Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:04

Cəmiyyətdə kreativlik niyə çox azdır?


RoboThespian
RoboThespian

-

YAPONLAR NECƏ İRƏLİLƏDİLƏR?

Bir xeyli əvvəlin söhbətidir. Sovetlərin vaxtında «Gənc texnik» jurnalı vardı. Orada insanlar, əsasən, gənclər öz texniki ideyalarını açıqlayırdılar. Təsəvvür edin, həmin jurnalı yaponlar da alır və oradakı texniki ideyaları mənimsəyib, praktikaya tətbiq edirmiş...

Beləcə, qarşımızda iki sosial-siyasi və iqtisadi sistem dayanır - keçmiş Sovetlər Birliyi və azad bazar iqtisadiyyatlı Yaponiya. Birində ideya vardı, o birində iqtisadi çeviklik və praqmatizm...

Bunu ona görə deyirəm ki, bəzi məsələlər həmişə düşündürür adamı: əsl kreativlik- yaradıcılıqüçün hansı sistem daha əlverişlidir? Özünüz baxın, Sovetlər Birliyində yüksək təhsil və ideyalar vardı, amma bu ideyalar praktikaya yol tapa bilmirdi, çünki sistem, böyük bürokratik əngəllər buna imkan vermirdi...

Yaponiyada isə daim ideya aclığı yaşanırdı. Hətta o vaxt yarızarafat-yarıciddi deyirdilər ki, bu ölkədə hamı iqtisadi kəşfiyyatla, iqtisadi casusluqla məşğul olur. Mən bunu tamam başqa rakursda anlayırdım - Yaponiyada ideya pul, əmtəə demək idi, onu, ən azı, satmaq olurdu...

Sovetlər Birliyində yüksək təhsil və ideyalar vardı, amma bu ideyalar praktikaya yol tapa bilmirdi, çünki sistem, böyük bürokratik əngəllər buna imkan vermirdi... Yaponiyada isə daim ideya aclığı yaşanırdı.

GÖRÜNÜR, TƏHSİL ƏVVƏLKİ KİMİ DEYİL...

Sovetlər Birliyində isə gözəl, aktual ideyalar qalın qovluqlarda yatırdı. Hər halda, bəs insanların kreativliyi nədən qaynaqlanırdı? Nədən indiki Rusiyada o cür ideyalar yoxdur? Halbuki sosial-siyasi və iqtisadi model də dəyişib. İndi düşüncənin praktikaya yolu çox qısalıb!..

Həmin suala, sadəcə, bu cavabı tapıram ki, görünür, məsələnin kökü təhsildədir, yəni Rusiyada təhsil əvvəlki səviyyədə deyil...

TACİR XALQ...

İndi keçək əsas məsələyə - Azərbaycana. Azərbaycanlılar fərasətli və çox praqmatik insanlardır. Amma təəssüf ki, fərasətimiz bəlli sferadan - alış-verişdən, bir az da mədəni ifadə etsək, ticarətdəno tərəfə keçmir.

Bunun səbəblərini çox düşünsəm də, bir nəticəyə vara bilməmişəm. Görünür, elə bunun da tarixi və mental səbəbləri var...

Biz özümüzə «alverçi...» və ya «tacir xalq» deyirik. Eləsə, səyyahlarımız niyə bu qədər az olub? Axı orta əsrlərdəki və bir az da ondan əvvəlki səyahətlər daha çox ticari məqsəd daşıyıb.

Biz özümüzə «alverçi...» və ya «tacir xalq» deyirik. Eləsə, səyyahlarımız niyə bu qədər az olub? Axı orta əsrlərdəki və bir az da ondan əvvəlki səyahətlər daha çox ticari məqsəd daşıyıb.

Amma orta əsrlərdən bəri neçə azərbaycanlı səyyahın adını çəkə bilərik? Mənim yadıma bircəciyi düşür. Üstəlik, bir məsələ də vardı ki, özəlliklə Şərq ölkələrini gəzməyi din də stimullaşdırırdı. Amma bunu nəzərə alanda da, yenə bitkin təsəvvür yaranmır...

İQTİSADİ AZADLIQLAR VAR, AMMA...

Qərəz, keçmiş keçmişliyində qalsın, gələk bu günə. İndi ölkə tamam azad olmasa da, qismən azaddır. Bəlli iqtisadi azadlıqlar var. Yaradıcılıq məsələləri də qismən azadlıq çərçivəsindədir. Amma kreativlik çox aşağıdır...

Bəzən bizə elə gəlir ki, azadlıq hər şeyi həll edir. Amma görünür, burada azadlıq haqqındakı təsəvvürlərimizə də toxunmaq lazımdır...

Bizdə azadlığı da, təəssüf ki, çox əcaib şəkildə anlayırlar - sənin əlini hər yerdən üzür və deyirlər ki, azadsan, get, istədiyin kimi yaşa. Əslində, bunu «Get, istədiyin kimi öl!» mənasında başa düşmək daha doğru olardı...

İnsanlara hüquq vermək, azadlığı da hüquq vasitəsilə təmin etmək gərəkdir. Bunlar olmasa, heç nə alınmayacaq. Özünün iqtisadi azadlığını reallaşdırmaq istəyən insanın qarşısında nə qədər maneə dayandığını sadalamaqla bitməz. Gerçək hüquq dövlətinin olmaması, inhisarçılıq və keçilməz bürokratik əngəllər, çox qüsurlu gömrük siyasəti o maneələrin heç də hamısı deyil...

Axı mədəniyyət sahəsində, demək olar, heç bir maneə yoxdur. Amma Vaqif Mustafazadə də yoxdur...

VAQİF MUSTAFAZADƏ YOXDUR...

Amma ölkədə yetərincə azad sahələr də var, məsələn, mədəniyyət... Nədən Azərbaycanda, sovetlərin vaxtında olduğu kimi, musiqiçilər yetişmir?

Axı mədəniyyət sahəsində, demək olar, heç bir maneə yoxdur. Amma Vaqif Mustafazadə də yoxdur...

Doğrusu, bunun da səbəbini bilmirəm. Biz çox istedadlı xalqıqsa, bunu dilə gətirməkdən yorulmuruqsa, niyə kreativliyimiz – düşünüb-tapmaq, qurub-yaratmaq istəyimiz azdır?

Deyə bilərlər ki, təklif tələbə bağlıdır - indi yalnız toy müğənnilərinə tələb var, ona görə də onlar istədiyin qədərdir... Amma mədəniyyətin sferası tək Azərbaycan deyil, burada Dünya var... Əslində, böyük ideyalar da elə dünyaya çıxmaq üçündür. Üstəlik, azadlıq da var, yeni, gənc Vaqif Mustafazadənin qarşısında, demək olar, heç bir maneə yoxdur... Amma gənclər hakim partiyanın «analoqu olmayan nailiyyətlər»ini vəsf edən musiqilər oxumağa və bəstələməyə üstünlük verirlər...

Bir sözlə, yenə də alınmır. Bəs səbəb nədir? Bəlkə təhsil kimi elə zövqlər də korlanıb? Axı zövqləri də təhsil və dünyagörüşü formalaşdırır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG