Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:25

Deputatlar ATƏT ofisinin bağlaması səbəblərini belə izah edirlər


Alexis Chahtahtinsky
Alexis Chahtahtinsky

-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması barədə nota verib. ATƏT-in ofisindən bildiriblər ki, rəsmi Bakı heç bir «izahat təqdim etmədən» təşkilata ölkədəki əməliyyatlarını dayandırmaq üçün bir ay vaxt verib.

Deputat Rasim Musabəyov məsələyə münasibət bildirirkən AzadlıqRadiosuna bunları söylədi:

«Beynəlxalq təşkilatlar Ermənistana işləməyə milliyyətcə erməni göndərir, Gürcüstana Fransa gürcü əsilli bir adamı səfir göndərir. Sonradan o, Saakashvili dövründə nazir olanda belə, onun maaşını Fransa saxlamışdı. İlk dəfə Azərbaycan əsilli Fransa diplomatı bura təyin olundu. O saat bu, onların xoşuna gəlmədi. İstəyirdilər ki, Alexis Chahtahtinsky onların göstərişi ilə burda Azərbaycana qarşı tənqidi çıxışlar etsin. Bu cür yanaşma müqabilində Azərbaycan rəsmiləri dedilər ki, ümumiyyətlə, bu ofisin qalmağına ehtiyac duymuruq. ATƏT-ə daxil olan ölkələrin tam əksəriyyətində nə xüsusi nümayəndə var, nə bir proqram koordinatoru. Azərbaycan XİN də dedi ki, yığışın, ofisinizi bağlayın gedin, vəssalam».

Alexis Chahtahtinsky ATƏT-in Bakı ofisinin status dəyişəndən sonra bir il qurumun Bakı Layihə Əlaqələndiricisi kimi çalışıb.

Rasim Musabəyov əmindir ki, qalmaqalın kökündə ABŞ-ın ATƏT-dəki nümayəndəsinin A.Chahtahtinsky-nin ünvanına səsləndirdiyi tənqidlər durur:

Rasim Musabəyov
Rasim Musabəyov

«Bəli. Deyirlər, sən niyə prezidentlə, xarici işlər naziri ilə görüşürsən? Elə adam göndərərdilər XİN-in heç üçüncü səviyyəli adamı ilə də kontaktı yaranmazdı. Bu nə yanaşmadır?.. Necə düşünürsünüz, həmin nümayəndənin prezidentlə və ya nazirlə eləmi tez-tez görüşmək imkanı var idi? Ola bilsin bir dəfə görüşüb, şəkil çəkilib. Bunu şişirtmək qərəzli yanaşmanın təzahürüdür. ATƏT zəif təşkilatdır. Onların elə bir missiyası da qalmayıb. Özləri üçün bir missiya kəşf ediblər - üç-dörd ölkənin başına ağıl qoymaq. Əlləri heç nəyə çatası təşkilat deyil. Azərbaycan deyir ki, ATƏT başqa ölkələrdə necə işləyirsə, burda da o səviyyədə işləsin. ATƏT-in burda xüsusi tələblərlə çıxış etməsinə mənəvi haqqı yoxdur».

İQBAL AĞAZADƏ: «ATƏT SƏDRİ YANLIŞA YOL VERDİ»

Milli Məclisin başqa üzvü İqbal Ağazadə isə bunları dedi: «ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı hələlik ciddi məlumatım yoxdur. Xarici İşlər Nazirliyi səbəblərini açıqlamayıb. Amma istənilən halda Azərbaycanın beynəlxalq təşkilatlarla açıq, şəffaf münasibətlərinin tərəfdarıyam. O cümlədən də ATƏT-lə Azərbaycan əməkdaşlığının tərəfdarıyam. Baxmayaraq ki, ATƏT əsas missiyalarından biri olan Minsk Qrupu vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində heç də ədalətli mövqe nümayiş etdirmir. Ancaq bununla belə demokratikləşmə və şəffaf cəmiyyət quruculuğu istiqamətində ATƏT-in imkanlarından yararlanmaq lazımdır, Bakı bu əməkdaşlıqda maraqlı olmalıdır. ATƏT-in Bakı ofisi də Bakıda fəaliyyət göstərməlidir. Açıq şəkildə təmaslara və məsləhətləşmələrə ehtiyac var».

Rəsmi Bakının bu addımından sonra belə bir sual da gündəmə gəlir - Bu o deməkdirmi ki, Azərbaycan yaxın gələcəkdə beynəlxalq qurumlarla işbirliyini dayandıra bilər? İqbal Ağazadə buna inanmadığını söyləyir.

İqbal Ağazadə
İqbal Ağazadə

«Sadəcə olaraq ATƏT-lə işbirliyini dayandırmağın səbəbi hələlik cəmiyyət üçün qaranlıqdır. Hakimiyyət bu səbəbi deməsə də, ancaq zaman-zaman bunun əsas prinsiplərinin nədən ibarət olduğunu biləcəyik. Bir deputat kimi bunun səbəbini araşdıracağam. Bunu doğuran səbəbi və bunun Azərbaycanın mənafeyinə uyğun olub-olmadığını araşdıracağıq. Mənim bugünkü baxışım budur ki, ATƏT-lə Azərbaycan arasındakı münasibətlərin bu səviyyədə olması və Bakı ofisinin qapadılmasıyla bağlı nota verilməsi Azərbaycanın maraqlarına xeyir vermir».

Bəs münasibətlərin bu həddə çatması Dağlıq Qarabağ danışıqlarında mənfi izini qoyacaqmı? Deputatın cavabı: «Gəldiyim qənaət budur ki, Serbiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri son bəyanatında yanlışa yol vermişdi. O demişdi ki, «Serbiyanın xarici işlər naziri kimi mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm, bu bizə tanış xətdir, amma ATƏT sədri kimi mən bu mövqeni ifadə edə bilmirəm». Bu, bir göstərici ola bilər. Bu da narahatlıq doğura biləcək məqamlardan biridir. Amma budurmu səbəb, deyə bilmərəm».

Bəs səbəblərdən biri də ATƏT-in Azərbaycanda siyasi islahatlar tələbləri, həbslərlə bağlı tənqidləri ola bilərmi?

İqbal Ağazadə deyir ki, ATƏT-in son dönəmdəki fəaliyyəti müsbət qiymətləndirilə bilməz. «Biz ATƏT-dən narazıyıq. Hər seçkilərdə ATƏT daha çox aktiv olurdu, nəinki builki parlament seçkilərində. İndi daha çox passivdir...».

XS
SM
MD
LG