Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:55

Hüquq müdafiəçisi, Amnesty Bakıya buraxılmadı


Britaniyanın Platform London təşkilatından Emma Hughes AzadlıqRadiosuna deyib ki, onu aeroportda saxlayıblar. Amnesty International təmsilçilərinin də ölkəyə girişinə qadağa qoyulub

-

Britaniyalı hüquq müdafiəçisi deyir ki, iyunun 9-da Azərbaycana buraxılmayb. O, Bakı aeroportunda saxlanıb.

Britaniyanın Platform London təşkilatından Emma Hughes AzadlıqRadiosuna deyib ki, Bakıya Avropa Oyunlarını işıqlandırmağa gəlirmiş. Aeroportda ona deyiblər ki, adı qara siyahıya salınıb.

AKKREDİTASİYA VERİLİBMİŞ

Hughes Azərbaycanda insan haqlarının durumunu, eləcə də BP şirkətinin Prezident İlham Əliyev hökuməti ilə biznes əlaqələrini vaxtaşırı tənqid edənlərdəndir.

“Məni bayaqdan terminalda saxlayıblar,” Hughes deyib. İmmiqrasiya rəsmiləri ona bildirib ki, Bakıdan təyyarə ilə yola salınmaq üçün iyunun 11-dək gözləməli ola bilər.

Qərb rəsmiləri və insan haqları qrupları Azərbaycanı hökumətini opponentlərinə, jurnalistlərə və QHT-lərə qarşı təzyiq kampaniyası apardığı üçün tənqid edir. Ölkədə 100 “siyasi məhbus”un olduğu bildirilir.

İyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında isə 50 ölkədən 6 min atlet yarışacaq.

Hughes AzadlıqRadiosuna deyib ki, Azərbaycana buraxılmamasından təəccüblənib. Belə ki, ona akkreditasiya verilib və bilet alıb.

“Ölkəyə daxil ola biləcəyimi gözləyirdim, çünki mənə akkreditasiya vermişdilər və bilet satmışdılar”.

Hughes deyir ki, səfəri zamanı həbsdə olan insan haqları fəalı Rəsul Cəfərov da daxil olmaqla insan haqları müdafiəçilərinin işini monitorinq etməyi planlaşdırırmış. Cəfərov siyasi saydığı ittihamlarla 6.5 il azadlıqdan məhrum edilib.

QIRMIZI SİYAHI

Human Rights Watch təşkilatının tədqiqatçısı Giorgi Gogia da martda Azərbaycana buraxılmayıb, Bakı aeroportunda 31 saat saxlanıb.

Hughes Azərbaycana buraxılmayan gün hökumətyönlü APA agentliyi Platform London təşkilatını Britaniyanın böyük media orqanları ilə birlikdə Avropa Oyunlarını gözdənsalma kampaniyasından iştirakda, oyunların sponsor BP şirkətinə təzyiq göstərməkdə qınayan məqalə dərc edib.

“Masaya yaxınlaşıb pasportumu göstərdim. Pasportuma baxan qadın dərhal təhlükəsizlik xidmətini çağırdı. Onlar məni kənara çəkdilər. Dedilər ki, pasportumu yoxlayırlar və mən bir saat gözləməli oldum. Sonra mənə bildirdilər ki, qırmızı siyahıdayam və ölkəyə daxil ola bilmərəm,” Emma Hughes deyib.

***

Amnesty International (AI) beynəlxalq hüquq-müdafiə təşkilatı iyunun 10-da bildirib ki, Azərbaycan hökuməti qurumun Bakıya səfərinin qarşısını alıb. Təşkilat Avropa oyunları ərəfəsində insan haqları pozuntularına etiraz planlaşdırırdı.

Amnesty yaydığı bəyanatda bildirir ki, planlaşdırılan səfər təxirə salınmalı olub. Hökumət onlara deyib ki, təmsilçiləri oyunlar bitənədək ölkəyə buraxılmayacaq.

İRONİK QADAĞA

AI “Azərbaycan: Repressiya Oyunları. İlk Avropa Oyunlarında eşitməyəcəyiniz səslər” adlı brifinq keçirməyi planlaşdırırdı. Tədbirdə Oyunlar öncəsi müxalifət fəalları, jurnalistlər və fəallara divan tutulmasına işıq salınacaqdı.

Avropa Oyunları ərəfəsində ölkədə tənqidi səslərin sistematik susdurulmasına həsr olunmuş brifinqin keçirilə bilməməsi çox ironik səslənir

“Avropa Oyunları ərəfəsində ölkədə tənqidi səslərin sistematik susdurulmasına həsr olunmuş brifinqin keçirilə bilməməsi çox ironik səslənir,” Amnesty-nin Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev deyib.

“Mətbuat azadlığını və Olimpiya Xartiyasında əks olunmuş insan ləyaqəti dəyərlərini irəlilətmək bir yana, bu oyunlar dünyada repressiv rejimlərin daha da əl-qolunu açır ki, belə böyük idman tədbirlərindən beynəlxalq nüfuz və hörmət qazanılması üçün bilet kimi yararlansınlar”.

Amnesty Azərbaycan hökumətini “vətəndaş cəmiyyətinə sistematik təzyiqlər”ə görə ittiham edir. Hökumət isə bu və digər hüquq müdafiə təşkilatlarının ölkəyə qarşı qərəzli kampaniya apardığını bildirir.

XS
SM
MD
LG