Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:39

“Gilan” şirkətinə ultimatum: Pulumuzu ver!


gilanholding.com
gilanholding.com

-

İyunun 23-də “Bakı İnşaat-2” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı baş tutdu.

Yığıncaq minoritarlarla nəzarət səhm zərfinin sahibi olan “Gilan” MMC-nin nümayəndələri arasında müəyyən gərginlik yaşandı.

Bu müəssisə keçmiş 2 №-li Bakı evtikmə kombinatının bazasında yaradılıb. ​

“Gilan” şirkəti Dərnəgüldə 6,32 hektar sahədə yerləşən bu müəssisəni 2008-ci ilin avqustunda keçirilmiş investisiya müsabiqəsində alıb.

Amma şirkət kombinatın 96,97 faiz səhmini mülkiyyətinə asanlıqla qəbul edə bilməyib. İnvestisiya müsabiqəsinin şərtlərini icra etməkdə yubanan “Gilan” az sonra əmək kollektivi ilə məhkəmədə görüşməli olub.

Ali Məhkəməyədək uzanan məhkəmə prosesində inşaatçılar öhdəliklərin yerinə yetirilməməsi səbəbindən müsabiqənin nəticələrinin ləğvini istəyiblər.

HƏM UĞURSUZ, HƏM UĞURLU...

Səhmdarları məhkəmədə təmsil etmiş Vaqif Hacıbəyli Azadlıq Radiosuna deyib ki, məhkəmənin nəticəsi minoritarlar üçün uğursuz olsa da, iddiaçılar “Gilan”a müəyyən öhdəlikləri yerinə yetirməyə məcbur edə biliblər.

Vaqif Hacıbəyli
Vaqif Hacıbəyli

Belə ki, şirkət dövlət büdcəsinə 4,5 milyon manat köçürmək, 50 min ədəd özəlləşdirmə çekini silinmək üçün təqdim etmək kimi öhdəliyə əməl olunub. Öhdəliklər arasında 231,5 min manat əmək haqqı borcunun ödənilməsi də olub.

Maraqlıdır ki, o zaman Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) investisiya müsabiqəsinin nəticələrini müəmmalı şəkildə gizli saxlayıb.

Müsabiqənin qalibi ilə ƏMDK arasında bağlanmış müqavilənin icra müddəti isə bir neçə dəfə uzadılıb.

Belə ki, “Gilan” dövlət qarşısında öhdəliyini bir il yarım ərzində icra etməyə boyun olsa da, sonradan bu müddət bir neçə dəfə uzadılıb.

Bu, 1996-ci ildən bəri Azərbaycanda özəlləşdirmə proqramının icrası dönəmində sıradan biri olmayan hadisədir.

Bir qayda olaraq, ƏMDK öhdəliyini vaxtında icra etməyən investorlara aman vermir.

Məsələn, “Bakelektroavtomat” ASC-nin səhmləri “Barmek Azərbaycan” şirkətindən hətta müqavilənin bitməsini gözləmədən, ilk mərhələnin icrasında aşkar edilən yubanma səbəbindən geri alınmışdı.

Oxşar vəziyyət “Daşkəsən Filizsaflaşdırma” ASC ilə “Det.Al Holding” şirkətinin başına da gətirilmişdi.

Səhmdarlar deyirlər ki, ötən ilədək səhmdar cəmiyyətinin səhmləri “Gilan”ın mülkiyyətinə keçməmişdi. Yəni, səhmlər hələ də dövlət mülkiyyətində qalırdı.

ONLARIN "DƏRDİ" BAŞQADIR

2008-ci ildən bəri kombinatın fəaliyyət(sizliy)indən xeyir görməyən kiçik səhm sahiblərinin tələbi isə başqa olub. Onlar “Gilan”dan səhmlərinə görə düşən payı tələb edirlər.

İyunun 23-də keçirilən ümumi yığıncaqda isə qiymətli kağız sahiblərinin reyestrində “Gilan” MMC-nin də adı var idi. Hüquqi baxımdan bu, o deməkdir ki, şirkət öhdəliklərin icrasını başa çatdıraraq, səhmlərin tam mülkiyyətçisinə çevrilib.

Səhmdarların sözlərinə görə, məhkəmələrdə ƏMDK ilə “Gilan” MMC arasında “Bakı İnşaat-2” ASC-yə sərmayənin cəlb olunmasına dair müqavilə ortaya çıxarılmasa da, söhbət cəmiyyətin fəaliyyətinin qismən bərpa edilməsi üçün 800 min manat vəsait qoyuluşundan gedib.

Şirkət burada beton zavodu qurub, amma uzun müddət işlədə bilməyib və icarəyə verməli olub. İcarədar da işini bir neçə ay olar dayandırmalı olub. Bu və başqa sahələrin icarəsindən gələn gəlirlər, onun istifadəsi idə kiçik saəhm sahiblərini elə də maraqlandırmır. Onların “dərdi” başqadır.

Ümumi yığıncağın gündəliyində duran məsələlərdən biri də “Cəmiyyətin yeni səhmlərinin buraxılması yolu ilə əlavə investisiya cəlb edilməsi” olub. 2008-ci ildən bəri kombinatın fəaliyyət(sizliy)indən xeyir görməyən kiçik səhm sahiblərinin tələbi isə başqa olub. Onlar “Gilan”dan səhmlərinə görə düşən payı tələb edirlər.

“Cəmiyyətin İdarə Heyətinin sədri Uğur Mərdanovdan istəyimizin holdinqin rəhbərliyinə çatdırmağı tələb etdik. Əks halda səhmdarlar Avropa oyunlarından sonra daha qəti addımlar atacaqlar” - adının çəkilməsini istəməsən səhmdarlardan biri Azadlıq Radiosuna belə deyib. Tələbin icrası üçün bir ay vaxt verilib.

Qanunvericiliyə əsasən, əmək kollektivinin üzvlərinə səhmdar cəmiyyətinin 15 faiz səhmini almaq hüququ verilir. “Bakı İnşaat-2” ASC-nin bu hüququ olan 521 işçisinin 340-ı 2008-ci ildə səhm sahibi ola bilib.

O zaman onların hərəsindən 72,25 özəlləşmə payı (1 pay 4 çek deməkdir) tələb edilirdi. İşçilər imkan taparaq 30 404 çek təqdim etməklə 379 692 səhmdən 76 597-ni, yəni buraxılan qiymətli kağızların 3,03 faizini əldə edə biliblər.

“Səhmin nominal qiyməti 2 manatdır. Bir neçə il bundan öncə “Gilan” MMC onlar üçün bizə 10 manat təklif etsə də biz razılaşmadıq. İndi görək şirkət bizimlə hansı qiymətlə hesablaşacaq”, səhmdar belə deyir.

Qeyd edək ki, 2 nömrəli evtikmə kombinatı 1 nömrəli kombinatla qonşuluqda yerləşir. Səhmdarlar deyirlər ki, gələcəkdə ümumi sahəsi 11 hektardan yuxarı olan bu ərazidə yaşayış kompleksi inşa edilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG