xəyanətdir.

Bu yazıçı-nəşriyyat-kitab dükanı davası məni bir insan, bir vətəndaş, bir yazar kimi olduqca sarsıtdı. Mən sadəcə məhv oldum. İsa Qəmbər demişkən, utandım. Hamısının yerinə.

Bir-birinə qarşı kampaniya başladan tərəflər biznes adamı, oliqarx, siyasətçi deyil, kitab, mənəviyyat adamlarıdır. Və bu kitab, mənəviyyat, işıq adamları bir-birilərinə düşmən kəsilib. Həvəslə, heç nədən çəkinmədən kampaniya aparırlar bir-birlərinə qarşı.

Ayıb saymırlar bunu.

Saymırlar.

Budur ən pisi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG