Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:55

60 milyon insanın acı aqibəti


Qaçqın və məcburi köçkünlərinin sayı baxımından Suriya liderdir.
Qaçqın və məcburi köçkünlərinin sayı baxımından Suriya liderdir.

-

2014-cü ildə müharibə, münaqişə və təqib nəticəsində evlərindən didərgin düşənlərin sayı rekord həddə - 59 milyon 500 min nəfərə çatıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının illik hesabatında başqa faktlar da diqqət çəkir. Bildirilir ki, bir il öncə bu göstərici 51.2 milyon, on il öncə isə 37.5 milyon idi. 2013-cü ildən bu yana qaçqın və köçkünlərin, eləcə də sığınacaq istəyənlərin sayı sürətlə artmaqdadır.

Suriyada 2011-ci ildən bəri davam edən münaqişə rekord həddə çatan rəqəmlərə ayrıca töhfə verir. 2014-cü ildə, orta hesabla, 42 min 500 insan qaçqın düşüb, sığınacaq istəyib və ya ölkə daxilində yaşadığı yeri hər gün dəyişmək məcburiyyətində qalıb. Bu, son dörd ildə dörd dəfə artım deməkdir. Hazırda bütün dünya üzrə hər 122 nəfərdən biri ya qaçqın, ya məcburi köçkün, ya da sığınacaq istəyən adamdır.

BMT-nin qaçqınlar məsələsi üzrə baş rəsmisi Antonio Guterres bildirir ki, «get-gedə daha çox insan əziyyət çəkir, bədbəxtlikdən onların hamısına dəstək vermək imkanı yoxdur».

QAÇQINLARIN YARIDAN ÇOXU UŞAQLARDIR

Hesabatda son 5 ildə üst-üstə 15yeni münaqişənin yaranması və ya köhnə konfliktin yenidən baş qaldırması da əksini tapıb. Onlardan səkkizi Afrikada (Kot-dİvuar, Mərkəzi Afrika Respublikası, Liviya, Mali, şimal-şərqi Nigeriya, Konqo, Şimali Sudan və bu il Burundidə baş verən konfliktlər), üçü Orta Şərqdə (Suriya, İraq və Yəmən), üçü Asiyada (Qırğızıstan, Myanmanın bəzi yerləri və Pakistan) və biri Avropadadır (Ukrayna). Bu münaqişələrdən bəziləri həllini tapsa da, çoxuhələ də qalmaqdadır.

2014-cü ildə yalnız 126 min 800 qaçqın öz doğma ölkəsinə geri qayıda bilib. Bu, son 31 ilin ən aşağı göstəricisidir.

Hesabata görə, 2014-cü ildə 2010-cu illə müqayisədə dörd dəfə çox – 13.9 milyon adam yaşayış yerini dəyişməyə məcbur qalıb. Dünya üzrə qaçqınların sayı 2013-cü ildəki 16.7 milyon nəfərdən 19.5 milyon nəfərə çatıb. Öz ölkəsində 38.2 milyon adam məcburi köçkünə çevrilib. 2013-cü ildə bu göstərici 33.3 milyon olub.

BMT statistikasında sığınacaq istəyənlərin sayı da göstərilir – 1.8 milyon nəfər. Bu göstərici 2013-cü ildən bəri 600 min nəfər çoxalıb (o vaxt 1.2 milyon olub).

Qaçqınların yarıdan çoxunun uşaqlar olması hesabatın ən ağrılı məqamıdır.

ƏN ÇOX SURİYADAN QAÇIR VƏ ƏN ÇOX TÜRKİYƏYƏ SIĞINIRLAR

Qaçqın və məcburi köçkünlərinin sayı baxımından Suriya liderdir. Burada 2014-cü ilə olan rəqəmlərə görə, 3.88 milyon qaçqın və 7.6 milyon məcburi köçkün var. İkinci yerdə Əfqanıstan (2.59 milyon), üçüncü yerdə Somali (1.1 milyon) gəlir.

Ukraynadakı konflikt nəticəsində 219 min adam Qərbi Avropaya üz tutub, suriyalı qaçqınların da böyük əksəriyyəti Türkiyəyə sığınıb. Türkiyə 2014-cü ildə 1.59 milyon suriyalı qaçqına da sığınacaq verməklə dünyanın bu göstərici üzrə liderinə çevrilib. Avropa İttifaqında qaçqınlara ən çox sığınacaq verən ölkələrsə Almaniya və İsveçdir.

Ümumilikdə 2014-cü ilin sonunadək Avropaya sığınanların sayı 6.7 milyon nəfər olub. 2013-cü ildə bu rəqəm 4.4 milyon idi. Bu göstəricidə Türkiyəyə sığınan suriyalıların və Rusiyaya sığınan ukraynalıların payı daha böyükdür.

XS
SM
MD
LG